“Biz şansı itiridik, Azərbaycan isə yox” - erməni nəşri
Bizi izləyin

Dünya

“Biz şansı itiridik, Azərbaycan isə yox” - erməni nəşri

“Biz şansı itiridik, Azərbaycan isə yox” - erməni nəşri

Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra onun yerini tamamilə qərbyönlü qüvvələrin tutması Ermənistanda narahatlıqla qarşılandı. Rusiya prezidenti Vladimir Putinin Avrasiya İttifaqı layihəsinin açar ölkələrindən olan Ukraynanın əldən verilməsi dolayısı olaraq İrəvanı da çətin vəziyyətə salır.

Məsələ ondadır ki, Kreml Krıma hərbi müdaxilə edərək zor gücünə Ukraynanı geri qaytarmaq istəsə də, bu mümkün olmasa ən azından onu parçalayaraq qisas almağa çalışsa da, bu Avrasiya İttifaqı layihəsinin uğurla icrasına kömək etməyəcək. Dünən isə Ukrayna parlamenti ölkənin avrointeqrasiya xarici siyasət kursunu təstiqləyən qətnamə qəbul etdi. Dünyanın əksər nüfuzlu analitikləri hesab edir ki, Moskvanın Ukrayna bağlı siyasəti onun təcrid olunmasına gətirib çıxaracaq, dünya isə yeni bir “soyuq müharibə” dövrünə qayıdacaq. Ermənistan isə keçən ilin 3 Sentyabr tarixində bu qarşıdurmada Rusiyanın yanında yer alacağı barədə qəti qərar verdi. Rusiyanın dünyadan təcrid olunması isə eyni zamanda Ermənistanın daha böyük ölçüdə təcrid olunması ilə nəticələnəcək.

Ermənistanın “Jam” qəzeti yazır ki, Ermənistan hakimiyyəti 2008-ci ilə qədər tarazlaşdırılmış siyasət aparırdı. Söhbət hazırkı prezident Serj Sarkisyanın prezident seçilməsinə qədər olan dövrdən gedir. Bu siyasət ölkə üçün həm Rusiya, həm də Qərb ilə əlverişli münasibətləri saxlamağa imkan verirdi. “Hərbi sferadan başlayaraq bütün sferalarda həm Qərb, həm də Rusiya Ermənistanla əməkdaşlıq edirdi”, - qəzet qeyd edir.

Qəzet bildirir ki, S.Sarkisyan hakimiyyətə gəlişindən sonra dünya siyasətinin qütblərindən birini seçməyi qarşısına məqsəd qoydu: “Bu seçim Rusiya idi. Bununla da Serj Sarkisyan xarici siyasət strategiyası, ölkə iqtisadiyyatı və nüfuzunda mənfi iz qoydu. Sarkisyanın yürütdüyü xarici siyasətin nəticəsi Ermənistanın Gömrük Şurasına daxil olması ilə bağlı bəyanat idi. Bu bəyanat faktiki olaraq Ermənistanı Qərbin gözlərində atılmış dövlətə çevirdi. Eyni zamanda “Serj Sarkisyanın assosiativ oyunlarından” sonra Ermənistan Rusiya üçün də etibarsız partnyor oldu. Serj Sarkisyan tərəfindən həyata keçirilən xarici siyasət daha çox Ermənistanın iqtisadi maraqlarına zərbədir. Bu siyasət yaxın vaxtlarda ölkəni çox çətin vəziyyətə salacaq”.

Qeyd edək ki, Ermənistanın Gömrük Şurasına üzvlüyünə qarşı çıxanlardan biri də baş nazir Tiqran Sarkisyan idi. O, 3 Sentyabr tarixinə kimi fikrini bu cür əsaslandırırdı ki, Gömrük Şurasına üzvlük Ermənistan iqtisadiyyatı üçün əlverişsizdir. “Ancaq 3 Sentyabrdan sonra Tiqran Sarkisyan və erməni hakimiyyətinin bütün təpəsi “Gömrük Şurasının şahidi” oldular və hətta bundan ruslar da təəccübləndilər. Rəqəmlər onu göstərir ki, Serj Sarkisyanın növbəti macərası olan Gömrük Şurasına üzvlük ölkənin bütün vətəndaşlarının ciblərini vuracaq və bütovlükdə ölkə iqtisadiyyatında mənfi nəticələr yaradacaq”, - “Jam” yazır.

Ermənistan ictimaiyyəti narahat edən əsas məsələ Gömrük Şurasına üzvlükdən sonra ölkəyə idxal edilən məhsulların gömrük rüsumların artması ilə bağlıdır. Hazırda gömrük kodeksi 11 553 adda məhsula şamil edilir. Gömrük Şurasına üzvlükdən sonra isə bu siyahıdakı məhsulların 60 faizinin gömrük rüsumları artacaq. “Jam”ın yazdığına görə, Ermənistan hökuməti sözügedən siyahıdakı 850 adda məhsulun gömrük rüsumunun indiki səviyyədə saxlanması üçün danışqılar aparır. Amma bu danışıqların müvəffəqiyyətlə nəticələnəcəyi inandırıcı hesab edilmir.

Ermənilərin bu məsələdə ümidsizliyin arxasında dayanan əsas faktorun isə Gürcüstanın Avropa İttifaqı ilə imzalayacağı assosiativ müqavilədir. Müəyyən məhsuların gömrük rüsumlarının indiki səviyyədə saxlanması üçün Gömrük Şurasının digər üzvləri ilə aparılan danışıqlar müvəffəqiyyətlə nəticələnsə belə, qurum üzvləri ilə ümumi sərhədlərin olmaması Ermənistana əlavə probemlər yaradacaq.

“Gürcüstanın Avropa İttifaqı ilə assosiativ sazişi imzaladıqdan sonra gömrük rüsumlarının gürcü gömrüyündə nə qədər bahalaşacağı məlum deyil. Əgər Ermənistan hakimiyyəti ölkənin gələcəyi ilə bağlı narahat olsaydı, Gürcüstanın Avropa İttifaqı ilə assosiativ sazişi imzalamasından xeyrimizə istifadə edə bilərdilər. Bizim Rusiya və Avropadakı partnyorlarımıza izah etmək olardı ki, Ermənistanın geostrateji vəziyyəti ona xarici siyasət balansını pozmağa imkan vermir. Hazırkı halda Gürcüstan həm Avropa, həm də Rusiya ilə ticarət münasibətlərinin yaradılması üçün yeganə çıxışdır. Bu halda Ermənistan nə Gömrük Şurasına daxil olar, nə də Avropa İttifaqı ilə assosiativ razılaşma imzalayardı. Belə bir ssenari həm Rusiya, həm də Avropanı razı salardı. Ruslar əmin olardılar ki, “Ermənistan Qərbin qucağına atılmır" və Rusiyanın partnyoru olaraq qalır. Qərb də görərdi ki, Ermənistan faktiki olaraq onunla əməkdaşlıqdan imtina etmir. Ancaq bizim üçün bu tarixi şans itirilib, Azərbaycan üçün isə yox. Bu da Ermənistan üçün təhlükə deməkdir. Bütün bunlar Serj Sarkisyanın yürütdüyü siyasətin meyvələridir”.

Görünür, Sarkisyanın 3 Sentyabr Moskva səfərində Putin onu əmin etmişdi ki, Ukrayna da onundur və Kreml postsovet məkanının şəksiz sahibidir. Amma Rusiyanın bu məkanda məğlub olacağı gün elə də uzaqda deyil və Ermənistan da məğlubun yanında olmağa məhkumdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm