Qərbin hökmranlığına son - Moskva yeni tarixin başlandığını bəyan etdi
Bizi izləyin

Dünya

Qərbin hökmranlığına son - Moskva yeni tarixin başlandığını bəyan etdi

“Rusiya ABŞ və Avropa Birliyi ilə işləməyə hazırdır, amma Moskva öz maraqları və xarici siyasətindən imtina etməyəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsində keçirilən gənclər forumunda çıxışında deyib.

Prezident Vladimir Putinin “Rusiya təzyiqlərə məruz qalır, çünki o öz müstəqilliyi ilə ticarət etmir” sözlərini xatırladan Lavrov ölkəsinin ABŞ və Avropa Birliyi ilə konstruktiv və tamhüquqlu dialoqa hazır olduğunu qeyd edib: “Müasir dünyada münasibətlər dialoq və qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Düşünürəm ki, əgər bu prinsiplər Qərb partnyorlarımız tərəfindən qəbul edilsəydi, Ukrayna böhranı da olmazdı”.

Lavrovun sözlərinə görə, Rusiya Federasiyası Qərbi öz hədəflərinin həyata keçirilməsində terrorizmdən istifadə etməməyə çağırır. Rusiya xarici siyasət idarəsinin başçısı bunu əxlaqsızlıq adlandırıb və terrorizm bəhanəsi ilə İraq və Liviyanın bombardman edilməsini xatırladıb: “İndi eyni şeyi Suriyada etməyə çalışırlar. ABŞ-ın siyasəti nəticəsində İraq və Suriya ərazisinin böyük hissəsində “İslam dövləti” elan edilib. Qərb SSRİ-yə qarşı Talibanı dəstəkləyib, arzuolunmaz rejimləri dəyişmək üçün isə “Əl-Qaidə”nin güclənməsinə laqeyd yanaşıb. “İslam dölləti” indi İraq və Suriya ilə kifayətlənmək niyyətində olmadığını elan edib. Hətta çap etdiyi xəritəyə Portuqaliya və Pakistanı daxil ediblər, Məkkəni və Mədinəni tutmaqla hədələyirlər. Bütün bunları biz bir şeyə inandırır ki, terrorizmlə ikiqat standartlarla mübarizə aparmaq, hədəfləri üçün terrorçulardan istifadə etmək lazım deyil. Birincisi, bu əxlaqsızlıqdır, ikincisi, onlara nəzarət etmək mümkün deyil”.

Lavrov Qərbin yüz illərlə davam edən hökmranlıq tarixinin başa çatdığını, Asiya-Sakit okean regionunda yeni mərkəzlərin meydana çıxdığını söyləyib: ”Hökmranlığı sanksiyaların yolu ilə saxlamağa cəhd edirlər. Hətta buna silahlı xaosu əlavə edir və bütöv regionlarda xaos yaradırlar. Beynəlxalq səhnədə birtərəfli qaydada hərəkət etmək cəhdləri çoxalır və hərəkətlərini bu cür əsaslandırmağa çalışırlar ki, BMT Təhlükəsizlik Şurası iflic olub. Bu yalandır. Son iki il ərzində BMT Təhlükəsizlik Şurası təxminən 80 qətnamə qəbul edib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm