Putinin sirli hücumu: Rusiya “ikinci Əfqanıstan” bataqlığına düşəcəkmi? - FOTOLAR
Bizi izləyin

Dünya

Putinin sirli hücumu: Rusiya “ikinci Əfqanıstan” bataqlığına düşəcəkmi? - FOTOLAR

Rusiya Suriyaya hərbi dəstəyini əhəmiyyətli dərəcədə artırır. Səbəbi isə hələlik anlaşılmazdır: Putin vətəndaş müharibəsinə böyük təsir göstərməyə, ABŞ-ı zəiflətməyə, yaxud da Qərblə yaxınlaşmağa çalışır.

Publika.az xəbər verir ki, Almaniyanın “Die Welt” nəşrinin əməkdaşları Qil Yaron, Oliver Bilqer və Alfred Hakensberqer “Vladimir Putinin Suriyaya sirli hücumu” yazısında Rusiyanın Suriyada aktivləşməsinin səbəblərini öyrənməyə çalışıb.

ABŞ Rusiyanın Suriya vətəndaş müharibəsində aktivləşməsindən ciddi narahatdır. Bu ilin avqust ayında Suriyada ilk dəfə Rusiya qeydiyyat nişanları olan BTR-82A tipli tamamilə yeni zirehli avtomobillər çıxdı. İnternetdə yayılan videoda da aydın şəkildə eşidilirdi ki, tankın komandirlərinə əmrlər rus dilində verilir.

Daha sonra isə altı MİQ-31 qırıcısı haqqında xəbərlər çıxdı. Xəbərlərə görə, qırıcılar Dəməşq yaxınlığında yerləşən hərbi aerodromda yerləşdirilib. Suriya Hərbi Hava Qüvvələrinin arsenalındakı hərbi təyyarələrdən fərqli olaraq MİQ-31-lər yüksək dəqiqliyə malikdir və cəbhə xəttində rejimin lehinə ciddi dəyişikliklərə gətirib çıxara bilər. Peykdən çəkilən görüntülər də göstərir ki, rus qüvvələri Suriyanın Latakiya liman şəhərinin beynəlxalq aeroportunda cəmlənir.

Vaşinqton əmindir ki, Rusiya Suriyaya humanitar yardım adı altında hərbi yüklər daşıyır. ABŞ məhz buna görə də Bolqarıstan və Yunanıstandan Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı tələb edib. Afina və Sofiya Vaşinqtonun bu tələbini yerinə yetiriblər. Amma bu iki ölkədən fərqli olaraq Suriyanın sadiq müttəfiqi olan İran hava məkanını Rusiya təyyarələri üçün açıb.

Vaşinqtonun narahatlığını ABŞ-ın dövlət katibi Con Kerri ötən istirahət günlərində rus həmkarı Sergey Lavrovla telefon söhbətində çatdırıb. Kerri xəbərdarlıq edib ki, Suriya prezidenti Bəşər Əsədə hərbi köməyin artırılması münaqişəni və qaçqınların axınını artıra bilər.

Dövlət Departamentindən bildiriblər ki, Putinin Suriyada son fəallığının hədəfləri indiyə kimi anlaşılmazdır. İlk baxışdan düşünmək olar ki, Putin regionda Amerikanın təsirini zəiflətmək və öz vassalı Əsədi gücləndirmək istəyir. Amerika diplomatları hesab edirlər ki, Rusiya hərbi təyyarələri yalnız İŞİD-i deyil, həm də Suriyanın mülayim müxalifətini bombalaya bilər.

Putin Əsədin ən əhəmiyyətli partnyorlarından biri olaraq qalır. Moskva hələ “soyuq müharibə” dövründə Dəməşq rejimini silah və pulla, kəşfiyyat informasiyası və hərbçilərə hərbi hazırlıq keçməklə dəstəkləyib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi etiraf edir ki, Rusiya heç vaxt terrorizmlə mübarizədə Dəməşqin yanında olduğunu gizlətməyib.

Rusiya ekspertləri isə daha təhlükəli ssenaridən xəbər verirlər. Onların fikrincə, sentyabrın sonunda Rusiya İŞİD-lə mübarizə üçün Suriyaya böyük qoşun birləşmələrini göndərə bilər. Məqsəd isə Qərbə yaxınlaşmaqdır. Putin bir neçə gün əvvəl deyib ki, Moskva terrorizm və ekstremizmə qarşı mübarizə üçün beynəlxalq koalisiyanın formalaşdırılmasına cəhd edir. İŞİD-ə qarşı mübarizədə ABŞ-la eyni koalisiyada yer almaq Moskva-Vaşinqton münasibətlərin normallaşması üçün göydəndüşmə fürsət olardı: Rusiya yenidən Suriyanın siyasi gələcəyində əsas söz sahiblərindən biri olur, eyni zamanda anti-İŞİD koalisiyasına qatıldığı üçün Rusiyaya qarşı sanksiyaların zəiflədilməsini tələb edə bilər.

Vladimir Putin Suriyaya birbaşa müdaxilə haqqında danışmaq istəmir, ən azından indi. O, həmçinin deyib ki, bütün variantlar baxılacaq. Amma qeyri-rəsmi iddialara görə, Əsəd hələ bu ilin mart ayında Rusiyanın hərbi müdaxiləsini istəyib. Ekspertlər bu məqama diqqət çəkirlər ki, Əsədin hərbi vəziyyəti heç vaxt olmadığı qədər pisdir. Suriya rejimi istirahət günlərində son böyük neft yatağını itirib. İŞİD Palmira şəhərindən şimali-qərbdə yerləşən Cazal qəsəbəsindəki neft quyularını ələ keçirib.

Son bir neçə ayda rejim ordusu ciddi məğlubiyyətlərlə üzləşib. “Əl-Nüsra” Cəbhəsi may ayıında İdlib şəhərini tutub. Hazırda isə müxalifət qüvvələri rejimin əsas bazalarından olan Latakiyaya hərəkət edirlər. İŞİD isə Dəməşqin mərkəzinə bir qədər də yaxınlaşıblar. Azad Suriya Ordusunun bölmələri son vaxtlar ölkənin cənubunda bir sıra önəmli qələbələr qazanıb. Əsəd İordaniyanın sərhədinin yaxınlığında yerləşən son bazası olan Daranı itirə bilər.

Rejim divara dirənib. İyul ayında Əsədin özü etiraf edib ki, əsgərləri çatışmır. “Ordu üçün hər şey var, amma şəxsi heyət azdır”, - dövlət başçısı dövlət televiziyasına müsahibəsində etiraf edib. Suriya prezidenti deyib ki, buna görə də ordu müəyyən əraziləri tərk etməli olub.

Əsəd rejiminin hərbi məğlubiyyətlərinə baxmayaraq, bir müddət əvvəl İran İslam Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan biri Qasım Süleymani bildirib ki, Suriya hərbi rəhbərliyi ilə birlikdə düşmənlər üçün “sürpriz” hazırlayırlar. Mümkündür ki, iranlı general Suriya müharibəsində Rusiyanın yeni və genişmiqyaslı iştirakını nəzərdə tuturdu.

Bununla belə, ekspertlərin əksəriyyəti Rusiyanın Suriyaya birbaşa və genişmiqyaslı müdaxiləsini ağlasığmaz hesab edirlər. Onlar keçmiş SSRİ-nin Əfqanıstana müdaxiləsini yada salırlar. Moskva Karnegi Mərkəzinin Yaxın Şərq üzrə eksperti Nikolay Koşanov da bildirir ki, Rusiya qoşunlarının Suriyaya müdaxiləsi yerli əhali tərəfindən də çox qarşılanmayacaq.

Kreml isə iddia edir ki, rus hərbçilərinin Suriyada yerləşdirildiyi barədə informasiyalar həqiqəti əks etdirmir. Bəs, Rusiya əsgərlərinin Suriyada şəkilən şəkillərini necə izah etmək olar? Rusiya müşahidəçilərinin fikrincə, onlar hərbi texnikanın texniki xidməti və Suriya əsgərlərinin hərbi hazırlığı üçün məsuliyyət daşıyan hərbçilərdir.

Rusiya Suriyanı özü üçün ikinci Əfqanıstan olaraq seçəcəkmi? İstisna edilmir. Amma bu halda Yaxın Şərqdə daha dəhşətli və dağıdıcı dövrün başlanacağı şübhəsizdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm