Dəbin tapdanmış qayda-qanunları
Bizi izləyin

Dəb

Dəbin tapdanmış qayda-qanunları

Elə bir dövrdə yaşayırıq ki, dəb hər saniyə yenilənir. Onun nəbzini tutmaq qeyri-mümkündür. Artıq dəbin qoyduğu-qanunların da bir o qədər əhəmiyyəti qalmayıb. Zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər də öz fantaziyalarını çərçivəyə sığışdıra bilmir və çox vaxt bunun əksinə gedərək müvəffəqiyyət qazanırlar. Ümumi qayda-qanunlar artıq heç kimin diqqətini çəkmir. Bunlar dəyişdiyinə görə, dəbin sizi idarə etməsinə icazə verməyin. Stilinizdə özünüzün qoyduğu dəb qanunlarını diktə edin!

Belə ki, hər insan öz geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuram. Ancaq özünəməxsusluğu ilə fərqlənənlər modapərəst adına layiq görülə bilər. Dəb formalaşana qədər çətin yollardan keçib. Hansı ki, bir zamanlar onları tapdalamaq qadın üçün bağışlanmaz səhvə bərabər idi. Sizə dəbin qadağan olunmuş qaydalarından danışacağam.

Məsələn, əvvəllər çanta ilə ayaqqabının eyni rəngdə olması tələb olunurdu. Ancaq modern dizaynerlər bu fikirlə razılaşmır. Onların qənaətinə görə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər diqqət çəkər. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metal rəngli klatç, parlaq rəngli ayaqqabı ilə uyğunlaşır.

Bir vaxtlar qara ilə göy və qəhvəyi rəngin uyğunluğu haqqında söhbət gedə bilməzdi. İndi isə bu üç rəngi məharətlə uyğunlaşdırırlar. Onları sadəcə axtarıb tapmaq lazımdır.

Qızılı və gümüşü aksessuarları birlikdə istifadə etmək böyük zövqsüzlük hesab olunurdu. Zərgərlik üzrə mütəxəssislər bu qaydanı birdəfəlik siliblər. Belə ki, qızıl sırğalar, gümüşü qolbaqlar, metal kulonlu boyunbağı, daş-qaşlı üzüklər və dəmir toqqalı kəmərlər dəb aləmində bu gün bir harmoniya təşkil edir.

Bir neçə il bundan qabaq müxtəlif naxışlı donları geyinmək dəb qanunlarına zidd idi. Müasir dövrümüzdə isə, əksinə belə geyimlər yüksək zövq mədəniyyətinin carçısı hesab olunur.

Əvvəllər parıltılı pulcuqlarla bəzədilmiş donlar, yalnız müxtəlif ziyafətlər üçün nəzərdə tutulurdu. Bu gün isə belə parıltılı paltarları gündəlik həyatda da istifadə etmək olar.

Dəb qanunlarında mirvariləri ancaq gecə geyimləri ilə geyinməyə icazə verilirdi. Karl Leqerfeld “Chanel” üçün hazırladığı kolleksiyası ilə sübut etdi ki, iri mirvariləri hətta idman ayaqqabıları ilə geyinmək olar.

Bir vaxtlar 35 yaşdan yuxarı xanımlara mini paltar geyinmək qadağan edilmişdi və ədəbsizlik hesab olunurdu. Müasir dövr isə bunun tam əksini göstərir. Gözəl və biçimli ayaqlar hər yaşda ola bilər. Niyə də belə gözəl ayaqlara və qamətə malik olan xanımlar onları gizlətməlidirlər. Dünya ulduzları arasında yaşı 40-50-ni keçən, lakin hələ də cazibədar bədən quruluşu ilə diqqət çəkən gözəllər az deyil.

Uzun ətəkli donlar bəstəboy xanımlara yaraşmır. İndi isə dəb ustaları belə nəticəyə gəliblər ki, bəstəboy xanımlar uzun ətəkli donlardan çəkinməməlidir. Bunun üçün daha çox yüngül parçadan tikilmiş donlardan istifadə etmək lazımdır. Bu şərtlə ki, qamətinizi pozmasın və hündür daban ayaqqabını da geyinməyi unutmayın.

Bir-birinə uyuşmayan rənglər bütün geyimin harmoniyasını poza bilər. Bu günün dəbi isə onu göstərir ki, müxtəlif rənglərin qarışığı surətinizin əsas özəlliyi ola bilər və sizi klassik ağ-qara rənglərdən fərqləndirər.

Başdan ayağa cins geyinmək dəb qaydalarını yıxıb sürüməyə bərabərdir. Dizaynerlər hesab edir ki, seçilmiş müxtəlif rəngli cinslər sizi bənzərsiz edə bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm