İran Göyçənin suyunu neft və təbii qazla dəyişir
Bizi izləyin

Dünya

İran Göyçənin suyunu neft və təbii qazla dəyişir

İran Urmiya gölündə ekosistemin bərpası məqsədi ilə yeni layihə hazırlayıb.

Publika.az İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran Urmiya gölünə axıdılacaq suyun əvəzində Ermənistan və Gürcüstana neft və təbii qaz verməyi planlaşdırır.

Agentliyin məlumatına görə, layihə İran və Gürcüstan parlament rəhbərlərinin görüşündə müzakirə edilib.

Qeyd edək ki, son zamanlar İran mətbuatında Urmiya gölünün ekosisteminin bərpası ilə bağlı müxtəlif iddialar səslənir. İran mətbuatının irəli sürdüyü iddialardan birinə görə, Göyçə (Sevan) gölünün suyu qurumaq üzrə olan Urmiya gölünün doldurulmasına yönəldiləcək. Lakin bu iddia həm Ermənistanın ekologiya naziri Aramais Qriqoryan, həm də Urmiya gölünün ekosistemin bərpası proqramını reallaşdıran elmi qrupun rəhbəri Masud Tadjrisi tərəfindən təkzib edilib.

KİV-in müsahibəsində işçi qrupun üzvü Xəlil Sayin isə qeyd edib ki, digər variantlarla yanaşı, Xəzər dənizindən suyun çatdırılması məsələsi müzakirə edilir. Ancaq ekspertin sözlərinə görə, bu layihə çox bahalıdır. İranlı mütəxəssis həmçinin bildirib ki, hazırda Türkiyənin Van gölündən suyun çatdırılması müzakirə edilir.

Xatırladaq ki, hələ ötən ilin avtustunda İran parlamenti Xəzər dənizindən kanal vasitəsi ilə suyun ölkənin mərkəzi ərazilərinə və Urmiya gölünə ötürülməsini nəzərdə tutan layihənin icrasına razılıq verib. İranın energetika naziri Həmid Çitçiyan bildirmişdi ki, artıq Xəzər dənizindən suyun ötürülməsini nəzərdə tutan layihənin icrası üçün büdcədən maliyyə vəsaiti də ayrılıb.

2012-ci ilin aprel ayında isə İranın sabiq prezidenti Mahmud Əhmədinejad Xəzər dənizindən Simnan, Yəzd, Kirman ostanlarına su kanalının çəkilməsi üzrə layihənin təməlqoyma mərasimində iştirak etmişdi. Həmin vaxt İran parlamentinin nümayəndələri və bir sıra iqtisadi ekspertlər bu layihəni iqtisadi baxımdan səmərəli hesab etməyərək dayandırılmasını tələb etmişdilər və layihənin icrası təxirə salınmışdı. Bu baxımdan mümkün variantlardan biri hesab olunsa da, Xəzər dənizindən Urmiya gölünə su axıdılmasının baş tutacağı ehtimalı azdır. Tərəflərin təkzib etməsinə baxmayaraq, Ermənistan və Gürcüstandan suyun axıldılması variantı daha real görünür. Tehranın suyun əvəzində neft və təbii qaz təklifi İrəvan və Tiflis üçün olduqca cəlbedici görünə bilər .

İran KİV-inin məlumatlarına əsasən, Urmiya gölündə suyun səviyyəsi son 13 ildə altı metr azalıb və gölün 85 faizi quruyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm