Kişi köynəyində qadın cazibəsi – FOTOLAR
Bizi izləyin

Dəb

Kişi köynəyində qadın cazibəsi – FOTOLAR

Vitrinləri bəzəyən köynək paltarların yanından laqeyd keçmək mümkün deyil. Bu fasonun əlverişli olması sayəsində o, demək olar ki, bütün bədən quruluşlarına yaraşır. Bunun sirri biçimin universal olmasıdır. Universal, seksual və çox dəbli fason kişi köynəyinin bütün üstünlüklərini özündə birləşdirib. Kişi qarderobundan iqtibas olunan digər geyimlər kimi o da qadını çox cazibədar göstərir. Bu universallığı sayəsində köynək paltarlar heç vaxt dəbdən düşmür. Üstəlik, onu hər yerə geyinmək olar.

Onlar ötən əsrin 70-ci illərində dəbə miniblər. Həmin illərdə köynək paltarlar dəbdə əsl gurultu yaradaraq, "yeni trend dalğasının" simvoluna çevrilmişdilər. Bu gün təklif olunan köynək paltarlar onların müasir versiyalarıdır. Dizaynerlər köynək paltar fasonlarını inkişaf etdirərək onları daha orijinal və fərqli üslubda təklif edirlər. Lakin fasonun klassik elementləri qorunub saxlanılır.

Ənənəvi olaraq bu modellər sərbəst, düz biçimdə olur, optimal uzunluğu isə dizlərə qədərdir. Beli isə nazik kəmər vurğulayır. Fasonun əsas fərqləndirici cəhəti paltarın önünün klassik kişi köynəyi kimi ilgəklə və düymələrlə bağlanmasıdır. Belə fason silueti mükəmməl şəkildə yığaraq, onu düzgün göstərir.

Onlar gündəlik obraz üçün çox rahatdır. Lakin fasonun universallığı sayəsində bu aktual üslub romantik və işgüzar görüşlər üçün də olduqca uğurlu seçimdir. Məhz bu üstünlüklərinə görə köynək paltarlar yay qarderobunun əvəzolunmazdır.

Zərif ipək, şifon, kətan, pambıq kimi yüngül parçadan tikilən sərbəst, parlaq rəngli modellər qadınsayağı volan və sərhəd tanımayan drapirovkalarla bəzədilib. Bəzəklər sayəsində paltar çox effektli görünür, onlar silueti qüsursuz şəkildə vurğulayırlar. Köynək paltarları mövsümün digər trendi cins parçalarla birləşdirdikdə çox maraqlı görünürlər.

Minimalizm tərəfdarlarına adətən tək rəngli köynək paltarlar təklif olunur. Amma siz müxtəliflik axtarışındasınızsa, narahat olmayın. Mağazalarda gül, çiçək motivlərinə də rast gələ bilərsiniz.

Köynək paltarın zəngin, parlaq rəng qammalarında olan parçalardan tikilmiş klassik versiyaları effektli təsiri bağışlayır.

Bu paltarı istənilən geyimlə birləşdirmək olar. Lakin ayaqqabı seçiminin uğurlu olması çox vacibdir. Fason nə qədər qısa olarsa, ayaqqabının dabanı bir o qədər qısa olmalıdır. Dəb tənqidçiləri bu fasonu qladiator səndəlləri, demokratik baletkalar və ya ekstravaqant espadrillərlə birləşdirməyi təklif edirlər. Dizdən aşağı variantları tanketkalar, qalın daban ayaqqabılarla çox gözəl uzlaşır.

Qlamur yay obrazı yaratmaq üçün çanta seçimində mini variantlara üstünlük vermək məsləhət görülür. Amma bu o demək deyil ki, köynək paltarlar böyük çantalarla uyğun gəlmir.

Obrazı tamamlayan aksessuarlar barədə əlbəttə ki, unutmaq olmaz. Bu yay köynək paltarları etnik və güclü təsir bağışlayan avanqard üslubda əşyalarla uzlaşdırmaq xüsusilə dəbdədir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm