Avroqrup Yunanıstana yardımın şərtlərini razılaşdırıb
Bizi izləyin

Dünya

Avroqrup Yunanıstana yardımın şərtlərini razılaşdırıb

Avrozonanın maliyyə nazirləri Brüsseldə keçirilən fövqəladə iclasda Yunanıstana kreditlə yeni çoxmilyardlı yardımın şərtlərinə razılaşıblar.

Avqustun 14-də axşam, Avroqrupun görüşündən sonra bu qərarı Avropa Komissiyası təsdiq edib. Beynəlxalq kreditorlarla müvafiq sazişi daha əvvəl Yunanıstan parlamenti bəyənib.

Üçüncü xilasetmə proqramının şərtlərinə görə, 86 milyard avro məbləğində yardım göstəriləcək. Sazişin avrozonaya daxil olan 19 ölkənin maliyyə nazirləri səviyyəsində dəstəklənməsi proqramın təsdiqi istiqamətində növbəti addım olacaq.

Nazirlər sazişi ekspertlər tərəfindən razılaşdırılandan daha əvvəl bəyəniblər. Ehtimala görə, Yunanıstana yeni kreditlər geniş əhatəli islahatların və sərt iqtisadi tədbirlərin görülməsi şərtləri ilə təqdim olunacaq. Vergilərin artırılması və ya pensiya sisteminin dəyişdirilməsi həmin şərtlərdəndir.

İndi sazişi Avropa İttifaqının daha bir neçə parlamenti təsdiq etməlidir. Almaniyada sərt müzakirələr gözlənilir. Almaniya deputatlar qərarı avqustun 18-də müzakirə edəcəklər. “dpa” agentliyinin məlumatına görə, yardım göstərilməsindən imtina etmək ehtimalı cüzidir.

Frans Press Agentliyinin məlumatına görə, Yunanıstana yardımın birinci tranşı 26 milyard avro təşkil edəcək. Özü də Afinanın bu pulların bir qisminə artıq gələn həftə - avqustun 20-dən gec olmayaraq ehtiyacı var. Həmin vaxt Avropa Mərkəzi Bankına 3,4 milyard avro həcmində kreditin, o cümlədən faizlərin ödənilməsinin vaxtı başa çatır. Bunun üçün Afinaya xüsusi bric-kredit lazım gələcək.

Qeyd edək ki, Yunanıstan 86 milyard avroluq krediti bütünlüklə 2018-ci ilədək alacaq.

Bric-krediti Beynəlxalq Valyuta Fondunun (BVF) iştirakını proqramın əsas şərti sayan Almaniya təklif edir. Amma BVF hələlik Yunanıstana maliyyə yardımında iştirakdan imtina edir.

BVF-nin başçısı Kristin Laqard avqustun 14-də yenə də deyib: “Fond hesab edir ki, Yunanıstanın borcu qeyri-sabitdir”. O, Avropa İttifaqı ölkələrini bu borcu xeyli yüngülləşdirməyə çağırıb. Kreditor Yunanıstanın islahatların keçirilməsinə yönələn səylərini də qiymətləndirib. Daha əvvəl BVF təkidlə Yunanıstan borcunun bir hissəsinin ödənilməsi və ya hesabdan silinməsi müddətlərinin uzadılmasının zəruri olduğunu göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm