Taliban sülh danışıqlarına razılıq verdi
Bizi izləyin

Dünya

Taliban sülh danışıqlarına razılıq verdi

Taliban lideri Molla Ömər hər il müsəlmanların müqəddəs Ramazan ayında olduğu kimi, növbəti dəfə xalqa müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Taliban lideri 14 ildir davam edən müharibəyə son qoymaq üçün Kabil hökuməti və xarici dövlətlərlə siyasi danışıqlara razı olduğunu bəyan edib.

Taliban lideri dialoqun dini baxımdan “legitim” strategiya olduğunu və xarici qüvvələri Əfqanıstandan çıxartmaq məqsədi daşıdığını deyib. Onun fikrincə, Talibanın siyasi səyləri, xarici ölkələr və Əfqanıstanın qarşılıqlı yardımı ilə ölkədəki işğala son qoyulmalı, İslam yönümlü müstəqil dövlət qurulmalıdır.

Əfqanıstan prezidenti Əşrəf Qani deyib ki, Talibanla növbəti danışıqlar üç həftə sonra davam etdiriləcək. Qani artıq prosesin başlandığını deyib. O, danışıqların barışıqla nəticələnəcəyinə ümid etdiyini bildirib.

Taliban lideri Ömər də öz növbəsində dini qanunlara əsaslanaraq ölkədəki azlıqlar da daxil edilməklə, bütün əfqan xalqının hüquqlarının tanınacağını bildirib. Ömərin bəyanatının qadınlar və azlıqlarla bağlı narahatlıqlara yönəldiyi görünür.

Qeyd edək ki, iyulun 7-də keçirilən ilk sülh danışıqlarına qonşu Pakistan ev sahibliyi edib və danışıqlarda Çin və Amerika rəsmiləri “müsahidəçi” qismində iştirak edib. Regional təhlilçilərin dediyinə görə, bu təmas dərhal öz təsirini göstərərək, ölkədə müharibə aparan bütün fraksiyaların gözündə prezident Qani və onun milli birlik hökumətinə legitimlik qazandırıb.

Bu vaxta qədər Taliban Birləşmiş Ştatların başçılığı ilə Əfqanıstanın xarici qüvvələr tərəfindən “zəbt olunduğunu” bildirərək, Kabil hökumətinin təklif etdiyi sülh danışıqlarını rədd edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm