Borc içində batan Ermənistan Yunanıstanın taleyi ilə üz-üzə - FAKTLAR
Bizi izləyin

Dünya

Borc içində batan Ermənistan Yunanıstanın taleyi ilə üz-üzə - FAKTLAR

Daxili çəkişmələr, iqtisadi çətinlik, miqrasiya problemilə üz-üzə qalan Ermənistan həm də xarici borcun içində boğulur.


Publika.az xəbər verir ki, Ermənistanın “Dövlət borcu haqqında” qanununda edilən dəyişiklik iqtisadçıların ciddi narahatlığına səbəb olub. Yeni dəyişiklik hökumət borcunun dövlət borcu anlayışı ilə əvəz edilməsi haqdadır. Əvvəlki qanuna görə, xarici borc ümumdaxili məhsulun 60 faizindən yuxarı olmamalı idi. Yeni dəyişiklik isə bu məhdudiyyəti aradan qaldırır.


Hazırda Ermənistanın xarici borcu 4,6 milyard dollara qədərdir. Bu, ümumdaxili məhsulun 52,8 faizini təşkil edir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2020-ci ilə qədər xarici borc ÜDM-in 62 faizinə bərabər olacaq.

Məlumat üçün bildirək ki, xarici borc Rusiyada ÜDM-in 18,8, Qazaxıstanda 17,2, Gürcüstanda 44,2, İranda isə 11,9 faizini təşkil edir. MDB məkanında ən az xarici borcu olan dövlət isə Azərbaycandır. Belə ki, Azərbaycanın xarici borcu ÜDM-nin 8 faizini təşkil edir.


Ermənistan bu siyahıda ən sonunculardandır. Bu ölkənin iqtisadçıları hesab edirlər ki, qanuna edilən yeni dəyişiklik Mərkəzi Banka daha çox borc almaq üçün əlavə imkanlar yaradır.

İqtisadçı Tatula Manaseryan bildirib ki, bu məsələ Ermənistan iqtisadiyyatı üçün neqativ nəticələrə gətirib çıxaracaq.


Ermənistan parlamentinin deputatı Arsvika Minasyan hesab edir ki, bu məsələ ciddi qorxulara səbəb olur: “Xarici borc haqda məhdudiyyətin aradan qaldırılması hökumətə əlavə borc almaq üçün yeni imkanlar yaradacaq. Bu borclar da hökumətin yox, dövlətin borcu olaraq Ermənistanın belinə yüklənəcək”.

Yeni dəyişikliklər hökumətə böyük miqdarda kredit götürməyə də şərait yaradır.


Erməni deputat Aram Manukyan hökumətin bu imkandan kifayət qədər yararlanacağını, Ermənistanı dövlət kimi məhv edəcəklərini deyib: “Bundan sonra Mərkəzi Bank məhdudiyyətsiz kredit götürə biləcək. Bu isə ölkənin gələcəyini uçuruma aparır”.

İqtisadçı Vaqn Xaçatryan bildirib ki, hökumət büdcə xərclərini qarşılaya bilmir: “Məhz buna görə belə dəyişikliklə büdcə xərclərinin kreditlər hesabına qarşılanması siyasəti aparılır”.


Ekspertlər həm də ondan narahatdırlar ki, hökumətin götürdüyü xarici borclar ölkə iqtisadiyyatına deyil, şəxslərin cibinə axır. Təsadüfi deyil ki, korrupsiya və dövlətin talanması nəticəsində 2008-ci illə müqayisədə Ermənistanın xarici borcu 3 dəfə artıb. Belə ki, 2008-ci ildə xarici borc 1,5 milyard dollar – ÜDM-nin 13 faizini təşkil edirdisə, hazırda bu, 5 milyard dollara yaxınlaşır. Bu qədər borcun qarşılığında isə iqtisadiyyat getdikcə zəifləyir.

Ermənistan iqtisadiyyatı o həddə çatıb ki, artıq pensiyaların ödənməsi problemi yaranıb. Həmçinin, büdcə xərcləri durmadan ixtisar olunur. Ekspertlərin fikrincə, Ermənistan yaxın gələcəkdə Yunanıstanın taleyini yaşayacaq. Çünki defolt, demək olar ki, bu ölkənin qapısını döyür. Digər tərəfdən, indiyə qədər diasporun verdiyi ianələr də kəsilib. Buna səbəb isə erməni diasporunun Serj Sərkisyanla münasibətlərinin kəskinləşməsidir.


Beynəlxalq Valyuta Fondunun xəbərdarlığına baxmayaraq, Ermənistan hakimiyyəti iqtisadi problemləri yeni borclar hesabına həll etməkdə davam edir və ölkə xarici kreditorların asılılığına düşür. Lakin hökumət iqtisadiyyatı ayağa qaldırmaq üçün heç bir cəhd etmir.

Rəy sorğularına görə, iqtisadi çətinliyə dözə bilməyən Ermənistan əhalisinin yarıdan çoxu ölkədən köçmək niyyətindədir.


Müstəqillikdən bəri Ermənistanı 1,5 milyon insan tərk edib. Bu, əhalinin üçdə bir hissəsini təşkil edir. Orta hesabla hər il Ermənistanı 100 min insan tərk edir”.

Bunu isə Ermənistan miqrasiya xidmətinin rəisi Qaqik Yeganyan deyib.


Lakin ekspertlər qeyri-rəsmi məlumatların bundan daha çox olduğunu, köçənlərin 2 milyondan çox olduğunu deyirlər. İllik miqrasiya isə 150 mindən artıqdır. Cəmi 900 kəndi olan Ermənistanda yüzlərlə kənd bomboşdur. Bu ölkəni tərk edənlər bunu işsizlik və normal həyat şəraitinin olmaması üçün edirlər. Lakin bununla yanaşı, miqrasiyaya təsir edən amillərdən biri də siyasi təzyiqlərdir.

BMT-nin məruzəsinə görə, ötən il Ermənistandan 5 min 242 vətəndaş dünyanın 44 ölkəsindən siyasi sığınacaq istəyib. Məlumata görə, son iki ildə Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm