Mövsümün yeni dəb cərəyanı: Ağ dəstlər - FOTOLAR
Bizi izləyin

Dəb

Mövsümün yeni dəb cərəyanı: Ağ dəstlər - FOTOLAR

Yazın gəlişi hər tərəfin canlanması, oyanması və yeni həyat deməkdir. Bu canlanmanı və təmizliyi isə ağ rəng daha yaxşı ifadə edir. Bu baxımdan ağın mövsümün ən populyar rənglərindən biri olması təəccüblü deyil. Odur ki, ağ paltar dalğası yaz aylarından başlayaraq, yayın sonunadək davam edir və mövsümün əsas trendinə çevrilir.

Artıq bir neçə ildir ki, dizaynerlər yaz-yay kolleksiyalarında ağ rənglərə geniş yer ayırır. Dizaynerlər ağla birləşdirəcək rənglərlə bağlı tam azadlıq verirlər. Onu istədiyiniz rənglə kombinə etmək haqqınız var.

İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. Buna görə də ağı başqa rənglərlə uyğunlaşdırmaq çətin deyil. O, bütün tünd rənglərlə əla görünür. Lakin başdan ayağa ağ geyinən xanımlar tamamilə fərqli görünür. Xüsusilə, ağ pencək-ağ şalvar daha populyardır və çox nəcib görünür.

Yüngül, soyuq və sakitləşdirici təsirə malikdir!

Psixoloqlar da öz növbəsində iddia edirlər ki, ağ geyinən adamlar hər zaman müsbət emosiyalar doğurur və diqqəti dərhal cəlb edirlər. Çünki ağ insanın enerji sistemini tarazlamaq qabiliyyətinə malikdir.

Fikir vermisinzisə, ağ rəng müxtəlif cür görünür. Bu isə ağın bir çox tonları olması ilə bağlıdır. Ağın karamel, solğun-krem, süd, fil dişi, boztəhər, tabaşir, qar və sairə tonları var.

Əgər dəri rənginiz solğundursa, ağappaq rəng seçin. İsti rənglər solğun dərili insanlara yaraşmır, yuxusuz görünəcəksiniz. Süd və krem rəngləri tünd dəriyə sahib olanlar üçün daha uyğundur, soyuq rənglər isə əksinə, onlara yaraşmadığı üçün həmin şəxsə boz rəng verir.

Ağ rəngli geyimlər minimalist üslubda daha çox istifadə olunur. Ciddi xarakterli insanlar çox vaxt bu rəngə üstünlük verirlər.

Çoxları elə düşünür ki, başdan ayağa ağ geyim çox darıxdırıcı görünür. Əslində isə, obrazı füsunkar göstərmək sizin əlinizdədir. Belə ki, ağ dəsti parlaq dırnaq boyaları, moruq və qırmızı dodaq boyası, həmçinin, əlvan rəngli ayaqqabı və aksessuarlarla uyğunlaşdırın. Unutmayın ki, ağ rəngli paltarları qızılı, gümüşü, xaki və qəhvəyi aksessuarlarla tamamladıqda obrazı gözəlləşdirir.

Bijuteriyanın üzərinizdəki payını artırın. Ağacdan və metaldan düzəldilən aksessuarlara üstünlük verin. Sarafanlarla taxta qolbaqların dueti çox gözəl alınır.

Unutmayın ki, ağ vizual effektlərə qadirdir. Məsələn, ağ rəngli ayaqqabı vizual olaraq boyu uzadır, ağ rəngli top isə qadın formalarını vurğulayır. Əgər sizin ölçüləriniz çox böyük deyilsə, onda incəliyinizi və zərifliyinizi vurğulayan krujevalı ağ paltarlara üstünlük verin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm