Yeni dəb tendensiyası: qadın geyimində rəng bloku nədir? - FOTOLAR
Bizi izləyin

Dəb

Yeni dəb tendensiyası: qadın geyimində rəng bloku nədir? - FOTOLAR

Moda ilə yaxından maraqlanırsınızsa, rəng blokunun 60 və 80-ci illərdə olduqca dəbdə olduğundan xəbəriniz var. Bu yay dizaynerlər rəng bloku üslubuna yenidən qayıtmaq qərarına gəliblər. Rəng bloku müasir moda ilə birləşdikdə çox maraqlı görünür. Şübhəsiz ki, bu tendensiyaya ən çox cəsarətli rənglərdən qorxmayan modapərəstlər müraciət edəcək.

Rəng bloku dedikdə qarderobda ən uyğunsuz müxtəlif rənglərin qarışığı nəzərdə tutulur. Bir ansamblda iki və üç parlaq rəng qarşı-qarşıya qoyulur. Lakin onların vəhdəti gözləri yormamalıdır. Bu üslub xanımlara dəstə birdən çox parlaq rəng seçmək imkanı verir. Həm də obrazı şənləndirir. Rəng bloku özlüyündə bir neçə rəngi birləşdirdiyi üçün maksimalist üslub hesab olunur. Amma yumşaq rənglərin birləşməsi sayəsində də rəng blokunun minimalist versiyasını yaratmaq olar. Bu da sizin rənglərin harmoniyasını tanımaq qabiliyyətinizdən asılıdır.

Rəng bloku əsasən çanta dizaynında istifadə olunur. Əlbəttə ki, yayın gəlişi ilə rəng bloku özünü geyimlərdə də göstərir. Müxtəlif rənglərin qarışığından ibarət paltarlara, demək olar ki, hər yerdə rast gəlmək olar.

Nəzərə almaq lazımdır ki, rəng bloku üslubu rəqabətə dözmür və obrazda ancaq bir yerdə iştirak etməlidir. Ya çantada, ya geyimdə, ya da aksessuarlarda. Bu halda digər elementlər dəst ilə ahəngdar surətdə uyğunlaşacaq.

Dəb mütəxəssisləri bu üslubun qüsursuz alınması üçün əlinizə keçən rəngləri qarışdırmağı yox, bir parlaq rəng seçib onun üzərində işləməyi tövsiyə edirlər. Əks halda, parlaq rənglərin birləşməsi moda fəlakətinə gətirib çıxara bilər. Əgər risk etmək istəmirsinizsə, üstünlüyü rəng blokunun istifadə olunduğu sadə həndəsi fasonlara verin. Bu üslubun ən bariz nümunələri qara, kənarları ağ xətli şalvarlardır. Belə yanaşma geyimi maraqlı göstərir, sahibini isə daha cəlbedici edir.

Rəng blokunun ən geniş yayılmış variantları bunlardır: ağ və sarı, göy və qırmızı, bənövşəyi və tünd-göy, tünd-qırmızı və bənövşəyi, narıncı və mavi, narıncı və yaşıl, sarı və yaşıl və s. Qara, qırmızı ilə ağın klassik vəhdəti də hər zaman aktualdır. Əgər çətinlik çəkirsinizsə, dərhal göy qurşağının rənglərini xatırlayın. O, sizə rəng blokunun ən təsirli variantını yaratmaq imkanı verəcək.

Ayaqqabıya xüsusi diqqət yetirmək lazımdır. Ayaqqabıların rəng bloku üslubu geyim qədər populyar trend deyil. Üstəlik, geyimdə rəng bloku üslubunun qaydaları tətbiq olunubsa, ayaqqabı birrəng olsa, yaxşıdır.

Amma gündəlik, sadə geyimi rəngarəng ayaqqabı ilə birləşdirdikdə sizin obrazınız parlaq və təsirli alınacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm