Ermənistanda xalqın kağız üzərində olan hüquqları da əlindən alınır
Bizi izləyin

Dünya

Ermənistanda xalqın kağız üzərində olan hüquqları da əlindən alınır

Ermənistanda konstitusiya islahatları üzrə xüsusi komissiya yeni konstitusiyanın 1-7-ci fəsillərinin layihəsinin ilkin variantını dərc edib. Xüsusi komissiya prezident Serj Sarkisyanın ölkə üzərində siyasi monopoliyasını yaratmaq üçün əlindən gələni əsirgəməyib.

Sarkisyana bu işdə xüsusi komissiyaya rəhbər təyin etdiyi Ali Məhkəmənin sədri Qagik Arutyunyan kömək edib. Ermənistanda məhkəmələrin azad qərar verə bilməmələri və Sarkisyanın göstərişi ilə işlədiyi heç kimə sirr deyil.

Yeni konstitusiyanın ilkin variantı demək olar ki, Ermənistan xalqının ölkənin idarəçiliyi sistemində iştirakını məhdudlaşdırır. Əgər layihə indiki şəklində qəbul edilsə və Sarkisyan Baş nazir olsa, ölkədə hakimiyyətin yeganə mənbəyi xalq deyil, o olacaq.

Məsələ burasındadır ki, indiki konstitusiyaya görə xalq 3 - bələdiyyə, parlament və prezident seçkilərində iştirak edir. Yeni islahatlar isə bunu 2-yə - bələdiyyə və parlament seçkiləri - endirir.

Bununla da rəsmi Yerevan saxtalaşdıracağı seçkilərin sayını azaltmış olur. Saxtalaşdırılan seçkilərin sayı nə qədər az olsa, əhali arasında hakimiyyət əleyhinə etiraz aksiyaları, xaricdən ölkənin antidemokrat olması ilə bağlı tənqidlər və səslərin oğurlanmasına çəkilən xərclər də bir o qədər az olacaq.

Konstitusiya islahatları Ermənistanı parlament respublikasına çevirsə də, burada da Sarkisyanın sərhədsiz hakimiyyəti üçün uyğun variant tapılıb. Belə ki, parlament seçkilərində stabil çoxluq formalaşmasa, səslərin çoxunu toplamış iki partiya və partiya bloklarının iştirakı ilə səsvermənin ikinci turu keçiriləcək.

Halbuki demokratik ölkələrdə parlamentdə çoxluq formalaşmayanda koalisiya hökuməti (Türkiyədə olduğu kimi) yaradılır. Bu da xalqın seçimi ilə hesablaşmaq anlamına gəlir.

Digər tərəfdən, Sarkisyan başçılıq etdiyi Respublika Partiyasının səs çoxluğu qazana bilməyəcəyi ehtimalını indidən sığortalamağa başlayıb. Belə ki, o, “Daşnaksutyun” Ermənistan İnqilabi Federasiyası ilə nazirlik portfellərini bölüşməyə hazır görünür.

Ermənistanda belə fikir var ki, Sarkisya ədliyyə nazirini işdən çıxartmaqla “Daşnaksutyun” partiyasının nümayəndəsini bu posta gətirmək istəyir. Konstitusiya islahatlarını dəstəkləyən və ölkədə iqtidarın zəifləməsini istəməyən “Daşnaksutyun” istənilən halda Sarkisyanın hakimiyyətinin qalıcı olmasına çalışacaq.

İslahatlar Ermənistanda birinci şəxsin Baş nazir olmasını müəyyənləşdirir, prezidenti isə Sarkisyanın əlində oyuncaq edir. O, həm də ali baş komandan vəzifəsini icra edəcək. Prezidentin isə parlament deputatlarının və bələdiyyə orqanlarının seçilmiş nümayəndələrindən ibarət seçiçilər şurası tərəfindən seçilməsi nəzərdə tutulur. Həmin seçiçilərin kimin adamları olacaqları isə gün kimi aydındır.

Yeni Konstitusiya sayəsində Sarkisyan Baş nazir vəzifəsinə iki dəfədən artıq seçilməklə hakimiyyətdə uzun müddət qala biləcək və onun rəhbərlik etdiyi partiya sərhədsiz hüquqlara malik hegemon partiya olacaq.

Görünən odur ki, Ermənistanda xalqın kağız üzərində olan hüquqları da əlindən alınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm