Şindlerin sənədləri UNESCO-nun dünya irs siyahısına daxil ediləcək
Bizi izləyin

Dünya

Şindlerin sənədləri UNESCO-nun dünya irs siyahısına daxil ediləcək

Sentyabrın 24-də Yaponiya minlərlə yəhudini alman konslagerlərindən xilas etmiş “yapon Şindler” adı ilə tanınan diplomat Çiune Suqiharanın fəaliyyəti ilə bağlı sənədlər paketinin UNESCO-nun dünya irs siyahısına daxil edilməsinə nail olmaq barədə qərar qəbul edib. Bu barədə müvafiq sorğu UNESCO milli komitəsində təsdiq olunub.

Sənədin sonradan UNESCO-nun mənzil-qərargahına göndəriləcəyi və 2017-ci ilin yayında müzakirəyə çıxarılacağı gözlənilir.

Çiune Suqihara Litvanın Kaunas şəhərində yerləşən Yaponiya baş konsulluğunun vitse-konsulu olub. 1940-cı ilin yayında hitlerçilər tərəfindən işğal olunmuş Polşadan qaçmış minlərlə yəhudi ona müraciət edərək sonradan üçüncü ölkəyə getmək şərti ilə Yaponiyaya viza verməsini xahiş etmişdi. Lakin rəsmi Berlinin müttəfiqi olan Tokio məsələyə neqativ münasibət bildirmişdi. Həmin vaxt Ç.Suqihara həyatını təhlükəyə ataraq yəhudilərə viza verməyə başlamış və sovet orqanlarından onların Transsibir magistralından istifadəsi barədə razılıq almışdı. 1940-cı ilin iyulundan sentyabradək (həmin vaxt o diplomatik xidmət müddəti başa çatdığına görə geri çağırılmışdı) o, 6 min viza vermişdi. Həmin vizalar ailəvi xarakter daşıdığına görə təqribən 10 min yəhudi alman istibdadından qaçmağa nail ola bilmişdi.

UNESCO-nun dünya irs siyahısına daxil ediləcək “Suqiharanın siyahısı” sənədlər toplusuna onun öz əli ilə doldurduğu blanklar, Kaunasdakı baş konsulluğa və Xarici İşlər Nazirliyinə göndərdiyi müxtəlif sənədlər daxildir.

Ç.Suqihara İsraildə “Sülh Zahidi” fəxri adına layiq görülmüş yeganə yapondur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm