70 yaşlı faciə: ABŞ-ın Yaponiyaya atom bombası atmasının SİRRİ AÇILDI - FOTOLAR
Bizi izləyin

Dünya

70 yaşlı faciə: ABŞ-ın Yaponiyaya atom bombası atmasının SİRRİ AÇILDI - FOTOLAR

Bu gün ABŞ bombardmançılarının Yaponiyanın Xirosimo şəhərinə atom bombası atmasından 70 il ötür. 1945-ci ilin 6 avqustunda yapon şəhərini hədəf seçmiş Amerika hərbçiləri on minlərlə insanın həyatına son qoydular.

Publika.az Xirosimo və Naqasaki bombardmanları ilə bağlı faktları təqdim edir:

Amerikalıları qorxuya salan kamikadzelər

İkinci Dünya Müharibəsindən əvvəl və hərbi əməliyyatlar başladıqdan sonra hitlerçilərin atomu parçalamağa müvəffəq olmaları məşhur alim Albert Eynşteynin diqqətini cəlb etdi. ABŞ prezidenti Franklin Ruzvelti bununla bağlı məlumatllandıran alimin məktubundan dərhal sonra on minlərlə amerikalı mütəxəssis, elm adamı atom bombası hazırlığı prosesinə cəlb edildi. İlk sınağı Almaniyanın təslim edilməsindən sonra keçirilən atom bombası hazırlığının müvəffəqiyyətlə başa çatması məlum oldu.

Sakit Okean hövzəsindəki hərbi əməliyyatları ilk olaraq Yaponiya başlamış, ABŞ-a müharibə elan etmədən onun hərbi bazalarına hücum etmişdi. Bu baxımdan İkinci Dünya Müharibəsində ABŞ-ın əsas rəqibi Yaponiya idi.

Bir sıra adalarda və okeandakı döyüşlərdə yapon kamikadzelərinin cəsarətinə, öz təyyarələrinin ABŞ təyyarələrinə və gəmilərinə çırparaq partlatmasından dəhşətə gəlmiş amerikalılar bu müharibənin onlar üçün çox itkilər hesabına başa gələcəyini aydın şəkildə başa düşürdülər.

Amerikanlar idda edirlər ki, ABŞ-ın Yaponiyanın Xirosimo və Naqasaki şəhərlərinə atom bombası atmasının əsas səbəbkarlarından biri də təyyarəçi Yukio Araki olub. Öz təyyarəsini ABŞ-ın hərbi təyyarələr daşıyan gəmisinə çırpıb partladan bu kamikadzenin amerikanların nüvə silahına əl atmalarına səbəb olduğu iddia edilir.

Gündoğar ölkə günəşi bomba ilə qarşıladı

Avqustun 6-da səhər çağlarında “Enola Gay” təyyarəsi bombanı Xirosimaya atdı. 18 min ton dinamit gücünə bərabər bomba şəhərin mərkəzində partladıldı. Partlayışın ilk dəqiqələrində 65 min sakin öldü. Lakin bu hələ son deyildi. Məsələ burasındadır ki, atom bombasının fəsadları sonrakı günlərdə, aylarda və illərdə 150 minə yaxın dinc sakinin məhvinə, şikəst, əlil olmasına səbəb oldu.

Üç gün sonra – avqustun 9-da ABŞ bombardmançıları ikinci bombanı Naqasaki şəhərinə atdlar. Xirosimoya atılandan güclü olan bu bomba ilk saniyə və dəqiqələrdə 90 min insanın həyatına son qoydu. Bundan 6 gün sonra Yaponiya özünün təslim olduğunu bəyan etdi. Faşist koalisiyasının sonuncu ölkəsinin qeyd-şərtsiz təslim olması barədə akt 1945-ci ilin 2 sentyabrında ABŞ-ın Missuri xətt gəmisində imzalandı.

ABŞ-ın saxta bəhanəsi və atom hegemonluğu

Bununla da İkinci Dünya Müharibəsi başa çatdı. Lakin Yaponiya xalqının və dövlətinin əzabları bununla yekunlaşmadı. Sonrakı illərdə də Xirosimo və Naqasaki faciələri ilə əlaqədar on minlərlə insan dünyasını dəyişdi, radiasiyanın qurbanı oldu. Bu ölkədə dünyaya gələn uşaqların bir qismi ya şikəst olurdu, ya da ölü doğulurdu.

ABŞ-ın siyasi və hərbi rəhbərliyi bəşər tarixində ən güclü silahı on minlərlə mülki şəxsin, dinc sakinin yaşadığı şəhərə atması addımını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır. Amerikanlar iddia edirlər ki, guya Xirosimo və Naqasaki faciəsi hərbi zərurətdən irəli gəlib. Əslində isə bu yalandır.

Keçək faktlara: - əgər amerikalılar bunu müharibədən az itki ilə çıxmaları ilə əsaslandırırlarsa, ABŞ-ın insan itkisi onsuz da çox az oldu – 380-400 min nəfər.

Halbuki Almaniyaya, İtaliyaya və sonradan elə ABŞ-ın əsas düşməni Yaponiyaya da qarşı müharibəyə başlamış SSRİ bu müharibədə 27 milyon insan itirdi. İkinci fakt – ABŞ-ın guya müharibədən az itki ilə çıxmaq üçün Xirosimo və Naqasakiyə atom bombası atması iddiasının yalan olduğunu SSRİ faktoru da sübut edir.

Məsələ burasındadır ki, Stalinin rəhbərlik etdiyi imperiya Yaponiyaya qarşı hərbi əməliyyatlara qoşulmuşdu. Deməli ABŞ-a kifayət qədər dəstək vardı. Belə isə müharibədə onsuz da təklənən, SSRİ-İngiltərə-ABŞ üçlüyü ilə müharibədə tək qalmış Yaponiyanın dinc insanların yaşadığı şəhərlərinə atom bombası atmaqla on minlərlə mülki vətəndaşın, qadının, qocanın və uşağın həyatına son qoymağana səbəb nə idi?

Səbəb sonradan aydın oldu: - ABŞ-ın dünyada atom hegemonluğu. Ağ Ev rəsmiləri bu partlayışlarla SSRİ-dən güclü olduqlarını Stalinə sübut etməyə çalışdılar. Bundan əvvəl, 24 ilulda keçirilən Potsdam konfransında - “üçlüy”ün görüşündə ABŞ prezidenti Harri Trumen ölkəsinin atom silahı yaratdığını Stalinə eşitdirmişdi. Həm Trumen, həm də İngiltərə hökumətinin rəhbəri elə başa düşdülər ki, Stalin Amerikanın atom bombası xəbərdarlığını başa düşmədi. Lakin Stalin hər şeyi çox yaxşı başa düşmüşdü. Təsadüfi deyil ki, SSRİ rəhbəri elə həmin konfransdaca üzünü Vyaçeslav Molotova (SSRİ-nini xarici işlər naziri) tutaraq, “Kurçatova demək lazımdır ki, işləri sürətləndirsin” – demişdi.

Stalin “işlər” dedikdə sovet alimlərinin SSRİ-nin atom bombası hazırlığını nəzərdə tuturdu.

Xülasə, Xirposimo və Naqasaki faciəsinin əsas səbəbi ABŞ-ın əldə etdiyi ən təhlükəli silahla dünyada hegemonluq iddiası idi. Bu iddianın ömrü isə cəmi bir neçə il çəkdi – 1949-cu ildə SSRİ də özünün yeni atom silahını yaradaq ABŞ-la ümumdünya rəqabətində pariteti bərpa etdi.

2013-cü ilin 31 avqustuna qədər aparılmış dəqiqləşdirmələrlə məlum oldu ki, Xirosimo və Naqasaki şəhərlərinə atılmış bombalar ümumilikdə 450 min insanın həyatına son qoyub. 286 min 818 nəfər Xirosimoda, 162 min 83 nəfər isə Naqasakidə…

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm