Klintonun elektron yazışmalarının növbəti hissəsi dərc edildi
Bizi izləyin

Dünya

Klintonun elektron yazışmalarının növbəti hissəsi dərc edildi

ABŞ Dövlət Departamenti keçmiş dövlət katibi Hillari Klintonun bu postda olduğu müddətdə şəxsi elektron hesabından göndərdiyi məktubların növbəti hissəsini dərc edib.

Publika.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, söhbət yeddi min səhifə elektron məktubdan gedir.

Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib ki, bu məktublar göndərildiyi vaxt onlarda olan informasiya məxfi hesab edilmirdi. Ancaq daha sonradan təxminən 150 məktuba gizlilik statusu verilib. Bu səbəbdən də məktublar dərc edilmədən əvvəl redaktə edilib və bütün məxfiləşdirilmiş informasiyalar götürülüb. Qırğızıstandakı vəziyyət, İranın nüvə proqramı və Yaxın Şərqdəki vəziyyətlə bağlı məktublar məxfiləşdirilib.

Məktublardan birində Ukrayna katolik universitetinin rektoru Boris Qudzyakın ABŞ və şəxsən dövlət katibinin özündən kömək istəməsi əksini tapıb.

Klintonun elektron yazışmaları ətrafında qalmaqal cari ilin mart ayında başlanıb. Məlum olub ki, ABŞ-ın dövlət katibi xidməti yazışmalar üçün öz şəxsi serverindən istifadə edib. Bu isə federasiya qanununun pozulmasıdır.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qalmaqaldan sonra Klintonun elektron məktublarını yoxlamağa başlayıb. Məhkəmənin qərarı ilə Dövlət Departamenti hər ay Klintonun yazışmalarının bir hissəsini dərc edir. Gözlənilir ki, Klintonun bütün yazışmaları 2016-cı ilin yanvarında dərc ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm