Lukaşenko Rusiyanı “düşmənlər” siyahısına salır
Bizi izləyin

Dünya

Lukaşenko Rusiyanı “düşmənlər” siyahısına salır

21 illik hakimiyyəti dövründə ilk dəfədir ki, dərin iqtisadi böhranla üz-üzə olan Aleksandr Lukaşenko seçkilər ərəfəsində ənənvi şüarını dəyişməyə məcbur olub.

Publika.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, Lukaşenkonun əvvəlki seçkilərdə istifadə etdiyi “Güclü və çiçəklənən Belarus üçün” şüarı yenisi ilə əvəz olunub.

Lukaşenko üçün hazırda əsas məsələ ölkəsinin müstəqilliyidir: “Müstəqil Belarus üçün”.

“Gazeta.ru” hesab edir ki, Lukaşenko müstəqilliyin birmənalı olaraq Rusiyadan müdafiə olunmasının vacid olduğuna işarə edir: “Aleksandr Lukaşenkonun seçkiqabağı şüarları qəti şəkildə dəyişib. Əgər seçki şüarları əvvəllər insanların rifahının yaxşılaşmasına hesablanırdısa, indi bu, vətənin təhlükədə olduğunu qabardır. Minsk təxminən 15 il ərzində əsas düşmənləri kimi ABŞ və Avropa Birliyini görürdü. Sonradan bu siyahıya Polşa və Litva da daxil edilmişdi. Hazırda Rusiya oliqarxları (“Belarus müəssisələrini almaq istəyirlər”) Lukaşenkonun əsas tənqid obyekti olublar. Az qala Rusiya ilə potensial müharibə haqqında danışırlar”.

Lakin ekspertlər hesab edirlər ki, məsələ heç də Rusiyada düşünüldüyü kimi deyil. Politoloq Aleksandr Feduta bildirib ki, Belarusun müstəqilliyi Lukaşenkonun çıxışlarında hər zaman xüsusi yer tutub: “Lukaşenko həmişə bildirib ki, Belarusun müstəqilliyi var-dövlətdir, onu heç nə ilə dəyişdirmək mümkün deyil. O, əvvəllər elektorata pul, perspektivlər, yaxşı həyat vəd edirdi. İndi Rusiyada iqtisadi zəifləmə var və bu vəziyyət Belarusa da təsir edir. Lukaşenkonun təklif etdiyi maddi dəyərlərə heç kim inanmayacaq. Son dəyər qaldı, bu da müstəqillikdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm