Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına nə gətirəcək?
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına nə gətirəcək?

Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına nə gətirəcək?

Rusiyanın Ukraynaya hərbi müdaxilə haqda qərarına cavab olaraq Qərb dünyası Moskvaya qarşı sanksiyalar qəbul etməyə hazırlaşır. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin bu sanksiyaların hər iki tərəfə də zərər verəcəyi barədə xəbərdarlıq edir.

Məlumata görə, ABŞ prezidenti Barak Obamanın administrasiyasında Rusiyaya qarşı “iqtisadi hücum” planlaşdırılır. Hazırda Ağ Ev, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyinin ekspertlərinin Rusiyaya qarşı sanksiyaların hazırlanması ilə məşğul olduğu deyilir. Administrasiya sanksiyaların effektini yüksəltmək üçün atılacaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-ci ildə Gürcüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə “Ukraynada biz yəqin ki, Gürcüstan məsələsində olduğundan daha irəli gedəcəyik” deyib.

Yada salaq ki, 2008-ci ilin avqustunda Rusiya qoşunlarının Gürcüstana hərbi təcavüzündən sonra qlobal maliyyə böhranı yaşandı və bundan ən çox Rusiya əziyyət çəkdi. Birjalarda səhmlərin dəyəri kəskin ucuzlaşdı, rubl sürətlə dəyərini itirdi. Ən başlıcası, Rusiyanın əsas gəlir mənbəyi olan neftin qiyməti sürətlə ucuzlaşmağa başladı. İlin birinci yarısında bir bareli 147 dollara çatan neftin dəyəri ilin sonunda 33 dollara qədər endi. Rusiya iqtisadiyyatı çöküşün bir addımlığında idi. Rusiyalı ekspertlər qlobal böhranın ABŞ-ın Rusiyaya qarşı layihəsi olduğunu bildirirdilər. Hətta o vaxt rus mediasında “ABŞ Rusiyanı ürəyindən vurdu” kimi tezislər yer alırdı.

İndi təbii ki, ABŞ Gürcüstandan daha əhəmiyyətli olan Ukrayna məsələsində geri çəkilməyəcək. Hadisələrin sonrakı gedişatını belə proqnozlaşdırmaq olar:

- Rusiyanı iqtisadi baxımdan zəiflətmək üçün neftin qiyməti ucuzlaşmağa başlayacaq, bu, Rusiyanın büdcə kəsirinin böyüməsi və valyuta ehtiyatlarının tükənməsinə təkan verəcək;

- Qərb investorları Rusiya bazarlarını müvəqqəti də olsa tərk edəcək, Rusiyada işsizlik və yoxsulluğun səviyyəsi kəskin artacaq;

- Rublun dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək və sosial təlatümlərə gətirib çıxaracaq.

Rusiyanın alacağı iqtisadi zərbələr heç şübhəsiz ki, təcavüzkar siyasətində ona arxalanan Ermənistana təsirsiz ötüşməyəcək.

Xatırladaq ki, ABŞ 2010-cu ildə dünyanın bütün banklarına İran banklarına pul verməyi qadağan etmişdi. Bu qadağa İran iqtisadiyyatına mənfi təsirini dərhal göstərməyə başladı. Əvvəlki illərdə 4-6 faiz illik inkişaf qeydə alındığı halda, bu göstərici rəsmi məlumatlara görə 2011-ci ildə 3 faiz oldu. 2012 və 2013-cü illərdə isə müvafiq olaraq 1,9 və 1,5 faiz geriləmə qeydə alındı. Təsadüfi deyil ki, sonuncu illərdə Ermənistana gələn iranlıların sayı kəskin azaldı. İranlı turistlər Ermənistana daha az gələməyə başladılar, çünki onlarda pul yox idi. Bundan başqa, son illərdə İranın Ermənistanla etdiyi qaz-elektrik enerjisi barterinin həcmi əhəmiyyətli dərəcədə azaldı. Bunun nəticəsidir ki, son illər Ermənistanda elektrik enerjisinin istehsal həcmi aşağı düşüb.

ABŞ başda olmaqla Qərb dünyası Rusiyaya qarşı iqtisadi sanksiyaları tətbiq edəcəyi halda Ermənistanın vəziyyəti necə olacaq? Son iki gün ərzində Rusiyanın Mərkəzi Bankı 10 milyard dollardan çox itirib. Rusiyanın qiymətli kağızları bazarı da kəskin böhran şəraitindədir, indekslər isə 2009-cu il səviyyəsinə düşüb.

Erməni miqrantlarının Rusiyadan ailələrinə göndərdiyi pulun ümumi məbləği 1,2 milyard dollardan çoxdur. Bu isə Ermənistan dövlət büdcəsinin 30 faizinə yaxın bir hissəsidir. Yuxarıda qeyd etdik ki, Qərbin Rusiyaya qarşı sanksiyar qəbul edəcəyi halda Qərb investorları Rusiya bazarlarını müvəqqəti də olsa tərk edəcək, Rusiyada işsizlik və yoxsulluğun səviyyəsi kəskin artacaq. Belə olan halda isə Rusiyada erməni miqrantlarının əməyinə daha az ehtiyac olacaq və Ermənistan büdcəsinin formalaşmasında əsas vasitələrdən olan fərdi pul köçürmələri azalacaq.

Digər tərəfdən isə enerji bazarı və dəmiryolu nəqliyyatını tamamilə Rusiyanın nəzarətinə verən Ermənistan sözügedən sahələrə Moskvanın irihəcmli investisiyalar yatıracağına ümid edir. Rusiyaya qarşı sanksiyalar qəbul olunacağı halda isə Moskvanın bunu edəcəyi inandırıcı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm