Taliban qisas müharibəsinə başladı: özbək generalın cəsədini meydanda sallayacaqlar
Bizi izləyin

Dünya

Taliban qisas müharibəsinə başladı: özbək generalın cəsədini meydanda sallayacaqlar

Uzun müddətdir kamikadze hücumları və kiçik miqyaslı qarşıdurmalarla hökuməti devirməyə çalışan Taliban Kunduz əməliyatı ilə genişmiqyaslı müharibənin siqnalını verdi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dan hava dəstəyi alan Əfqanıstan silahlı qüvvələri şəhəri geri almağa çalışdığı bir vaxtda Taliban Kunduzla kifayətlənməyəcəklərini, əsl hədəfin paytaxt Kabil olduğunu açıqlayıb.

2001-ci ildə ABŞ-ın işğalı ilə hakimiyyətdən uzaqlaşdırılan Taliban 14 illik fasilədən sonra həyata keçirdiyi Kunduz işğalı ilə tarazlığı növbəti dəfə dəyişdirməyə çalışır. Kunduzun Talibanın əlinə keçməsindən sonra Əfqanıstan ordusunun Baş qərargah başçısının köməkçisi general Murad Əli Murad bildirib ki, şəhəri müdafiə edəcək qədər qüvvə olsa da, küçə döyüşlərində mülki vətəndaşların itkilərindən qaçmaq üçün şəhərdən çəkilmək qərarına gəliblər. Müdafiə naziri Məhəmməd Məsum Stanikzey isə Kunduza hücum edən Taliban silahlılarının arasında çoxlu sayda əcnəbi döyüşçünün olduğunu və təşkilatın yeni taktika tətbiq etdiyini deyib.

Hadisə şahidləri 14 saat davam edən qarşıdurmadan sonra şəhər mərkəzinə daxil olan Taliban döyüşçülərinin valilik, hərbi qərargahlar, polis bölmələri, banklar və bir çox dövlət təşkilatına məxsus binalarda Talibanın ağ bayrağını asdığını bildiriblər.

“Reuters” agentliyinin xəbərinə görə, yüksək rütbəli Taliban komandiri bunun hələ başlanğıc olduğunu deyib: “Kabili necə ələ keçirəcəyimizi və bu “kuklaları” meydanlarda necə sallayacağımızı görəcəksiniz”.

Əfqanıstan rəhbərliyi isə hazırda çətin vəziyyətdədir. Kunduzun itirilməsinin Əşrəf Qəninin prezident seçilməsinin birinci ildönümünə təsadüf etməsi diqqət çəkir. Əfqan analitiklər hesab edir ki, yeni hökumətin ilk işi olan ABŞ ilə Təhlükəsizlik və Əməkdaşlıq Razılaşmasının Kunduzda işləyib-işləməyəcəyi Kabil və Vaşinqton arasında əhəmiyyətli bir etibar sınağı olacaq.

Əfqanıstanın beşinci böyük vilayəti və 300 min əhalisi olan Kunduz ölkənin Mərkəzi Asiyaya açılan qapısı olduğu üçün strateji əhəmiyyətə sahibdir. Tacikistanla sərhəddə və şimala gedən dəhlizin üzərində yerləşən Kunduz Talibanın gələcəkdə Mərkəzi Asiyaya hücumları üçün baza rolunu oynaya bilər. Kunduz şəhəri 2001-ci ildə də Talibanın son qalası hesab olunurdu.

Əfqanıstan prezidenti Əşrəf Qəni Talibanın nəzarətinə keçən Kunduz şəhərinin geri qaytarılması üçün söz verib. Xalqı sakit olmağa çağıran Qəni qəddar düşmən adlandırdığı Talibanın mülki vətəndaşları canlı qalxan olaraq istifadə etdiyini söyləyib.

Talibanın Kunduz əməliyyatı hazırda prezidentin birinci köməkçisi olan general Rəşid Dostumun illər öncə təşkilata qarşı həyata keçirdiyi qanlı edamları xatırladıb. 2002-ci ildə yayılan görüntülər Amerika əsgərləri və özbək generalın XXI əsrin ən vəhşi qətliamlardan birinə imza atdığını göstərir. Görüntülər Məzari-Şərifdə minlərlə adamın güllələndiyini, onların işgəncələrə məruz qaldığını, öldürülən əsirlərin səhrada kütləvi məzarlıqlarda basdırıldığını sənədləşdirib. Məlumata görə, Zin qalası və Şibirgan həbsxanasında təxminən 3-4 min əsir öldürülüb. Əfqanıstan işğalı zamanı konteynerlərlə Kunduzdan Məzari-Şərifə gətirilən minlərlə əsir ABŞ və İngiltərə əsgərlərinin nəzarətində öldürülərək kütləvi şəkildə basdırılmışdı. Amerika, İngiltərə və özbək generala bağlı güclərin Kunduzda törətdiyi qırğınlardan sonra Cenk qalasına gətirilən 800-ə yaxın əsir də dünyanın gözləri qarşısında vəhşi bir qətliama məruz qalmışdı.

Taliban hazırda qisas zamanının çatdığını bildirir. Yeni müharibənin Kunduzdan başlanması da təsadüf hesab edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm