Obama və Putinin görüşündən çıxan nəticə: Əsəd qalacaq, yoxsa gedəcək?
Bizi izləyin

Dünya

Obama və Putinin görüşündən çıxan nəticə: Əsəd qalacaq, yoxsa gedəcək?

Dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında dünyanın gözlədiyi görüş baş tutdu.

Publika.az xəbər verir ki, dünyadakı bir çox problemlər, o cümlədən Suriya böhranı üçün açar ölkələr hesab olunan ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin görüşüb.

Məlumata görə, Suriya böhranının siyasi həlli mövzusunda razılaşan ABŞ və Rusiya liderləri saat yarım davam edən görüşdə Əsədin gələcəyi barədə razılaşa bilməyiblər. Adının açıqlanmasını istəməyən Ağ Ev səlahiyyətlisinin sözlərinə görə, Əsədin vətəndaş müharibəsinin başa çatdırılmasındakı rolu haqqında iki tərəf arasında ciddi fikir ayrılığı olub. Moskvanın Əsədi radikal qruplara qarşı bir sipər olaraq gördüyünü söyləyən səlahiyyətli ABŞ-ın isə Suriya prezidentini bölgədə məzhəblər arasındakı qarşıdurmaları qızışdıran şəxs kimi gördüyünü deyib.

ABŞ və Rusiyanın Əsədin gələcəyi ilə bağlı fikir ayrılığı görüşdən əvvəl Obama və Putinin BMT Baş Assambleyasındakı çıxışlarında da özünü göstərmişdi. Putin çıxışında dünya liderlərindən Əsədə dəstək verilməsini istəyib. “Terrorçu qruplarla döyüşən İraq və Suriyaya hərbi və texniki yardım göstəririk. Terrorizmlə üz-üzə dayanan Suriya hökuməti və ordusu ilə əməkdaşlıq etməmək böyük səhvdir. İŞİD və digər terrorçu təşkilatlarla yalnız Əsədin ordusu və kürd döyüşçülər vuruşur”, - Putin deyib.

BMT Baş Assambleyasının sessiyasında çıxış edən ABŞ prezidenti isə Bəşər Əsədin ünvanına kəskin ifadələr söyləyib. Barak Obama Əsədi “xalqını bombalayan tiran” adlandırıb. ABŞ prezidenti Suriyada Bəşər Əsədlə davam edilməsinin mümkün olmadığını dilə gətirib. Obama Suriyada vətəndaş müharibəsindən əvvəlki vəziyyətə qayıtmağın mümkün olmadığını ifadə edib.

“Əsəddən başqa bir liderə keçməyimiz lazımdır”, - ABŞ prezidenti vurğulayıb.

Obamanın Əsədlə bağlı mövqeyinə Fransa prezidenti Fransua Olland da dəstək verib. O, Suriyada qarşıdurmanın Bəşər Əsədin iqtidardan uzaqlaşdırılması ilə başa çata biləcəyini qeyd edib: “Əsəd problemin mənşəyidir. O, həllin parçası ola bilməz. Əsəd getməlidir”, - Olland vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə “Russia Today” nəşrinə müsahibəsində Vladimir Putin və Barak Obamanın Yaxın Şərqdə terrorizmə qarşı mübarizədə əməkdaşlığı davam etdirməyə razılaşdığını deyib. Müzakirələrin “çox konstruktiv” olduğunu deyən Lavrov ancaq hər hansı konkret addımların uyğunlaşdırılmadığını qeyd edib.

Onun sözlərinə görə, sonrakı müzakirələr müdafiə nazirlərinin səviyyəsində aparılacaq.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası beynəlxalq hüququn normalarına uyğun yaradılmayıb. Nazir xatırladıb ki, koalisiya İraq hökumətinin razılığını alsa da, Suriya hökuməti ilə heç bir danışıqlar aparılmayıb. Lavrov BMT Təhlükəsizlik Şurasına da heç bir müraciətin edilmədiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm