“Lokerbi işi”nin arxasında İran var- Keçmiş kəşfiyyatçıdan şok iddia
Bizi izləyin

Dünya

“Lokerbi işi”nin arxasında İran var- Keçmiş kəşfiyyatçıdan şok iddia

“Lokerbi işi”nin arxasında İran var- Keçmiş kəşfiyyatçıdan şok iddia

İngilis mediası bu gün İranla bağlı maraqlı bir iddiaya yer ayırıb.Publika.Az –ın verdiyi xəbərə görə, iranlı keçmiş kəşfiyyat rəsmisi Əbdülqasim Mesbahi Liviyanın məsuliyyətini üzərinə götürdüyü, hətta ölənlərin yaxınlarına təzminat ödədiyi Lokerbi terror aktının arxasında İranın olduğunu bildirib.

Almaniyaya sığınan Ə.Mesbahinin sözlərinə görə, Lokerbi terror aktı ABŞ donanmasının altı ay əvvəl 290 sərnişinin olduğu və İrana məxsus bir təyyarəni vurmasına cavab olaraq həyata keçirilib. O, hücum əmrinin birbaşa olaraq həmin dövrün İran dini lideri Ayətullah Xomeyni tərəfindən verildiyini söyləyir.

Qeyd edək ki, Londondan Nyu-Yorka uçan “PanAm” aviaşirkətinin “Boinq-747” təyyarəsi 1988-ci il dekabrın 21-də partladılmışdı. Təyyarə Şotlandiyanın Lokerbi şəhərinə düşmüş, təyyarənin göyərtəsindəki 259 nəfər, eləcə də hadisə yerinin yaxınlığında olan 11 yerli sakin həlak olmuşdu.

“Lokerbi işi” ilə bağlı Liviya xüsusi xidmət orqanının əməkdaşı Əbdülbasət əl-Meqrahi mühakimə edilmiş və ömürlük həbs cəzası almışdı. Lakin o, keçən ilin may ayında həbsxanada dünyasını dəyişib.

Liviyanın terror aktına görə məsuliyyəti üzərinə götürməsi və təzminatı ödəməsinin səbəblərinə gəlincə, iranlı keçmiş səlahiyyətli bunları söyləyib:

“Liviyanın bu etirafı 2005-ci ildə İngiltərənin keçmiş baş naziri Tony Bleyer ilə Qəzzafi arasında “səhra razılaşması”nı təmin etmişdi. Liviyanın 1999-cu ildə təslim etdiyi Əbdülbasət əl-Meqrahinin vəkilləri də Liviyanın ittiham olunmasının ABŞ və İngiltərənin maraqlarına uyğun gəldiyini söyləyirdi".

270 sərnişinin həyatına son qoymuş bu terror aktında təqsirli bilinən iki liviyalının ABŞ və İngiltərəyə təslim edilməsi tələbinin Liviya hökuməti tərəfindən yerinə yetirilməməsi ABŞ və İngiltərənin birgə səyləri ilə BMT tərəfindən bu ölkəyə qarşı beynəlxalq embarqonun tətbiqinə gətirib çıxarmışdı.

Uzun illər blokada şəraitində yaşayan Liviya yalnız 2002-ci ildə Lokerbi üzərində qəzaya uğramış təyyarənin sərnişinlərinin ailələrinə 2,7 milyard məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirmiş, bir il sonra isə Tripoli ölkə ərazisində terror düşərgələrinin ləğv edilməsi və kütləvi qırğın silahlarının hazırlanması və istehsalı proqramının dayandırılmasını elan etmişdi. 12 sentyabr 2003-cü il tarixində isə BMT Təhlükəsizlik Şurası Liviyaya tətbiq olunan sanksiyaların ləğv olunduğunu bəyan etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm