Hitlerin “oğlu”, dostu və ən çox sevdiyi gənc - Yeva Brauna aşiq olmuş Albert Şpeyer - - FOTO
Bizi izləyin

Dünya

Hitlerin “oğlu”, dostu və ən çox sevdiyi gənc - Yeva Brauna aşiq olmuş Albert Şpeyer - - FOTO

Hitler nə üçün özündən 16 yaş kiçik, oğlu kimi nəzər yetirdiyi Şpeyeri bu qədər sevirdi?

30-cu illərin ortalarında Almaniyanın hakimiyyət sükanı arxasına əyləşərək karyerasının ən uca zirvəsinə ucalmış Adolf Hitlerin ayrı-ayrı şəhərlərdəki gəzintiləri zamanı onu müşayiət edənlər arasında yaşca ən gənc bir şəxs vardı. O, işgüzar gəzintiləri zamanı daim Hitlerin arxasında olurdu. Lakin fürer onu görmürmüş, diqqət yetirmirmiş kimi davranırdı.

Belə gəzintilərin birində Hitler gözlənilmədən ona tərəf dönərək, “gəlin nahar edək” – dedi. Özünün də etiraf etdiyi kimi bu, Albert Şpeyerin həyatının ən xoşbəxt anı idi. Onlar birlikdə nahar masasına əyləşdilər.

Albert Şpeyer kim idi? O, hardan peyda olmuşdu? Hitler nə üçün özündən 16 yaş kiçik, oğlu kimi nəzər yetirdiyi Şpeyeri bu qədər sevirdi? Və ən əsası, “Əsrin məhkəməsi” adlandırılan Nürnberq prosesində Britaniya, ABŞ, Fransa, SSRİ prokurorlarını, hakimləri aldatmış Şpeyer bu cür vəzifə nərdivanına necə ucalmışdı?

Publika.az Hitlerin oğlu hesab etdiyi və ən çox sevdiyi “gənc”lə bağlı maraqlı faktları təqdim edir:

Karyera pilləkəninin ən uca zirvəsi – hərbi sənaye naziri

Bertold Konrad Herman Albert Şpeyer 1905-ci ildə Manxeym şəhərində dünyaya gəlmişdi. Özü riyaziyyatçı olsa da, atasının məsləhətilə başqa sahə üzrə ixtisasa yiyələndi. Arxitektura üzrə təhsil alan Şpeyer gələcək hakimiyyət komandasının azsaylı ali təhsilli, intellektual üzvlərindən idi. Almaniyada ictimai-siyasi vəziyyətin əsaslı şəkildə dəyişdiyini, hakimiyyətə qəhvəyi paltar geymiş Birinci Dünya Müharibəsi veteranlarının, yəhudilərə nifrət edən partiyanın iddia etdiyini görən Şpeyer bu fürsəti dəyərləndirdi. O, 1931-ci ildə nasional sosialistlərə qoşuldu. Partiyanın Nürnberdəki təşkilatının yeni binasının tikintisinə rəhbərliyi üzərinə götürmüş Şpeyerin bu işi uğurla başa çatdırması Hitlerin də diqqətini cəlb etdi. Şpeyerin gələcək həyatında unudulmaz an olan məşhur “gəlin birlikdə nahar edək” əhvalatı da bu dönəmdə baş verdi. Şpeyer həyatının bu anını ömrünün ən xoşbəxt dəqiqəsi adlandırırdı: “Bu inandırıcı deyildi. Dahi şəxsiyyət məni nahara dəvət edirdi”.

Onun bu və digər əl işlərini bəyənən fürer Şpeyeri şəxsi arxitekturunun texniki asisstenti təyin etdi.

Reyxin yeni dəftərxanasını inşa edən, avtomobil yollarının tikintisində, yeni binaların inşasında, 4 illik tikinti proqramlarına iştirak və rəhbərlik edən Albert Şpeyer karyera zirvəsinə 1943-cü ilin 2 sentyabrında çatdı. Arxitektorun inşa etdirdiyi, mozaika ilə bəzədilmiş qəbul otağına, xüsusi gözəlliyə malik iş kabinetinə malik müasir dəftərxana fürerin gözlərini qamaşdırdı. O, Şpeyerin əl qabiliyyətinə məmnunluğunu “Hər şey gözəldir” – heyrəti ilə ifadə etdi. Şpeyerin Nürnberqdə inşa etdirdiyi, nümayişlər üçün nəzərdə tutulmuş geniş stadion faşist rəhbərlərinin fasiləsiz tədbir yerinə çevrildi.

O, hərbi sənaye və silahlanma üzrə nazir vəzifəsinə təyin edildi.

Hitlerin oğlu, Yevanın sevgilisi

Bu dövr Almaniyanın Avropada apardığı müharibə ilə üst-üstə düşdü. Faşist ordusunun hərbi gücünün artması, ölkənin müdafiə qabiliyyətini güclənməsi Şpeyerin xidmətlərinin nəticəsi idi. Faşist dövlətini gücdən salmağa çalışan ABŞ-SSRİ-Britaniya üçlüyü onun şəhərlərini bombalamaq qərarına gəldilər. Almaniyanın ayrı-ayrı sənaye, hərbi mərkəzlərinə səmadan bombalar yağdıran antifaşist koalisiyasının ölkələri on minlərlə mülki vətəndaşının həyatının sonunu gətirdi. Almaniya iqtisadiyyatına zərbə vurdular. Lakin bütün bunlar yenə onların gözlədiyi effekti vermədi. Buna səbəb Şpeyerin qurduğu güclü hərbi sənaye maşını idi.

Şpeyer Hitlerin bütün tapşırıqlarının öhdəsindən uğurla gəlirdi. Bütün bunlar onları daha da yaxınlaşdırdı. O, indi bəzən günün çox hissəsini Hitlerin dağlarda inşa etdirdiyi malikanəsində, fürerlə birlikdə keçirirdi. Onlar birlikdə nahar edir, filmlər izləyir, bağ gəzintisinə çıxırdılar. Şpeyeri Hessdən, Gerinqdən, Gebbelsdən, Himlerdən bir müsbət cəhət fərqləndirirdi – o, daxili intriqalara baş vurmur, heç bir nazirlə çəkişmirdi.

Hitlerin bioqrafları, bəzi köməkçiləri bir əsas məqamı xüsusi olaraq vurğulayırlar: - Hitler Şpeyeri öz oğlu kimi sevirdi. Albert Şpeyerin həyatını araşdıran Gitta Sereninin sözlərinə görə, fürer orta yaşlı arxitektora gənc gözü ilə baxır, saatlarla onunla söhbətləşirdi.

Sonradan məlum oldu ki, fürerin sevgilisi Yeva Brauna qarşı içində gizli sevgi hissi olan Albert Şpeyerin dayaz düşüncəli, lakin olduqca gözəl və şən olan bu qadına qarşı xüsusi hissləri vardı. O, hətta üçüncü reyxin son günlərində Yevaya ona qoşulub qaçmağı, Avropadan uzaqlarda evlənməyi təklif etmiş, lakin bu təklif sevimli Adolfundan ötrü bütün məhrumiyyətlərə hazır olan qadın tərəfindən rədd edilmişdi.

Dünyanın son ən varlı nasisti, bütün antifaşistləri aldadan insan

1945-ci ilin mayında Almaniya qeyd-şərtsiz təslim olanda amerikalı biznesmen Pol Nits dərhal öz adamlarını bu ölkəyə göndərərək, onlara Şpeyerlə görüşüb, ondan faşistlərin güclü müdafiə sirlərini öyrənmələrini tapşırdı. Şpeyer bu sirləri verməkdə xəsislik etmədi. Həmin sirlər Pol Nitsə sonralar ABŞ-ın kosmik tədqiqatlarında faydalı oldu.

Qeyd edək ki, Hitlerin üçüncü reyxin son günlərində bunkeri və ümumiyyətlə Almaniyanı tərk etməməsinin səbəbkarladından biri də elə Albert Şpeyer idi. Sovet ordusu Berlini üzük qaşı kimi mühasirəyə alanda əlaltıları fürerə “Siz dərhal şəhəri tərk etməlisiniz” – deyəndə Hitler üzünü Şpeyerə tutdu: “Albert, siz nə deyirsiniz?”. Şpeyer özünəməxsus görkəmdə astadan dilləndi: “Mənim fürerim, pərdələr enəndə siz səhnədə olmalısınız”.

Hitler Berlində qaldı.

Elə həmin ilin sonlarında başlayan “Əsrin məhkəməsi” – Nürnberq prosesi 21 faşist cəlladının ən yüksək cəza alması, hərbi, mülki cinayətlərə görə cəzalandırılmaları ilə nəticələndi. Yalnız keçmiş nazir Albert Şpeyer “mən yəhudilərin və digər xalqların kütləvi qətliamlarından xəbərsiz idim” – deyə ifadələr verərək, ABŞ, Britaniya, SSRİ-dən olan hakimləri və prokurorları aldada bildi.

Boğazını dar ağacında asılmaqdan qurtaran Şpeyer 20 il azadlıqdan məhrum edildi. 1966-cı ilin sentyabrında həbsdən azad olmuş nasist azadlıqda ikən bir sıra kitablar yazdı. Bu əsərləri Şpeyerə hədsiz şöhrət və ən əsası isə var-dövlət bəxş etdi. O, milyoner idi. “BBC” və digər məşhur mətbu orqanlara müsahibələr verən Şpeyer üzvü olduğu faşist rejiminin cinayətlərindən xəbərsiz olduğunu iddia edə-edə, 1981-ci ilin 1 sentyabrınadək yaşadı.

2005-ci ildə Britaniya mətbuatı Şpeyerlə bağlı şok sənədi ictimailəşdirdi. Məlum oldu ki, faşistlərin yəhudiləri, slavyanları və digər xalqları kütləvi şəkildə qətlə yetirmələrindən xəbərsiz olduğunu iddia etmiş Şpeyer əslində bununla bütün dünyanı aldadıb. Onun iki köməkçisi 1943-cü ildə konslagerlərə baş çəkərək ölüm düşərgələrində yüz minlərlə günahsız insanın öldürülüb yandırılması barədə Şpeyerə ətraflı məlumat verib. Üstəlik Şpeyer “yəhudi məsələsinin birdəfəlik həlli”nə həsr olunmuş Anzey konfransında da iştirak edib. Bu, həmin toplantıdır ki, orada yəhudilərin zəhərli qazla qətlə yetirilərək qaz sobalarında yandırılmaları haqda gizli, rəsmi qərar qəbul edilib.

Keçmiş nazirin ömrünün sonlarına qədər məharətlə “yaxşı nasist” rolunu oynaması onun dar agacından xilas etmək istəyinə qulluq edirmiş və Şpeyer bununla öz arzularına çatdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm