Bu sirlər İŞİD-in əlinə keçə bilər
Bizi izləyin

Dünya

Bu sirlər İŞİD-in əlinə keçə bilər

Ötən həftə Suriyanın antik şəhəri Palmirada başı kəsilərək şəhər küçələrinin birində çarmıxa çəkilən 81 yaşlı məşhur arxeoloq Məhəmməd Əl-Əsədin oğlu Vəlid Əsəd İngiltərənin “The Times” qəzetinə danışıb.

Publika.az xəbər verir ki, atasının təqaüdə çıxmasından sonra – 2003-cü ildə Palmira Arxeologiya Dairəsinin rəhbərliyinə keçən Vəlid Əsəd Palmirada əhəmiyyətli sənədləri qoyaraq oradan qaçmalı olub.

Vəlid Əsəd bildirib ki, İŞİD-in antik şəhərin bəzi sirlərini ələ keçirə biləcəyindən narahatdır. O, arxeoloji qazıntılarla bağlı xəritələrin və şəhərin anbarlarında daha əvvəllər nələrin olduğuna dair məlumatların Palmirada qaldığını söyləyib.

“Böyük silahlarla evlərimizə basqın etdilər. Məni dörd gün saxladılar, qızıl, ləl-cəvahirat, üzüklər və tacların harada olduğunu soruşdular. Mən də, atam da Palmirada on illərdir qızıl olmadığını, arxeoloji qazıntılar aparan heyətlərin heç bir xəzinə tapmadığını söylədik. Ancaq inanmadılar”, - Vəlid Əsəd deyib.

O, atasının ölümündən 27 gün əvvəl son dəfə sorğulanması üçün evindən aparıldığını söyləyib: “Onunla yaxşı davranacaqları barədə bizə söz verdilər. Ancaq yalan danışdılar. Atamın öldürülməsi xəbərini alandan bir saat sonra şəhərdən qaçdıq”.

Roma İmperiyası dövründə İpək Yolunun üzərində olan şəhər BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) Dünya Mirası Siyahısına salınıb. İŞİD-in may ayında şəhərə daxil olmasından əvvəl suriyalı səlahiyyətlilər xeyli antik əsəri şəhərdən qaçırmağı bacarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm