Kosmosda müharibə təhlükəsi: dünyanı böyük qəza gözləyir - ŞOK
Bizi izləyin

Dünya

Kosmosda müharibə təhlükəsi: dünyanı böyük qəza gözləyir - ŞOK

“İraq, Suriya, Ukrayna, İran, İsrail və bir çox coğrafiyalarda münaqişə alovuna bürünmüş dünya yeni müharibə astanasına qədəm qoyur. Bu I, yaxud II dünya müharibələrindən daha dəhşətli olacaq. Kosmos müharibələri. Dünya hazırda bu vaxta kimi heç olmadığı qədər kosmos müharibələrinə yaxındır”.

Publika.az xəbər verir ki, ABŞ-ın “Scientific American” nəşri dünyanın kosmos müharibələri dönəminə qədəm qoyduğunu yazıb.

Çin və Rusiya Vaşinqtona qarşı: diplomatik yollar dalana dirəndi

Nəşr yazır ki, artıq kosmik sahə boş deyil. Planetin ətrafında qlobal peyk əlaqəsini 1300 mövcud peyk əhatə edir: “Müasir müharibələrdə peyklər vasitəsilə əldə olunan məlumatlar öz etibarlılığı ilə diqqət çəkir. ABŞ kosmik sahədə lider olaraq qalır. Çin və Rusiya bu liderliyə etiraz edənə qədər hər şey sakit görünürdü. İndi vəziyyət dəyişib. Hər iki ölkə öz kosmik proqramlarını hazırlayır, dövriyyəyə soxur və daim bu işin üzərində işləyirlər. Bu kosmik sahədə qarşıdurmanı gücləndirə və münaqişəyə səbəb ola bilər. Bu cür qarşıdurmalar isə bütün planetin kosmik infrastrukturunun iflic olmasına gətirib çıxara bilər. Hərçənd kosmosda münaqişə alovlanacaqsa, müharibələr Yer kürəsində aparılacaq. Yaranmış gərginlik bir sıra hadisələrə görə qaynaq nöqtəyə yaxınlaşır. Həmçinin, anti-peyk silahı haqda Çin və Rusiya ilə keçirilən BMT-nin uğursuz danışıqları və sınaqların davam etdirilməsi də gərginliyi artırır”.

Bu ilin əvvəlində ABŞ-ın Milli kəşfiyyat direktoru Ceyms Klepper (James Clapper) Konqresdə çıxışı zamanı artan təhlükə ilə bağlı qorxuları paylaşdı. Bildirdi ki, Çin və Rusiya Yer kürəsində mümkün təhlükələrə qarşı kosmosda öz şəxsi strategiyalarını hazırlayırlar: “Pekin Cənubi Çin dənizində, Rusiya isə Ukraynada yaranacaq təhlükələrə qarşı kosmosda öz təsir güclərini artırmağa çalışır. Çin Amerika peyklərinə maneələr yaratmaq, onları sıradan çıxarmaq və məhv etmək cəhdlərini nümayiş etdirdi. Pekin bu sistemin sınaqlarına 2007-ci ildə başlayıb”.

Nəşr yazır ki, mümkün təhlükələrə cavab olaraq Obama administrasiyası ABŞ-ın hərbi-kosmik proqramının müdafiəsi və effektli hücumlar üçün büdcədən 5 milyard dollar ayırdı. Bundan başqa ABŞ problemi diplomatik yolla həll etməyə çalışdı. Lakin iyulun sonunda Rusiya və Çin Braziliya, Hindistan, Cənubi Afrika və İranın da iştirakı ilə Avropa Birliyinin kosmosda davranış haqda təklif etdiyi beynəlxalq layihənin BMT-də müzakirəsindən boyun qaçırdılar. Problemin diplomatik yolla həlli bununla da dalana dirəndi.

ABŞ Dövlət katibinin silahlanmaya nəzarət üzrə köməkçisi Frenk Rouz bildirir ki, Vaşinqton kosmosda münaqişə istəmir: “ABŞ kosmosda təhlükəsizliyin təmin olunması məsələsində Rusiya və Çinlə əməkdaşlıq etməyə hazırdır. Lakin hər şeyə rəğmən, hücum olarsa, biz öz kosmik obyektlərimizi müdafiə edəcəyik”.

“Scientific American” isə kosmosda mümkün müharibə təhlükəsinin hələ SSRİ vaxtından mövcud olduğunu yazıb.

“Lakin bu gün vəziyyət daha mürəkkəbdir. Çünki kosmosda minlərlə peyk var və onlar müxtəlif istiqamətlərə uçuşur. Bu peyklərin adi bir “hadisədən” toqquşma təhlükəsi hər an reallaşa bilər. Bundan da ölkələr milyardlarla dollar ziyana düşə bilərlər”, - deyə nəşr yazır.

Kosmosda müharibə qaçılmazdırmı?

ABŞ Konqresi ölkənin milli təhlükəsizliyi ilə məşğul olan strukturlara daha diqqətli olmaları üçün təzyiqləri artırıb. 2015-ci ildə Pentaqona ayrılan maliyyənin əsas hissəsi kosmosda hücum və müdafiənin təşkilinə sərf olunacaq.

Kibermüharibə üzrə amerikalı ekspert Hayten hesab edir ki, kosmosda müharibə təhlükəsi istisna deyil.

“Ümid edirəm ki, biz kosmosda heç vaxt müharibə aparmayacağıq. Lakin bu baş verərsə, dünya böyük qəza ilə üzləşəcək”, - deyə o bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Rusiya kosmik ordu yaratdığını açıqlayıb. General-leytenant Aleksandr Qolovko bildirib ki, yeni hərbi birləşmənin adı Hava Kosmik Qüvvələri olacaq. Kremlin yeni ordunun yaradılması üçün artıq təlimatlar verdiyi deyilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm