Doğum gününü qeyd edən Leyla Əliyevanın qüsursuz stili - FOTOLAR
Bizi izləyin

Dəb

Doğum gününü qeyd edən Leyla Əliyevanın qüsursuz stili - FOTOLAR

İctimai xadim, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan "Баку" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi Leyla Əliyeva bu gün 30 yaşını qeyd edir.

Lakin Leyla Əliyevanı insanlara sevdirən bir xüsusiyyəti də zövqlü olmasıdır. Fəal ictimai fəaliyyətlə məşğul olmaqla bərabər, o, özünəməxsus üslubu ilə fərqlənməyi bacarır, geyimlərinə xüsusi diqqət ayırır. Xanımlar onun atdığı hər bir addımı yaxından izləyir və onun stilini təqlid etməyə çalışırlar. Çünki Leyla Əliyavanın adı eleqantlıqla sinonimdir. Onun üslubu sadəliyi və zərifliyi təbliğ etsə də, hər çıxışı insanlarda heyrət doğurmaq gücünə malikdir. O, geyim üslubunda şərq motivlərini qərb tendensiyaları ilə uyğunlaşdıraraq, əsl şahzadə obrazı yaradır. Leyla Əliyeva onu heyranedici göstərən rənglərin harmoniyasını əla hiss edir. Onun dəbdəbəli geyimlərindəki dərin dolğun çalarlar parlaq zahiri ilə ideal şəkildə uyğunlaşır. Elə buna görə də Leyla Əliyeva öz ideallığı və seçdiyi sadə donlar sayəsində dəb tənqidçilərinin də müsbət rəyini alaraq dəb ikonası titulunu qazanıb. Təkcə Azərbaycan mətbuatı deyil, Rusiya mətbuatı da tez-tez Leyla Əliyevanın özünəməxsus stili haqqında yazır.

İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Bu mənada Leyla Əliyevanın zərif üslubunu nümunə göstərmək olar. İştirak etdiyi rəsmi ziyafətlərdə, dövlət tədbirlərində, xarici səfərlərdə, bayram və digər xüsusi günlərdə tələb olunan geyim qaydalarına əməl edir. Zəriflik və incəlik onun üslubunun əsas xüsusiyyətləridir. Gündəlik həyatda isə Leyla Əliyeva idman üslubuna üstünlük verir, cins şalvarlardan vaz keçə bilmir.

Gözəl geyinmək qabiliyyəti isə ona ölkənin birinci xanımı və anası Mehriban Əliyevadan keçib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün geyim tərzini və moda ilə bağlı fikirlərini belə ifadə edir:

“Bəzən biz mağazalara birlikdə gedirik. Lakin çox təəssüflər olsun ki, bu, mənim istədiyimdən çox az hallarda baş verir. Mən geyimləri ilk növbədə “dəb” prinsipi ilə deyil, “yaraşır-yaraşmır” prinsipi ilə seçirəm. Bizim hər üçümüzün bədən ölçüləri eynidir, ona görə də bəzən biz geyimlərimizi dəyişirik. Anam kimi mən də lakonik, detallarla yüklənməyən saya paltarlara üstünlük verirəm. Hər şeydən çox qara rəngi sevirəm. Məşhur olan, kolleksiyaların hitlərindən daha çox mənə yaraşan geyimləri geyməyə üstünlük verirəm.

Anam həmişə nəyi nə ilə geyinməli, nəyin nə ilə uyğun olduğunu bilir. Mənim suallarım olduğu təqdirdə məsləhət üçün anama müraciət edirəm. Başqa heç kimə.

Mənim geyim tərzimi nə Moskva, nə də Bakı tərzi adlandırmaq olmaz. O, daha çox London tərzidir. Axı mən İngiltərədə böyümüşəm. Londonda öz geyiminə çox vaxt sərf etmək qəbul edilmir. Cins, krosovkalar və qaçdın. Moskva və Bakıda qarderoba ciddi yanaşırlar. Bu isə sevindirici haldır”.

Hər zaman ideal formada qalmasını isə L.Əliyeva özünün “facebook” səhifəsində yazdığı statusda belə ifadə etmişdi:

"Vaxtıma qənaət edirəm, evimdə idmanla məşğul oluram. Evdə yüngül atletika ilə məşğul olmaq mənə çox xoşdur”.

L.Əliyevanın sözlərinə görə, evdə idman etməyin gözəl cəhətlərindən biri də ondan ibarətdir ki, sərbəst məşğul olursan: "Məşqçi olmadan, kömək olmadan, əmr verilmədən, daha rahatdır”.

Sadə saç düzümünə üstünlük verən Leyla Əliyeva makiyajda əsasən, gözləri vurğulamağa üstünlük verir. Gözəlliyinin əsas sirri isə sehrli təbəssümüdür!

Publika.az doğum günü münasibətlə Leyla Əliyevanın stillərini təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm