Obamanın müharibə ssenarisi: əgər razılaşma olmasa...
Bizi izləyin

Dünya

Obamanın müharibə ssenarisi: əgər razılaşma olmasa...

İran ilə “P5+1” (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) ölkələri arasında ötən ay Vyanada əldə olunan nüvə razılaşması Amerika yəhudilərini iki yerə bölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yəhudi lobbisinin bir hissəsi razılaşmaya qarşı çıxsa da, digər hissəsi onu dəstəkləyir.

Razılaşmanın ABŞ Konqresindən keçməsi üçün təbliğat fəaliyyətinə başlayan prezident Barak Obama dünən ölkənin ən əhəmiyyətli yəhudi təşkilatlarının nümayəndələrini Ağ Evdə qəbul edib. Mətbuata bağlı keçirilən iki saatlıq görüşün detallarını Milli Demokratik Yəhudi Şurasının (STK) başçısı Greg Rozenbaum açıqlayıb. O, Barak Obamanın “İranla razılaşma olmasa, müharibə olar” fikirini müdafiə etdiyini deyib.

Rozenbaum deyib ki, Obamanın müharibə ssenarisi bu şəkildədir: ”Razılaşma olmasa İran uranı zənginləşdirməkdə davam edər və nüvə silahi istehsal etmək gücünə sahib olar. ABŞ müttəfiqlərini qorumaq üçün İranın nüvə mərkəzlərinə hücum edər. Lakin İran illik 15 milyard dollar hərbi büdcəyə malik ordusu ilə 600 milyard dollar hərbi büdcəyə malik ABŞ ordusu ilə döyüşmək əvəzinə İsrailə hücum edər. Bundan başqa, İran birbaşa hücum etmək əvəzinə ABŞ və İsrailə qarşı terror hərəkətlərinə dəstək verər”.

Məlumata görə, Obama İsrailin baş naziri Benyamin Netanyahunun nüvə razılaşması ilə bağlı narahatlığını aradan qaldırmaq istəsə də, istəyi qəbul olunmayıb.

Qeyd edək ki, İsrailin baş naziri dünən Şimali Amerikanın yəhudi federasiyaları ilə video konfrans zamanı deyib ki, İranın nüvə proqramı üzrə Vyana razılaşması atom bombasının yaradılması üçün İranın yolunu açacaq. İsrailin baş naziri Amerika yəhudilərini “pis saziş”ə qarşı mübarizə aparmağa çağırıb. O, “sazişin rəqibləri diplomatiya üçün deyil, hərbi əməliyyatlar üçün çıxış edirlər” deyən ABŞ prezidenti Barak Obamanın sözlərini “mütləq yalan” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm