• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ insan alveri ilə bağlı illik hesabatını açıqladı

  • Dünya
  • 28 İyul 2015 08:52
  • 288 Baxış
ABŞ insan alveri ilə bağlı illik hesabatını açıqladı

ABŞ Dövlət Departamenti insan alveri ilə bağlı illik hesabatını aşıqlayıb.

Publika.az-ın məlumatına görə, Dövlət Departamentinin illik hesabatında bildirilir ki, müasir dövrün quldarlığı olan istismar nəticəsində qızlar və qadınlar fahişəliklə məşğul olmağa məcbur edilir, kişilər, qadınlar və uşaqlar isə az gəlirli işlərdə çalışmalı olur, bəzən isə hətta maaş almadan işləyir.

Hesabatda Azərbaycanda insan alveri ilə mübarizəyə də yer ayrılıb.

Hesabatda qeyd olunur ki, Azərbaycanda məcburi əməyə və cinsi istismara məruz qalma sahəsində müəyyən problemlər var. Bundan başqa, Azərbaycan bəzi hallarda Mərkəzi Asiyadan BƏƏ-yə, Türkiyəyə, İrana insan alveri üçün tranzit ölkə rolunu oynayıb. Ölkədə insan alverinin qarşısının alınması üçün standartlar heç də həmişə tam yerinə yetirilmir, bununla belə, hökumət bu istiqamətdə əhəmiyyətli işlər görür.

Hesabat dövründə hökumət insan alveri ilə əlaqədar tədqiqatların sayını artırıb. Yeni milli fəaliyyət planı qüvvəyə minib, daha həssas əhalinin, xüsusilə də islah müəssisələrindən, uşaq evlərindən, dövlət internat məktəblərindən çıxan uşaqların yenidən cəmiyyətə inteqrasiyasını təmin etmək üçün yeni qanunvericilik təqdim edilib.

Hesabatda qeyd olunur ki, hökumət qurbanların qorunması və onlara yardım göstərilməsi istiqamətində müəyyən inkişafa nail olub. DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi balansında olan 50 nəfərin yerləşdirilməsini mümkün edən Bakıdakı sığınacağını tamamilə yeniləyib, şəraiti yaxşılaşdırıb.

2014-cü ildə hökumət 50 qadını və bir qızı insan alveri qurbanı kimi müəyyən edib, 3 kişi isə məcburi əmək qurbanı kimi tanınıb. 54 qurbandan 35 qadın və 3 kişi DİN-in sığınacağına verilib və burada onlar hüquqi, tibbi, psixoloji dəstək alıblar. Hökumət 53 qurbanı 400 manatlıq birdəfəlik müavinətlə, 23 qurbanı işlə, 35 nəfəri peşəkar təlimlə təmin edib. 54 qurbandan 36-sı QHT-lərə, 51 nəfəri əlavə sosial xidmətlər üçün dövlət İnsan Alveri Qurbanlara Yardım Mərkəzinə yönləndirilib. İki QHT hökumətin maliyyə yardımı olmadan 48 potensial və müəyyən edilmiş qurbanı sığınacaq və dəstəklə təmin edib. İnsan Alverinə Qarşı Mübarizə idarəsi 2014-cü il ərzində qurbanlara 314 min 330 manat məbləğin ayrıldığını bəyan edib.

Hesabatda insan alverində əli olduğu ehtimal edilənlərin ciddi şəkildə araşdırılması və məhkəməyə cəlb edilməsi, ittiham edilənlərin bu əməldən əl çəkməsi üçün müvafiq cəzalar verilməsi, hüquq-mühafizə orqanları tərəfindən standart əməliyyat proseduraları yaratmaqla, məcburi əməyə məruz qalan yerli və xarici qurbanların müəyyən edilməsi istiqamətində, habelə insan alveri, eləcə də immiqrant işçilərin məcburi əməyi ilə məşğul olan şəxslər və şirkətlərə qarşı səylərin gücləndirilməsi tövsiyə edilib.

Hökumət təşkilatları arasında kommunikasiyanın gücləndirilməsi, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyən qurbanlar üçün təhlükəsiz yerləşdirmənin, hüquq-mühafizə orqanları əməkdaşlarına, zabit, müstəntiq və məhkəmə əməkdaşlarına həssaslıq barədə təlimlərin keçirilməsi məqsədəuyğun sayılıb.

ABŞ Dövlət katibi Con Kerri bildirib ki, insan alveri və müasir dövrün quldarlığı hər il 150 milyard dollar gəlir gətirən bir “sənaye”yə çevrilib. Onun sözlərinə görə, builki hesabat fəaliyyətə bir çağırış olmalı, dünya hökumətlərini öz qanunlarını gücləndirməsi və onlara riayət etməsinə çağırmalıdır.

“Hər bir ölkə kimi biz də ABŞ-da icbari əmək və seksual istismara qarşı daha yaxşı iş görməliyik” –deyə Con Kerri bildirib.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir iki, “insan alveri sərhədlər tanımır və qanunlara hörmət etmir. Sənəddə göstərilir ki, insan alveri halları bir sıra sahələrdə müşahidə edilsə də, ona daha çox aşağı kvalifikasiyalı, ya da kvalifikasiyası olmayan əməkdən istifadə edildiyi yerlərdə daha çox rast gəlmək mümkündür.

Hesabatda deyilir ki, işçi qüvvəsinin istismar edilməsi bir çox hallarda seksual istismarla bağlıdır. Sənəddə göstərilir ki, adətən təcrid olunmuş yerlərdə ictimai iaşə və pərakəndə satış sahələrində işə götürülən qadınlar bir çox hallarda fahişəliklə məşğul olmağa məcbur edilir.

“Müasir dövrün quldarlıq forması boşluqda yaranmayıb. Bu, yoxsulluq, qadın və azlıqlara qarşı ayrı-seçkilik, korrupsiya və idarəetmədə çatışmazlıqlar, sosial mediadan sui-istifadə, habelə transmilli mütəşəkkil cinayətin gücü və miqyası kimi 21-ci əsrin porblemləri ilə bağlıdır”- hesabatı təqdim edən ABŞ Dövlət katibi Con Kerri əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR