Poroşenko: “Ukrayna barıtı quru saxlamalıdır”
Bizi izləyin

Dünya

Poroşenko: “Ukrayna barıtı quru saxlamalıdır”

Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna ilə sərhəddəki Rusiya hərbçilərinin sayının rekord təşkil etdiyini açıqlayıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, prezident TSN telekanalına müsahibəsində dəqiq kəşfiyyat məlumatlarına istinad etdiyini bildirib.

“Ukrayna sərhədləri yaxınlığında Rusiya hərbi qulluqçularının rekord sayı yerləşdirilib. Bu informasiya yalnız bizim kəşfiyyatın deyil, həm də NATO, ABŞ və Avropa Birliyi ölkələrinin kəşfiyyat qurumlarının informasiyalarında əksini tapıb”, - Poroşenko deyib.

Lakin dövlət başçısı Ukrayna sərhədlərində yerləşdirilən rus hərbçilərinin sayını açıqlamayıb. Poroşenkonun sözlərinə görə, hazırda Donbas hövzəsində 64 min Ukrayna hərbçisi var: “Biz təcavüzkara ləyaqətli cavab verməyə hazırıq. Bu gün Ukrayna ordusu dünyanın ən yaxşılarından biridir. Bir prezident və Ali Baş Komandan kimi dövləti qorumaq üçün hər şey edəcəyəm. Ukrayna barıtı quru saxlamalı, öz silahlı qüvvələrinin effektivliyini gücləndirməlidir”.

İyunun əvvəlində Ali Radanın deputatları anti-terror əməliyyatları zonasında 14 min Rusiya hərbçisinin olduğunu bildiriblər. Ayın sonunda isə italyan KİV-də ağlasığmaz rəqəm səsləndirilib: 200 min. Bu isə Rusiyanın bütün silahlı qüvvələrinin altıda bir hissəsidir.

Rəsmi Moskva isə Ukraynanın cənub-şərqindəki münaqişədə iştirakı ilə bağlı bütün ittihamları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm