Dəniz yolu ilə Avropaya qaçanların sayı kəskin artıb
Bizi izləyin

Dünya

Dəniz yolu ilə Avropaya qaçanların sayı kəskin artıb

Bu ilin əvvəlindən indiyədək Aralıq dənizi üzərindən Avropaya pənah aparan qaçqınların sayı 237 min nəfər olub. Mərkəzi qərargahı Cenevrədə yerləşən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yaydığı məlumata əsasən, bu ayın sonunadək Avropada sığınacaq axtaran “qayıq qaçqınları”nın sayı 250 min nəfərə çatacaq. 2014-cü ildə isə bütün il ərzində qaçqınların sayı 219 min nəfər olub.

Hər gün orta hesabla min nəfər dəniz yolu ilə İtaliya, İspaniya, Yunanıstan, Malta və digər Avropa ölkələrinə üz tutur. Normadan artıq yüklənmiş, açıq dəniz səfərlərinə yaramayan, texniki avadanlığı və peşəkar ekipajı qənaətbəxş olmayan bu qayıqlarla yola çıxanlardan azı 2300 nəfəri təhlükəli səfərdə həlak olub.

Təşkilat bildirir ki, qaçqınların əsas kütləsi Liviyadan keçməklə Eritreya (25567 nəfər), Nigeriya (11899 nəfər), Somali (7538), Sudan (5658), Suriya (5495) və digər Afrika və Yaxın Şərq ölkələrinə mənsubdur. Türkiyə və Yunanıstan üzərindən quru yolla Avropaya daxil olan Suriya qaçqınlarının sayı dəniz yolunu seçənlərdən daha çoxdur.

BMqT-nin baş direktoru Vilyam Leysi Svinq deyib ki, Aralıq dənizi hövzəsindəki vəziyyət həyəcan doğurur. O, Avropaya qaçqın axınına nəzarət etmək və tənzimləmək üçün Avropa İttifaqı ölkələrini səylərini birləşdirməyə, insan qaçaqçılarına qarşı mübarizənin effektivliyini artırmağa çağırıb. V. Svinq Avropaya miqrasiya axını ilə bağlı geniş ictimai debatların aparılmasının da vacibliyini bildirib və 500 milyon insanı əhatə edən Avropanın humanitar baza əsasında miqrantları qəbul etməyə qadır olduğunu deyib: “Lakin bu fenomen ətrafında gerçəklik deyil, daha çox emosiyalar, stereotiplər və miflər hökm sürür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm