Ukrayna növbəti Maydan astanasında: “Sağ sektor” batalyonlarını Kiyevə göndərir
Bizi izləyin

Dünya

Ukrayna növbəti Maydan astanasında: “Sağ sektor” batalyonlarını Kiyevə göndərir

Ukraynanın “Sağ sektor” təşkilatı öz batalyonlarını Kiyevə göndərə bilər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sağ sektor”un mətbuat katibi Artyom Skoropadski bildirib.

“Sağ sektor” ehtiyac olduğu halda ölkənin istənilən nöqtəsinə, həmçinin Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinə öz batalyonlarını göndərə bilər. Bizim döyüş əməliyyatları zonasında iki, bütün Ukrayna üzrə 18-19 batalyonumuz var. Onlar məşq edirlər və cəbhəyə getmək üçün hazırlaşırlar. Amma əgər ehtiyac olarsa, batalyonları istənilən yerə göndərə bilərik”, - Artyom Skoropadski Kiyevdə keçirdiyi brifinqdə qeyd edib.

Öz növbəsində “Sağ sektor”un 13-cü batalyonunun mətbuat katibi Aleksey Bıkın sözlərinə görə, təşkilat güc strukturlarının Zakarpatye vilayətində güclənməsinə imkan verməmək üçün yollarda blokpostlar qurmağa başlayıblar.

Xatırladaq ki, iyunun 11-də Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotlar və qumbaraatanların tətbiqi ilə hüquq-mühafizə orqanları və “Sağ sektor”un döyüşçüləri arasında qarşıdurma olub. Münaqişənin formasında “Sağ sektor” yazılan 20-yə qədər silahlı şəxsin yerli kafelərdən birinə hücumdan sonra başlandığı deyilir. Qarşıdurma nəticəsində “Sağ sektor”un döyüşçülərindən 3-ü öldürülüb, 5-i yaralanıb. Qalanları isə meyitləri və yaralıları götürərək meşə zolağına çəkiliblər.

“Sağ sektor”un tərəfdarları Ukraynanın Kiyev, Dnepropetrovsk, Lvov, Poltava, Xerson, Ternopol və digər şəhərlərində müddətsiz etiraz aksiyalarına başlayıblar.

Hakimiyyətin siyasətinə etirazını bildirən “Sağ sektor” tərəfdarları daxili işlər naziri Arsen Avakovun, həmçinin Daxili İşlər Nazirliyinin silahlı qarşıdurmanın baş verdiyi Zakarpatya vilayətinin yerli rəhbərliyinin istefasını tələb edirlər.

Dünən isə axşam saatlarında yayılan məlumata görə, “Sağ sektor”un döyüşçüləri Donbas hövzəsindəki mövqelərini tərk edirlər. Bu barədə “Qromadske. TV”yə açıqlamasında “Sağ sektor”un batalyonlardan birinin komandiri Çernıy bildirib.

Onun sözlərinə görə, döyüş mövqelərini tərk etmək barədə əmr “Sağ sektor”un lideri, xalq deputatı Dmitri Yaroş tərəfindən verilib. Lakin o, əmrin hansı səbəbdən verildiyini dəqiqləşdirməyib. Bundan əvvəl isə “Sağ sektor” lideri, Ali Radanın deputatı Dmitri Yaroş Mukaçevoda baş verən hadisələrlə bağlı prezident Pyotr Poroşenko və Təhlükəsizlik Xidmətinin başçısı ilə birbaşa danışıqlar aparıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm