KQB agentinin İngiltərənin hazırkı baş nazirinə təklifi - MƏXFİ
Bizi izləyin

Dünya

KQB agentinin İngiltərənin hazırkı baş nazirinə təklifi - MƏXFİ

SSRİ dönəmində KQB-nin Böyük Britaniyanın indiki baş naziri Devid Kamerona agentlik etmək təklifi etdiyi məsələsi yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, bu barədə Kameron ilk dəfə 2006-cı ildə BBC-yə müsahibəsində danışmışdı.

Onun sözlərinə görə, 19 yaşı olanda bir dostu ilə indi Rusiyanın nəzarətində olan Krımın Yalta sahillərində dincəlirmişlər: “Həmin vaxt iki rus bizimlə münasibət qurmağa başladılar. Əla ingilis dilində danışırdılar. Bizi lüks restoranlardan birinə apardılar”.

D. Kameron Böyük Britaniyanın baş naziri kimi 2011-ci ildə Rusiyaya səfər edərkən o vaxt prezident olan Dmitri Medvedevə bu xatirəsini danışmışdı.
Medvedevin cavabı isə olduqca maraqlı idi: “Səndən yaxşı KQB agenti çıxarmış”.

Rusiyanın “Komsomolskaya Pravda” qəzeti bu məsələyə qayıdaraq yazır: “O vaxt Kameron və dostuna yaxınlaşan ruslar KQB agenti yox, tacirlər idi. Çünki həmin vaxt SSRİ-yə xaricdən heç bir mal gəlmirdi. Əldə olunan xarici malları, xüsusilə paltarları çox baha qiymətə satmaq olurdu. Həmin rusların da məqsədi bu olub”.

Kəşfiyyat qurumları üzrə ekspert, rusiyalı tarixçi Gennadi Sokolov da məsələyə münasibət bildirib.

“Əgər KQB o dövrdə adi bir adam olan 19 yaşındakı Kameronla işləmək istəyirdisə, bununla bağlı arxivlərdə hansısa sənəd olmalı idi. KQB arxivlərində Kameronla bağlı heç bir məlumata rast gəlinməyib. KQB heç vaxt onunla işləməyi düşünməyib”, - deyə tarixçi bildirib.

Kremlin Devid Kameronla bağlı tezisi fərqlidir. Belə ki, 19 yaşındakı bir ingilis gəncinin "Trans Sibir" ekspresi ilə Rusiyanın bu başından o başına dolaşması çətin olardı. Tezisə görə, Kameron İngiltərə kəşfiyyatı Mi6-nın Rusiyaya göndərdiyi stajor agent olub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm