Putindən maraqlı müsahibə: “Mən ağlımı itirmişəm?!”
Bizi izləyin

Dünya

Putindən maraqlı müsahibə: “Mən ağlımı itirmişəm?!”

Rusiya Prezidenti Vladimir Putin İsveçrə KİV-inə müsahibə verib.

Publika.az xəbər verir ki, V. Putin müsahibəsində bir sıra maraqlı məqamlara toxunub, onun haqda “ağlını itirib” fərziyyələrinə münasibət bildirib.

“Heç kim korrupsiyaya qarşı mübarizənin əleyhinə deyil. Lakin bu o demək deyil ki, bir ölkə sərhədləri kənarında həbslər aparsın, yaxud həbsxanalar yaratsın”, - deyə Rusiya Prezidenti FİFA rəhbəri Cozef Blatterə qarşı ABŞ-da başlanan istintaqa münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ imperiya siyasətini həyata keçirir: “O, imperiyaya qayıtmır. Nə qayıdış? O, çoxdan imperiya siyasəti aparır. Bütün bunlar, sadəcə olaraq, vəziyyətin daha da möhkəmləndirilməsidir. Bu fikirlər o demək deyil ki, mən anti-Amerika mövqeyindəyəm. Xeyr. Biz Birləşmiş Ştatlara, xüsusilə Amerika xalqına böyük sevgi və hörmətlə yanaşırıq. Amma öz sərhədlərindən kənarda öz yurisdiksiyasının tətbiq edilməsi beynəlxalq hüquqa ziddir və bunu darmadağın edir”.

Jurnalistin “Qərb ölkələri sizə görə fikir ayrılığı yaşadı. Bəziləri sizə heyranlıq duyur, bəziləri ittiham edir. Siz nüvə arsenalı haqda danışandan sonra çoxları yeni təhlükələrin baş verəcəyindən bəhs edir” sözlərinə münasibət bildirən Vladimir Putin deyib: “Yeni qızğın silahlanma prosesi ABŞ-ın raket əleyhinə müdafiə haqda müqavilədən çıxmasından sonra başladı. Halbuki, bu, beynəlxalq təhlükəsizliyin bütün sistemini məhv edir. ABŞ-ın davranışlarından sonra Rusiya cavab addımı atmağa məcbur oldu. Bu strateji güc balansının saxlanılması üçün vacib idi. Mən əhəmiyyətli bir məqamı da qeyd etmək istəyirəm: Biz bütün bunları başqalarına təhlükə yaratmaq üçün deyil, Rusiyanın təhlükəsizliyini təmin etmək üçün edirik”.

V. Putin Avropada yeni müharibə ehtimalın da dəyərləndirib. O, bunun baş verməyəcəyinə ümid etdiyini vurğulayıb.

“Sözsüz ki, ABŞ böyük dövlətdir və Amerika xalqı bu dövləti bir neçə yüzilliklər boyu yarada bilib. Lakin bu o demək deyil ki, ABŞ-ın bugünkü hakimiyyəti bütün dünyanı idarə etmək, istədiyini həbs etmək hüququna malikdir, yaxud “kim bizimlə deyil, o, bizə qarşıdır” prinsipi doğrudur”, - deyə o vurğulayıb.

Rusiya Prezidenti Qafqazda üzləşdikləri terror təhlükəsindən də bəhs edib: “Biz daha güclü olmaq üçün hərəkətə keçəndə həmişə Qafqazda problemlərlə qarşılaşırdıq. “Əl-Qaidə” bizə qarşı terror təhdidlərinə başlayırdı. Avropalı kolleqalarımdan soruşurdum: Terrora qarşı mübarizədə nə üçün bizə dəstək vermirsiniz? Onlar deyirdi ki, beynəlxalq situasiya buna imkan vermir. O zaman mən deyirdim ki, kömək etmirsinizsə, heç olmasa, mane olmayın”.

Jurnalist V. Putindən soruşur: “Avropada sizi Stalinlə müqayisə edirlər. Hətta sizin ağlınızı itirdiyinizi düşünənlər də var”.

“Siz mənimlə müsahibədən sonra hesab etmirsiniz ki, mən ağılsızam?!” - deyə Putin cavabında gülür.

“Bu siyasi mübahisələrin bir hissəsidir. Mən sadəcə onu deyə bilərəm ki, bütün etdiklərim ölkəmin və xalqımın xeyrinədir”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm