“A planı Ukraynanı bütünlüklə ələ keçirmək, B planı isə Qazaxıstanı…”- Proqnoz
Bizi izləyin

Dünya

“A planı Ukraynanı bütünlüklə ələ keçirmək, B planı isə Qazaxıstanı…”- Proqnoz

“A planı Ukraynanı bütünlüklə ələ keçirmək, B planı isə Qazaxıstanı…”- Qorxunc proqnozlar

Rusiyanın bu günə kimi sərgilədiyi davranışlar deməyə əsas verir ki, o Krımdan çəkilmək niyyətində deyil. Dünya ictimaiyyətini də düşündürən əsas sual budur: Rusiya Krımdan çəkiləcəkmi? Cavabı axtarılan digər suallar da var: Qərbin ehtimal olunan sanksiyaları vəziyyəti dəyişdirəcəkmi, Krım tatarlarının vəziyyəti necə olacaq, Ukraynanın bölünmə təhlükəsi varmı?

Publika.Az – ın verdiyi xəbərə görə, ABŞ mediasına müsahibəsində bu sualların cavabını Vaşinqtondakı Alman Marşall Fondunun Avrasiya üzrə mütəxəssisi, keçmiş səfir Temuri Yakobaşvili verib.

Sanksiyaların faydalılığına gəlincə, keçmiş səfir hesab edir ki, yalnız ABŞ-ın sanksiyaları ilə irəliləməni təmin etmək mümkün deyil. O, Avropa İttifaqı və Kanadanının da yer aldığı Qərb güclərindən ibarət bir gücün ortaq mövqe nümayiş etdirməsinin vacib olduğunu deyir. “Gerçəyi qəbul etmək lazımdır. Sanksiyalar yalnız bu halda təsirli olar. Sanksiyalar koordinasiya olunmalıdır. Yalnız adı açıqlanmayan bir neçə şəxsə qarşı viza qadağası ilə nəyəsə ümid etmək olmaz”, - T.Yakobaşvili deyib.

Krımdakı gərginlikdən ən çox narahat olanlar isə heç şübhəsiz ki, Krım tatarlarıdır. T.Yakobaşviliyə görə, Krım tatarlarının narahat olması üçün əsaslar kifayət qədərdir:

“Krım tatarlarının ruslarla bağlı xatirələri heç vaxt yaxşı olmayıb. Onlar Rusiya imperiyası tərəfindən təcrid ediliblər, Sovet İttifaqı dövründə sürgün olunublar. Sovet rəhbərliyi onlarla ikinci dərəcəli vətəndaş kimi davranırdı. İndi isə ruslar burunlarının dibinə qədər gəliblər. Krım tatarlarının narahat olmaları üçün hər cür səbəb mövcuddur. Krım tatarları Rusiyada yaşayan digər azlıqlara olan münasibətdən xəbərdardır. Çeçenlərin, inquşların və digər müsəlman xalqlara hansı münasibətin göstərildiyini bilirlər”.

Keçmiş səfir Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun “Problem yaranarsa, Krım tatarlarının köməyinə gələn ilk ölkə Türkiyə olacaq” sözlərini də şərh edib. T.Yakobaşvili hesab edir ki, bu, diplomatik bir yanaşmadır. “Burada həyata olan təhlükədən danışmırıq. İnsanların qarşılaşa biləcəyi həyat keyfiyyətindən bəhs edirik. Əlbəttə, burada həyat davam edəcək, amma bu necə bir həyat olacaq? Əsas məsələ budur. Krım tatarları fundamental insan hüquqlarını qoruya biləcəklərmi? Hər cür ittihamlar və qarayaxma kampaniyasına qarşı qoruna biləcəklərmi? Rusiyada media deməyə dilim gəlmədiyi təbliğat maşınlarında tatar əhalisi arasında radikal islamçıların, “Əl-Qaidə” üzvlərinin olduğu barədə xəbərlər dərc olunur. Bunlar təbii ki, uydurmadır. Türkiyənin ata biləcəyi ən gözəl addım Avropa İttifaqı, ABŞ və NATO ilə birgə hərəkət edərək NATO-ya məxsus döyüş gəmilərinin İstanbul boğazından keçməsinə yardım etməkdir. Bundan başqa humanitar yardım mövzusunda da atılacaq addımlar var. Çünki, Krımdakı vəziyyət yaxın vaxtlarda siyasi böhrandan humanitar böhrana çevrilə bilər”, - keçmiş səfir Krım tatarlarının çətin bir vəziyyətdə olduğunu bildirir.

Alman Marşall Fondunun Avrasiya üzrə mütəxəssisi bugünkü böhranın əsas səbəbinin Qərbin Vladimir Putini kifayət qədər ciddi qəbul etməməsi olduğunu deyir:

“Rusiya çox maraqlı bir ölkədir. Çünki onun lideri Rusiya Federasiyasına inanmır. Putin Rusiyaya aşiq deyil. O, daha böyük bir ölkəyə inanır. Buna istər “Yeni Sovet İttifaqı”, istər “Liberal Avrasiya İmperatorluğu”, istərsə də başqa bir ad qoyun. Amma burada əsas problem odur ki, Putin niyyətini əsla gizləmir. Hətta yüksək səslə ifadə edərək bunu edəcəyini söyləsə də, kimsə onu ciddi qəbul etmir. Məhz buna görə də Qərbdə bir qarışıqlıq var. Çünki əgər ciddi qəbul edilsəydi, Qərbin əlində hazır cavab tədbirlərinin olduğu bir paket olardı”.

“Bundan sonra nə olacaq” sualına isə T.Yakobaşvilinin cavabı isə xeyli ümidsizdir:

“Rusların A və B planı var. A planı Ukraynanı bütünlüklə ələ keçirməkdir. Bu mümkün olmasa, B planı işə düşəcək. B planının məqsədi isə Moldova və Gürcüstanda olduğu kimi heç olmasa ərazinin 20 faizini almaqdır. Bundan sonra nə ola bilər? Hər halda Qazaxıstanın rus əhalinin sıx olduğu şimal bölgəsi gündəmə gələ bilər. Yəni, bu sonu heç də yaxşı olmayan bir hekayədir. Əgər cavabı lazımı şəkildə verilməzsə, Rusiyanın daha çoxunu ələ keçirmək arzusu həmişə qalacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm