Bu məsələ Suriyada bütün tərəfləri birləşdirdi
Bizi izləyin

Dünya

Bu məsələ Suriyada bütün tərəfləri birləşdirdi

Suriya iqtidarı və müxalifəti, deyəsən, bircə məsələdə yekdildirlər: suriyalılar Avropaya köç etməməlidirlər. Publika.az BBC-yə istinadən xəbər verir ki, bu məsələdə Suriyadakı dörd qrupun öz səbəb və maraqları var.

Hökumət baxışı: Suriya üçün "itki"

Əvvəllər sürgün müvəqqəti sayılırdı. Təqiblərdən qaçan Suriya fəalları qonşu ölkələrə sığınırdılar. Sonradan adamlar döyüş gedən əraziləri tərk etməyə başladılar.

Münaqişə davam etdikcə və pisləşdikcə Avropaya gedən qaçqınların dalğası əsasən daimi sığınacaq istəyən və yeni həyata ümid edən gənclərdən ibarət idi.

Bunlar hökumətin bu məsələ barəsində fikir söyləməsinə səbəb oldu.

İnformasiya naziri Umran əz-Zubi “bəzi məlum ərəb və Qərb ölkələrinə” arxalanan terrorçu qrupları suriyalıları öz ölkələrini tərk etməyə vadar etməkdə günahlandırırdı. Nazir də başqa rəsmilər kimi belə bir mülahizə yürüdürdü ki, “xüsusi hazırlanmış layihə” ilə “Suriya icmalarınının işçi qüvvəsini qurutmaq”, onları məqsədli şəkildə və aşağı maaşla Avropa icmasına cəlb etmək, əvəzində Suriyaya “terrorçu qatilləri” göndərmək planlaşdırılıb.

Sentyabrın ortalarında müsahibə verən prezident Bəşər əl-Əsəd demişdi ki, “ölkəni tərk edən hər bir kəs məqamından və qabiliyyətindən asılı olmaryaraq vətən üçün itkidir”.

Belə görünür ki, bu “itki” Suriya iqtisadiyyatına da ziyan vurur. İqtisadiyyat və xarici ticarət naziri Human əl-Cəzairi deyib ki, Suriya funtunun ABŞ dollarına nisbətdə son devalvasiyasına səbəb “59 min suriyalının ölkəni tərk edərək Avropaya yollanması olub”.

Suriyanın özəl qəzetlərindən “Suriən Bələdna” qəzetinin yazdığına görə Əl-Cəzairi əlavə edib ki, bu köç “Suriyaya ən azı 300 milyon dollar ziyan vurub, çünki hər bir vətəndaş ölkədən orta hesabla 5 min dollar çıxarıb”.

Müxalifət bloku demoqrafiyadan nigarandır

Suriya müxalifəti də narahatlıq ifadə edir, lakin onun göstərdiyi səbəb fərqlidir.

Suriyanın Türkiyədə mənzillənmiş ana müxalifəti – Suriya İnqilabı Milli Koalisiyası və Suriyanın Müxalif Qüvvələri (SMQ) xəbərdarlıq ediblər ki, miqrasiya böhranı “sistematik köçkünlük” həddinə çatıb. Müxalifət iddia edir ki, Suriya rejimi və İran ölkənin “demoqrafiyasını dəyişməyə” və sünni çoxluğu şiələrlə əvəz etməyə çalışır.

SNQ sentyabrın 16-da prezident Əsədin daxil olmayacağı keçid hökumətinin yaradılmasına, dinc əhalini həm hökumət qüvvələrindən, həm də İslam Dövləti qruplaşmasından qorumaq məqsədilə “uçuşlarsız zona”nın yaradılmasına çağırıb.

Kürd baxışı – "Xəyanət"

Bir neçə kürd rəsmisi kürdlərin onların nəzarətində olan şimali Suriyadan köç etməsi ilə bağlı narahatlıq ifadə edib. Bunlar əsas etibarilə şimali Suriyada əhalisi kürd olan Əl-Cəzirə (kürdcə Cizrə) Əyn əl-Ərəb (Kobane) və Afrin şəhərilərinin sakinləridir. Bu ərazi 2014-cü ilin yanvarından “kürd muxtariyyəti” elan edilib.

Afrində Demokratik İttifaq Partiyasının (PYD) lideri Utman Şeyx İssa deyib ki, Suriya kürdlərinin çıxıb getmələrinə əsas səbəb işsizlik olsa da, bu məsələdə “kürdlərin əleyhinə olan dövlətlərin çirkin oyunları da əsas rol oynayıb”. O belə siyasətləri yürüdən başlıca ölkə kimi Türkiyənin adını çəkib, yazır kürdyönlü ANHA xəbər agentliyi.

Utman Şeyx İssa Avropaya qaçanların sayını azaltmaq məqsədilə kürdlərin yaşayış şəraitini yaxşılaşdıracağını vəd edib.

Bu yaxınlarda Suriya kürd fəalları yaratdıqları sosial media platformalarında Avropaya miqrasiyanı “xəyanət” adlandırıblar.

15 sentyabr tarixli Facebook postunda tanınmış kürdyönlü internet fəalı İshaq İssa yazır: “Miqrasiya edən və Rojavadan (Suriyanın şimalındakı de-fakto kürd muxtar rayonu) İraqın kürd ərazisinə və ya Avropaya gedən hər bir kəs öz torpağına, qeyrətinə, mədəniyyətinə, xalqına, dilinə, dostlarına, yoldaşlarına, şəhidlərə, Kobaniyə və onun müqavimətinə xəyanət edir”. O, həmçinin Suriyanın ərəb partiyası BƏƏS-ə “nökərçilik edənləri” tənqid edir.

İslam Dövlətinin "böyük günahı"

Özünü İslam Dövləti adlandıran və Suriyanın şimal-qərbində böyük əraziləri zəbt etmiş təşkilat da, deyəsən, bir sıra adamların onun üsul-idarəsindən qaçmasından narahatlıq keçirir. Qrupun bu yaxınlarda buraxdığı bir neçə videoda adamlara Avropaya miqrasiya etməmək, əvəzində İD-in “xilafət” elan etdiyi ərazilərə gəlmək tövsiyə edilir.

Bu videolarda deyilir ki, “müsəlman ərazisini” tərk etmək “böyük günahdlır” və miqrantları xaricdə yalnız alçaldılma və Avropanın mənəviyyatsız həyatına düşmək gözləyir.

Təbliğat videolarında bildirilir ki, İD-in şəriət qanunları ilə idarə etdiyi ərazidə həyat tamamilə “təhlükəsizdir” və yerindən asılı olmayaraq hə bir kəs buyurub bura gələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm