Ukraynanın yeni xəritəsi: Krım Rusiyada, Donbasa müstəqil, Kiyevdə inqilab – DƏHŞƏTLİ LAYİHƏ
Bizi izləyin

Dünya

Ukraynanın yeni xəritəsi: Krım Rusiyada, Donbasa müstəqil, Kiyevdə inqilab – DƏHŞƏTLİ LAYİHƏ

Avqustun əvvəllərində Moskvada yaradılan “Ukraynanın Qurtuluşu Komitəsi” gələn aydan aktiv fəaliyyət başlayacaq.

Publika.az “Qazete.ru” saytına istinadən xəbər verir ki, bu barədə “Ukraynanın Qurtuluşu Komitəsi”nin üzvü, Ukrayna Ali Radasının keçmiş üzvü Vladimir Oleynik bildirib.

Ukraynanın “mühacirət hökuməti” adlandırılan komitənin olduqca iddialı planları var. Komitə Kiyevdə hakimiyyətin dəyişdirilməsi naminə Ukraynanı parçalamağa da hazırdır: Kiyevdə inqilab, Krımın Rusiyaya birləşməsinin tanınması və Donbas hövzəsinə müstəqilliyin verilməsi.

Qeyd edək ki, “mühacirət hökuməti”nin rəhbəri Ukraynanın keçmiş baş naziri Nikolay Azarovdur. O, avqustun əvvəlində komitənin təqdim edildiyi mətbuat konfransında bildirib ki, təşkilat prezident postuna Oleynikin namizədliyini irəli sürməyə qərar verib və bu barədə qərar yekdilliklə qəbul edilib.

Sabiq baş nazir təşkilatın üzvlərinin Ukraynanın ərazisində də gizli fəaliyyət göstərdiyini deyib. Azarovun sözlərinə görə, hələlik yaradılmış komitənin üzvlərinin adlarını təhlükəsizlik səbəbindən açıqlaya bilməz: “Çünki onlar Ukraynada yaşayır və işləyirlər. Onların adlarının açıqlanması isə çox təhlükəlidir. Vaxt gələndə onları Ukrayna xalqına təqdim edəcəyik. Əmin edə bilərəm ki, bu insanlar vətənpərvərlərdir və indiki hakimiyyətlə bağlı deyillər. Biz bilirik ki, kimlər Ukraynada dövlət çevrilişini həyata keçirərək öz xalqı ilə dialoqdan imtina edib. Qurtuluş Komitəsi hesab edir ki, ölkənin siyasi rəhbərliyi dəyişmədən razılığı bərpa etmək mümkün deyil. Təəssüf ki, Qurtuluş Komitəsi Ukraynadan kənarda yaradılır, amma əminəm ki, biz qayıdacağıq. Biz Ukrayna xalqına müraciət edirik, biz Ukraynanın inkişafı üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.

Vladimir Oleynikin özü isə bildirir ki, komitənin üzdə olan üzvlərinin Ukraynaya girişi və təbliğat aparmasında problemlər var. “Öldürəcəklər və deyəcəklər ki, özünü pəncərədən atdı”, - o, deyib.

Siyasətçi Ukraynada “qanlı Maydan”ın tərəfdarı olmadığını deyib və tezliklə Kiyevdə “sülh inqilabı” keçirəcəyinə söz verib. Siyasətçi əmindir ki, işsizlər və qrivnanın dəyərinin azalmasından narazı olan ukraynalılar payızda küçələrə çıxacaqlar: “İnsanlar ayağa qalxacaqlar, başqa variant yoxdur. Rejimin dəyişməsi qansız və demokratik şəkildə baş verəcək. Yuşşenkonun zəhərlənməsinin sirrini açmaq və Maydandakı qətllərdə beynəlxalq və Avropa qrupların iştirakını araşdırmaq üçün gələcəyik. Həmin vaxt ukraynalılar ayılacaqlar”.

“Mühacirət hökuməti” hakimiyyətə gələndən sonra Donbas hövzəsində anti-terror əməliyyatlarını dayandırmağa və mühasirəni aradan qaldırmağa, “xalq respublikaları”nın liderləri ilə razılaşmağa və Krımın Rusiyaya birləşməsini tanımağa hazırdır. Oleynik Ukraynanın Kremlin arzuladığı şəklə – yəni federasiya halına salınmasına söz verir. Onun fikrincə, xüsusi statusun yalnız “DXR” və “LXR”ə deyil, digər regionlara da verilməsi separatizminin qarşısının alınması üçün yeganə yoldur. Amma “mühacirət hökuməti” hakimiyyətə gələcəyi halda Donbasın taleyini səsverməyə çıxarmağa hazırdır. Yəni, “xalq respublikaları”nın əhalisi müstəqilliyə səs versələr, buna mane olmayacaqlar.

“Qazeta.ru" saytının Kremldəki mənbəsinin sözlərinə görə, komitənin yaradılması ideyası Nikolay Azarov və onun yaxın ətrafına məxsus olub. Lakin layihə Rusiya rəhbərliyi ilə uyğunlaşdırılıb. Amma mənbə hesab edir ki, “regionallar”ın (Ukraynanın keçmiş prezident Viktor Yanukoviçin rəhbərlik etdiyi Regionlar Partiyasının üzvləri) Ukrayna hakimiyyətinə qayıdışına inanmırlar və komitədən yalnız Ukraynaya qarşı informasiya müharibəsində təbliğat aləti kimi istifadə edir.

Komitənin yaradılması Minsk razılaşmalarına zidd olduğundan, Kreml komitənin işində iştirakını rəsmən inkar edir. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə açıqlamasında bildirib ki, layihənin rəsmi Moskva ilə uyğunlaşdırılması haqqında heç bir söhbət gedə bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm