Hündür və zərif göstərən paltarlar - Fotolar
Bizi izləyin

Dəb

Hündür və zərif göstərən paltarlar - Fotolar

Bəzi xanımlar qısa boylu və kök olmağını kompleksə çevirir və geyim seçimində daha çox problemlərlə üzləşirlər. Əlbəttə ki, hündürdaban ayaqqabıların qısa boylu xanımları uzun və zərif göstərmək üçün birinci çıxış yolu olduğunu inkar edə bilmərik. Amma yeganə çıxış yolu hündürdaban ayaqqabılar deyil. Doğru geyim seçərək boyunuzu olduğundan bir neçə santimetr daha uzun göstərmək mümkündür. Miroslava Duma, Selena Qomez kimi qısa boylu dəb ilahələrini buna nümunə göstərmək olar. Onlar qısa boylarını məharətlə gizlədərək diqqəti tamamilə başqa detallarla yönəldirlər.

Qısa boylu xanımlar geyim seçərkən bir neçə nüansa xüsusi diqqət yetirməlidirlər. Elə modellər var ki, onlar qısa boylu xanımların boyunu vizual olaraq daha da qısa göstərir. Publika.az qısa boylu xanımları hündür göstərən gözəllik hiylələrini təqdim edir:

Hündür bel şalvarlar: Hündür bel şalvarlar ayaqları hər zaman olduğundan daha uzun göstərir. Cins, yaxud naxışlı hündür bel şalvar və şortlar qarderobunuzun ayrılmaz geyimi olmalıdır.

Monoxrom stil: Monoxrom stil başdan aşağı eyni rəng geyinmək deməkdir. Monoxrom stildə neytral, boz, mavi kimi rəngləri seçsəniz, boyunuz olduğundan daha uzun görünəcək. Tək rəng geyimlər qadını vizual olaraq uzun və zərif göstərir.

Mini ətəklər: Ayaqları uzun göstərən mini ətəklər adətən illüziya təsiri yaradır və sizi olduğunuzdan daha uzun göstərir. Mini ətəkləri qışda da qalın, qara corabla geyinərək daha uzun görünə bilərsiniz.

Neytral hündürdabanlar: Hər qadının şkafında ən azı bir cüt neytral rəngli hündürdaban ayaqqabısı olmalıdır. Demək olar ki, hər geyimlə uyğun gələn neytral rəngli ayaqqabılar ən çox qısa boylu qadınlara yaraşır. Dəri tonuna uyğun rəngdə ayaqqabı ilə hər zamankından daha uzun görünəcəksiniz.

Maksi paltarlar: Qısa boylu qadınlar adətən maksi paltarlardan uzaq durur. Ancaq maksi donları doğru ayaqqabı ilə kombinə etsəniz, heç də düşündüyünüz kimi qısa boylu görünməyəcəksiniz. Xüsusilə tanketka və platforma ayaqqabılar maksi paltarlarla gözəl harmoniya yaradır.

Uzun zolaqlar: Uzun və düz xətli paltarların yaratdığı göz illüziyasından istifadə edərək uzun görünə bilərsiniz. Üfüqi zolaqlı kofta və şalvarlar boyunuzu bir neçə santimetr daha uzun göstərir. Alış-veriş zamanı xüsusilə tünd rənglərə daha çox müraciət etməyi unutmayın. Lakin çox arıq deyilsinizsə, üfüqi zolaqlı paltarlarla bir qədər ehtiyatlı davranmaq lazımdır.

Platforma dabanlar: Platforma dabanlar qısa ayaqlı qadınların ən yaxın dostudur! Boyu olduğundan uzun göstərən bu ayaqqabılar qısa boylu xanımların stilinin ayrılmaz bir hissəsi olmalıdır.

Qısa ayaqlı qadınların bilməli olduğu dəb məsləhətləri

Ayaqqabıların rəngi corabın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmə geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburunlu ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaq boylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 sm. olmalıdır.

Çəkmələrə gəldikdə isə klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin.

Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlara daha çox üstünlük verin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir.

Şalvar və ətəklərin beli incə olmalıdır. Qalın kəmərlər taxmaq olmaz!

Yaxşı tikilmiş, əyninizə kip oturan düz paltarları seçin.

Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.

Düymələr, zəncirbəndlər və digər detalların olmamasına diqqət yetirin.

Hər zaman eyni rəng tonunda paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir.

Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat deyilsinizsə, daha qalın dikdaban, rahat tanketkalara müraciət edə bilərsiniz.

Duruşunuza diqqət yetirin və dik gəzdiyinizdən əmin olun.

Bunları heç vaxt geyinməyin!

Bol kəsimlər

Dizdə bitən dar ətəklər

Aşağı bel şalvarlar

Yarım çəkmələr

Qısa boylu məşhurlar boyunun qısalığını necə ört-basdır edir?

Miraslova Duma qısa boyunu daha uzun göstərmək üçün mini paltarları incə yüksək dikdabanlarla, çox uzun paltarları isə platforma dikdabanlarla geyinməyə üstünlük verir. Beləcə ayaqları boyunu daha uzun göstərir. Ümumiyyətlə, o, tək rəng paltarlardan daha çox istifadə edir.

Penelope Kruz gündəlik həyatında belə əsla özünü olduğu kimi göstərmir. Uzun və enli balaqlı cinsləri platformalarla geyərək, boyunun qısalığını gizlədə bilir. Ya da çox qısa şortlar geyərək, ayaqlarını olduğundan uzun göstərir. Əsla qısa şalvarlar geyinmir. Çünki qısa şalvarlar qıç boyunu ikiyə bölür.

Salma Hayek balıq ətli, amma mütənasib bədənə sahib olan qadındır. Əksər hallarda dizin üstündə bitən paltarlar geyinir. Geyindiyi paltarların tək rəng və bellərinin dar olmasına fikir verir. Beləcə həm uzun boylu, həm də zərif görünür.

Uzun ayaqlar

Ayaqları uzun göstərmək üçün hündür dabanlar heç də hər zaman əlverişli çıxış yolu olmur. Çünki onların üstündə gəzmək heç də həmişə asan başa gəlmir. Ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin. Çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm