Yerin qravitasiyasından kənarda kahı yetişdirildi
Bizi izləyin

Dünya

Yerin qravitasiyasından kənarda kahı yetişdirildi

NASA-nın “YouTube” kanalında Beynəlxalq Kosmik Stansiya ekipajının mikroqravitasiya şəraitində yetişdirilmiş kahı yediyini göstərən videomaterial yerləşdirilib.

Yerdən kənar ərzaq məhsullarının yetişdirilməsi üzrə irimiqyaslı “Veggie” təcrübənin mərhələlərindən biri uğurla başa çatıb. Dequstasiyada Amerika kosmonavtları Skott Kelli və Çell Lindqren, habelə yaponiyalı Kimiya Yui iştirak ediblər. Onlar əvvəlcə sadəcə olaraq kahının yarpaqlarını dadıblar, sonra ona zeytun yağı və sirkə əlavə ediblər. Kosmik agentlik videomateriala “İnsan üçün bir dişləm, bəşəriyyət üçün nəhəng yarpaqdır” adlı məzəli cümlə əlavə edib.

Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiyada kahının dequstasiyası – irimiqyaslı Veg-01 təcrübəsinin bir hissəsidir. Burada alimlər bitkilərin mikroqravitasiya şəraitində özlərini necə apardığını yoxlayırlar. Kosmik stansiyanın bortuna müxtəlif növ toxumlar aparılıb, sonra isə onları “Veggie” xüsusi kameralarında yetişdiriblər. Kameralar bitkiləri tam işıq və qida maddələri ilə təmin edib, habelə temperatura və havada karbon qazının miqdarına nəzarət edib.

NASA-nın ekspertləri təcrübəni kosmonavtikanın inkişafı üçün olduqca vacib hesab edirlər. Uğur qazanılarsa, adamlar kosmik gəmilərdə və stansiyalarda tərəvəz yetişdirmək imkanı əldə edəcəklər. Bu, digər planetlərə davamlı missiyalarda və onların tədqiq edilməsində həlledici rol oynaya bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm