Baharın klassik və qəşəng plaş dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Baharın klassik və qəşəng plaş dəbi - FOTOLAR

Bahar aylarını plaşsız təsəvvür etmək mümkün deyil. Onlar bahar obrazını inanılmaz dərəcədə cazibədar göstərirlər. Havalar getdikcə isinsə də, aprel yağışını da nəzərə almaq lazımdır. Plaşlar bu baxımdan çox əlverişlidir. Çünki onlar həm yağışlı, həm də isti günlər üçün ideal seçimdir. Üstəlik, plaşlar əsla dəbdən düşməyən klassik geyim hesab olunur. Əgər plaşınız yoxdursa, özünüzə mütləq bir plaş alın. Onun sizi eleqant göstərdiyinə heyran qalacaqsınız.

Bu bahar dizaynerlər çox maraqlı və çeşidli plaş modelləri təklif edirlər. Ona görə də, tez ötüşən trendlərin təsirinə düşmədən, illərlə istifadə edə biləcəyiniz plaş tapmaq çətin məsələ deyil. Mövsüm trendlərinə uyğun plaşlara pul xərcləmək yerinə, hər il geyinə biləcəyiniz klassik açıq, krem tonlarında plşlara xərcləmək daha məqsədə uyğun olardı.

Boyunuz qısadırsa, uzun plaş deyil, diz xəttində bitən plaş alın. Uzun boylu xanımlara isə daha çox uzun plaşlar yaraşır. Plaş seçərkən əyninizə tam oturmasına diqqət edin.

2015-ci ilin yaz trendlərinə nəzər salsaq, bu mövsüm işləməli, rəngli, oversized (bol) modellərin aktual olduğunu müşahidə edərik. Hətta muncuq, mirvari, krujeva işləmələri diqqət çəkir. Klassik krem rənglərindən başqa, tünd göy, bənövşəyi, xardal, xallı, mavi kimi rəngləri çox dəbdədir. Astar rəngi başqa rəngdə olan plaşların qollarını qatlayan zaman çox eleqant görünür.

Hərbi tərzə üstünlük verən xanımlar üzərində iri düymələri olan xardal və torpaq rəngli modellərə yönələ bilər. Bu cür modellər qadın duruşunu çox qəşəng göstərir.

Plaşları klassik bluzkalar, köynəklər, şalvarlar, cinslərlə geyinərək sadə stil sahibi ola bilərsiniz. Don geyinməyi sevən xanımlar plaşın altına qısa don və yubkalar geyinə bilərlər. Lakin ayaqqabı hündür olmalıdır.

Klassik və qəşəng plaş

2015-ci ilin yazında plaşlar hər zamankı populyarlığını qoruyub saxlaya bilib. Klassik rəngli plaş modelləri bahar ayının enerjili rəngləri ilə birlikdə istifadə etdikdə çox gözəl görünür.

Fərqli rənglər, qeyri-adi kəsimli plaşlar

Yeni mövsümdə özünəməxsus bir stil yaratmaq istəyənlərin qarderobunda fərqli rənglər, qeyri-adi kəsimli plaşlar əsas yer tutur. Məsələn, xallı plaşı üzərində olan rənglərlə birlikdə dəstləşdirdikdə bahar obrazı daha qüsursuz görünür.

Karnaval abı-havası

Plaşlarda diqqətçəkən karnaval rəngləri də şıq bahar obrazı yaradır.

Cins və kətan plaşlar

Gündəlik rahat və “casual” stilə üstünlük verənlər üçün ən yaxşısı cins plaşlardır. Cins və kətan parçadan tikilən mavi və ağ plaşlar yaz mövsümünə çox yaraşır. 2015-ci ilin aksessuar dəbinə cins və kətan parçalardan hazılanmış çantalar da daxildir. Onlar çox aktual olduğu üçün obrazınızı cins çantalarla tamamlayın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm