İkinci Kosovo, yoxsa ikinci Dnestryanı - Krımın taleyi tatarların əlində
Bizi izləyin

Dünya

İkinci Kosovo, yoxsa ikinci Dnestryanı - Krımın taleyi tatarların əlində

Krım tatarları “qızıl səhmlərə” niyə çevrildi?

Krımın gələcək statusunu müəyyənləşdirəcək referenduma bir neçə gün qalıb. Qarşı tərəflər – Rusiya və Ukraynanın yeni hakimiyyəti isə yarımada əhalisinin təxminən 16 faizini təşkil edən Krım tatarlarını öz tərəfinə çəkmək istəyir.

Dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi keçirdiyi mətbuat konfransında Krımda güc tətbiqi barədə qərarı Krım tatarları ilə birlikdə qəbul edəcəyini söylədi. “Krımda güc tətbiqi haqqında qərar kollektiv orqan kimi Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərəfindən qəbul ediləcək. Biz rəsmi iclaslardan başqa, hər axşam operativ qərarların qəbulu üçün yığışırıq. İclasların bəzilərinə Krım tatarlarının nümayəndələrini dəvət edirik. Qərarları Krım tatarlarının nümayəndələri ilə birgə qəbul edəcəyik”, - Parubi deyib.

Kiyev həmçinin, Krım tatarlarının dogma torpaqlarına qayıtması üçün də əlindən gələnini edəcəyi mesajları verir.

Dünən Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Cəmiloğlu Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya gedib. Krım tatarlarının lideri Putinlə üzbəüz görüşə bilməyib, halbuki belə bir görüşün olacağı barədə informasiya yayılmşdı. “Nezavisimaya gazeta”ya Krım Tatar Məclisindəki mənbə bildirib ki, Putinlə telefonda söhbət edən M.Cəmiloğlu Rusiya prezidentindən silahlı qüvvələri və hərbi texnikanı Krımdan çıxarmağı xahiş edib.

Krım tatarları referendumu boykot etmək niyyətindədir. Bu barədə bəyanatı isə bir neçə gün bundan əvvəl Krım Tatar Məslisinin sədri Refat Çubarov verib. Krımdakı yeni hakimiyyət isə tatarlarıyla ümumi dil tapmağa çalışır. Krımın və Sevastopolun dövlət müstəqilliyi haqqında bəyannamənin qəbulundan sonra Krım parlamenti “Krım tatarlarının Krım cəmiyyətinə inteqrasiyası və hüquqlarının bərpasına zəmanət haqqında” qətnamə qəbul edib. Sənədə uyğun olaraq, Sergey Aksyonovun hökumətindəki yerlərin 20 faizi Krım tatarlarına təklif edilib və tatar dilinə rəsmi dil statusunun verilməsinə söz verilib.

Krım tatarlarının özləri isə onların bu qədər “sevilməsi”nin arxasında müəyyən maraqların olmasını başa düşür. R.Çubarov istehza ilə qeyd edib ki, hamı birdən-birə Krım tatarlarını sevməyə və Krımdakı vəziyyətə təsir edən amilə çevirdilər. “Hansısa planları hazırlayanda heç kim bizdən heç nə soruşmurdu. Bura bizim torpağımızdır. Biz referendumu boykot edəcəyik. Hərçənd bilirik ki, onun nəticəsi əvvəlcədən müəyyən edilib”, - Krım Tatar Məclisinin sədri söyləyib.

Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Seivolos isə “Bütün bunları Krım tatarlarına həmin insanlar təklif edir ki, onlar 20 il ərzində buna qarşı çıxırdılar” deyərək Krım tatarlarının proseslərə təsirinin artdığına diqqət çəkib.

Ankara isə Krımın Ukraynanın ayrılmaz hissəsi olması barədə bəyanat verib. Rusiya prezidenti ilə telefon söhbətində Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğan Krım tatarlarının hüquqlarının ruslarla bərabər səviyyədə qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda xarici işlər naziri Əhməd Davudoğlu Krım tatarlarının təhlükəyə məruz qalacağı halda onların yardımına gələcək birinci ölkənin Türkiyə olacağını bildirib.

Krım Tatar Məclisi Krım tatarlarını provokasiyaya təslim olmamağa çağırıb. “Nezavisimaya qazeta” qeyd edir ki, M.Cəmiloğlu Krımda cihada hazır musəlman qrupları olduğunu və onlara nəzarət etməyin mümkün olmadığını deyib. Xatırladaq ki, Rusiya mediası da keçən ilin yayında Krımda "Hizbut Tahrir əl-İslami" terror təşkilatının gücləndiyini, təşkilatın nümayəndələrinin Simferopolda bir neçə böyük mitinq keçirdiyini yazmışdı.

Krım məsələləri üzrə ekspert Andrey Demartino “Nezavisimaya qazeta”ya açıqlamasında bildirib ki, Krım tatarları yarımadadakı sabitlik mövzusunda hazırda “qızıl səhmlər”ə sahib olublar. Onun fikirncə, muxtariyyətinin Kosova, yaxud da ikinci Dnestryanı olması 300 minlik Krım tatarının mövqeyindən əhəmiyyətli dərəcədə asılı olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm