Rusiya və Qərb: ictimai rəydə “soyuq müharibə”
Bizi izləyin

Dünya

Rusiya və Qərb: ictimai rəydə “soyuq müharibə”

İyunun 10-da “Pew Resarch Center” sorğu mərkəzi Rusiya və Qərbdə ictimai rəyin durumu haqqında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Publika.az Fransanın “Slate.fr” nəşrinə istinadən xəbər verir ki, sorğunun nəticələri Rusiya və Qərbin bir-birinə etibarın kəskin azaldığını ortaya çıxarıb.

Rusiya ictimaiyyətində ABŞ haqqında müsbət rəydə olan insanların sayı iki il ərzində 51 faizdən 15 faizə qədər azalıb. İki il əvvəl rusiyalıların 63 faizi Avropa İttifaqı haqqında müsbət fikirdə idisə, hazırda bu göstərici 31 faiz təşkil edir. Qərbin düşmən kimi təqdim edildiyi təbliğat da ictimai rəyə təsir edib. Rusiyalıların 50 faizi NATO-nu Rusiya üçün ən ciddi təhlükə, 31 faizi isə ikinci ən böyük təhlükə hesab edir. Hər şey demək olar ki, “Soyuq müharibə” illərinə qayıdıb.

Qərb ictimai rəyində də Rusiyaya qarşı fikirlərdə eyni inamsızlıq müşahidə olunur. Qərbdə Rusiyanı ən böyük təhlükə hesab etməyə başlayıblar. Sorğunun nəticələrinə görə, Qərb dövlətlərində Rusiya haqqında müsbət fikirdə olanların sayı 36 faizdən 25 faizə qədər azalıb.

Rusiya ictimaiyyəti heç vaxt olmadığı kimi prezident Vladimir Putini dəstəkləyir. Ukrayna böhranı üzrə mövqeyi sayəsində onun reytinqi heç vaxt olmadığı qədər yüksəkdir. Rusiyalıların 88 faizi inanır ki, Putin beynəlxalq məsələlərlə bağlı düzgün qərarları qəbul edir. Ölkə vətəndaşlarının 83 faizi hesab edir ki, Putinin Ukrayna böhranına yanaşması düzgündür. Amma bununla belə Rusiya iqtisadiyyatında vəziyyətin pis olduğunu düşünənlərin sayı bir il ərzində 44 faizdən 73 faizə qədər artıb.

Rusiyalıların üçdə ikisi SSRİ-nin dağılmasını “faciə” hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm