“Putin genişmiqyaslı hücum etməyəcək, çünki...”
Bizi izləyin

Dünya

“Putin genişmiqyaslı hücum etməyəcək, çünki...”

“Bu gün Rusiya qoşunlarının Ukraynanın ərazisinə genişmiqyaslı hücumuna hazırlığın əlamətləri yoxdur”.

Publika.az ”Obozrevatel.com” saytına istinadən xəbər verir ki, bu barədə hərbi müşahidəçi Aleksey Arestoviç söyləyib.

“Genişmiqyaslı hücuma hazırlıq olsaydı, təmir və tibbi briqadaların irəliləyişi, yanacaq və döyüş sursatların toplanması müşahidə olunardı. Bundan başqa, əgər genişmiqyaslı hücuma hazırlıq olsaydı, Rusiya beynəlxalq miqyasda ritorikanı sərtləşdirər, Ukraynanın razılaşmaları pozduğunu və dinc insanları məhv olduğunu bildirərdi”, - Arestoviç deyib.

Aleksey Arestoviç əmindir ki, hazırda Rusiyanın əsas məsələsi Ukraynanın Konstitusiyasına dəyişikliklərin vasitəsi ilə Donbas hövzəsinə xüsusi status qazanmaqdır: “Əgər Rusiyanın rəhbərliyi bu məsələni yerinə yetirməyi bacarmasa, Ukraynaya hücum mümkündür. Eyni zamanda, hücum genişmiqyaslı olmayacaq. Genişmiqyaslı hücum üçün Rusiyanın gücü yoxdur. Əsas məqsəd o olacaq ki, Ukrayna ordusu bir-iki istiqamətdə məğlubiyyətə uğradılsın və cəmiyyət hiddətlənsin”.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyunun 12-də Ukrayna ilə sərhəddəki Rusiya hərbçilərinin sayının rekord təşkil etdiyini açıqlayıb. Prezident TSN telekanalına müsahibəsində dəqiq kəşfiyyat məlumatlarına istinad etdiyini bildirib: “Ukrayna sərhədləri yaxınlığında Rusiya hərbi qulluqçularının rekord sayı yerləşdirilib. Bu informasiya yalnız bizim kəşfiyyatın deyil, həm də NATO, ABŞ və Avropa Birliyi ölkələrinin kəşfiyyat qurumlarının informasiyalarında əksini tapıb”.

İyunun əvvəlində Ali Radanın deputatları anti-terror əməliyyatları zonasında 14 min Rusiya hərbçisinin olduğunu bildiriblər. Ayın sonunda isə italyan KİV-də ağlasığmaz rəqəm səsləndirilib: 200 min. Bu isə Rusiyanın bütün silahlı qüvvələrinin altıda bir hissəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm