Vyana nüvə danışıqları dalana dirəndi: Qərb mövqeyini sərtləşdirib
Bizi izləyin

Dünya

Vyana nüvə danışıqları dalana dirəndi: Qərb mövqeyini sərtləşdirib

İranın nüvə proqramı üzrə İran və “altılıq” (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) arasında Vyanada keçirilən danışıqlar dalana dirənib.

Publika.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyinə adının çəkilməsini istəməyən mənbə bildirib.

Məlumata görə, saziş beynəlxalq sanksiyaların ləğv edilməsi barədə məsələ ilə əlaqədar Vaşinqtonun mövqeyinə görə bloklanıb.

Eyni zamanda İranın dövlət televiziyası daha əvvəl yayılan informasiyanı təsdiqləyib ki, Qərb ölkələri danışıqlarda öz mövqeyini sərtləşdirib və İranın nüvə energetikasının inkişafı imkanlarını rədd edir. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini isə son bəyanatında bildirib ki, əgər ən yaxın saatlarda əhəmiyyətli siyasi qərarlar qəbul olunmasa, İranın nüvə proqramı üzrə sazişin imzalanması mümkün olmayacaq. Öz növbəsində, ABŞ-ın dövlət katibi Con Kerri vurğulayıb ki, Vaşinqton sonsuza qədər danışıqlar masasının arxasında oturmağa hazır deyil.

Daha əvvəl isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, İran və “altılıq” keçirilən danışıqlar bir neçə saat ərzində razılaşma ilə başa çata bilər.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə yekun sənədin iyulun 7-də imzalanması nəzərdə tutulsa da, bu müddət bir neçə gün uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm