• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nüvə müharibəsinə doğru növbəti addım: Kreml nüvə klubu yaradır

  • Dünya
  • 10 İyul 2015 18:40
  • 364 Baxış
Nüvə müharibəsinə doğru növbəti addım: Kreml nüvə klubu yaradır

İqtisadi əsaslar üzərində yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hazırkı geosiyasi vəziyyətdə siyasi və daha irəli gedərək nüvə klubuna çevrilməsi ehtimalları güclənir. Ötən ilin sentyabrında Pakistan və Hindistan ŞƏT-ə giriş üçün rəsmi sifariş veriblər. Nəzərə almaq lazımdır ki, hər iki dövlət nüvə arsenalının durmadan artıran nüvə gücləridir.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, ŞƏT-in üzvlərindən olan Özbəkistanın prezidenti İslam Kərimov rusiyalı həmkarı Vladimir Putinlə görüşündə məhz bu amilə diqqət çəkib.

Özbəkistan prezidenti hesab edir ki, nüvə silahına malik ölkələrin ŞƏT-ə girişi dünyada qüvvələrin yerləşməsini dəyişdirə bilər.

“Özbəkistan növbəti il Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edən ölkə kimi bilməlidir ki, təşkilata yeni üzvlərin birləşməsi prosesi hansı müddətə davam edəcək. Pakistan və Hindistan nüvə silahına malikdir. Bu prizmadan baxmaq lazımdır ki, onların təşkilata girişi dünyanın siyasi xəritəsini dəyişdirəcək. Bu, öz-özlüyündə çətin hadisədir. Bu məsələdə məsləhətləşməyə ehtiyacı var”, - Kərimov deyib.

2000-ci ildə yaradılan ŞƏT-ə altı dövlət daxildir: Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan. Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan isə təşkilatda müşahidəçi statusuna malikdir. Təşkilat ölkələrində dünya əhalisinin dörddə biri yaşayır. ŞƏT-in ilk olaraq hərbi əməkdaşlıq üzərində qurulması nəzərdə tutulsa da, daha sonra iqtisadi əməkdaşlıq və inteqrasiya ön plana keçib. Lakin Rusiya və Qərb arasında gərginliyin “soyuq müharibə” mərhələsinə qədəm qoyması, ABŞ-ın Rusiya və Çinin dünyada əsas rəqibləri hesab etməsi Moskva və Pekinin yalnız iqtisadi deyil, həm də hərbi müstəvidə yaxınlaşmasını şərtləndirir.

Ukrayna münaqişəsi və Krımın zəbt edilməsi Rusiya və ABŞ arasında “soyuq müharibə”dən sonrakı dövrdə ən güclü böhrana səbəb olub. Hər iki ölkə özlərinin atom siyasətinə yenidən baxır və silahsızlaşdırma prosesini yavaşıdır.

2015-ci ilin əvvəlində dünyanın doqquz ölkəsində - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın arsenalında olan nüvə başlığının miqdarı təxminən 15 min 850 vahid olub. Ekspertlər qeyd edirlər ki, nüvə silahının ixtisarı ilk növbədə ABŞ və Rusiyanın hesabına baş verib. Məlumata görə, bir il ərzində Rusiyada nüvə başlıqlarının miqdarı 8 mindən 7,5 minə qədər azalıb. ABŞ isə yalnız qırx nüvə başlığından azad olub: 7300-dən 7260-a qədər. Hazırda dünyanın nüvə arsenalının təxminən 93 faizi bu iki ölkədədir. Hər iki ölkə “soyuq müharibə”dən sonra köhnəlmiş texnikadan azad olmağa çalışır. Hər iki ölkə nüvə arsenalının müasirləşdirilməsi üzrə proqramlar həyata keçirir.

Hazırda Qərb üçün narahatlıq doğuran daha bir məsələ Çin, Hindistan və Pakistandakı nüvə arsenalıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun (SIPRI) məlumatına görə, Çin nüvə başlıqlarının sayını bir il ərzində 250-dən 260-a qədər artırıb. Hindistan və Pakistan da öz növbəsində nüvə silahının hazırlanması üçün istifadə olunan zənginləşdirilmiş uranın istehsalını artırır və on il ərzində bu ölkələrin mövcud nüvə arsenalı üç dəfə arta bilər. Təxmini rəqəmlərə görə, Hindistanın 80-100, Pakistanın isə 90-110 nüvə başlığı var.

Berlin Elm Fondunun təhlükəsizlik və silahlanma məsələləri üzrə eksperti Oliver Mayer qeyd edir ki, hələ heç kəs dünyada belə bir nüvə üçbucağı ilə rastlaşmayıb. Bu ölkələrdən Hindistan və Pakistan 1969-cu ildə təsdiqlənmiş Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısı deyillər.

Moskvanın Pakistan və Hindistanı ŞƏT-ə cəlb etmək istəyinin arxasında hərbi planlarının olduğu ehtimalı olduqca böyükdür. Hər halda, İslam Kərimov da Putinin hədəflərindən xəbərdardır: O, iqtisadi təşkilat olan ŞƏT-in tərkibində nüvə klubu yaratmaq niyyətindədir. Amma Pakistanda, həmçinin Hindistanda kifayət qədər təsirli olan ABŞ-ın buna icazə verəcəyi inandırıcı görünmür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR