“Gəminin batdığını görsəydilər, istefa verənlərin sayı daha çox olardı”
Bizi izləyin

Dünya

“Gəminin batdığını görsəydilər, istefa verənlərin sayı daha çox olardı”

“Əgər gəminin batdığını görsəydilər, istefa verənlərin sayı daha çox olardı”

Vaşinqtonun nüfuzlu beyin mərkəzlərindən olan Brukinq İnstitutu bələdiyyə seçkiləri öncəsi Türkiyədəki vəziyyəti şərh edib.

Publika.Az – ın verdiyi xəbərə görə, institutun Türkiyədən olan eksperti, Koç Universiteti beynəlxalq münasibətlər fakültəsinin müəllim Ali Çarkoğlu ölkədə baş verən son hadisələrin seçkilərə təsirini qiymətləndirib.

Son 10 ildə sui-istifadə mövzusunun xalqın düşüncələrinə təsirini araşdırdığını deyən A.Çarkoğlu 17 Dekabr əməliyyatını “Gülən hərəkatı ilə Ədalət və İnkişaf Partiyası arasındakı boşanmanın miladı” olaraq xarakterizə edib. Professor hesab edir ki, Gülən camaatı ilə yaranan gərginlikdən sonra 9 millət vəkili Ədalət və İnkişaf Partiyasından (AKP) istefa versə də, partiya hələ də seçkiləri qazana biləcək gücdədir. “Əgər gəminin batdığını görsəydilər, istefa verənlərin sayı daha çox olardı”, - Çarkoğlu bildirib.

O, Türkiyədə gənc seçicilərin bir çox səbəblərə görə səsvermə hüququndan istifadə etmədiyini, onları seçki qutusuna gətirə bilən partiyanın isə qələbə qazanacağını vurğulayıb. Xarici siyasət məsələlərinin türkiyəli seçici üçün çox az əhəmiyyət daşıdığını deyən ekspert ən əhəmiyyətli faktorun iqtisadiyyat olacağını deyir.

Türkiyədə hər kəsin nəticəsini bildiyi bir seçki mühitinin olduğunu vurğulayan A.Çarkoğlu çox nadir hallarda bir partiyanın səslərini artıraraq ardıcıl 3 dəfə seçildiyini, bunun səbəbinin isə müxalifətin zəifliyi olduğunu vurğulayıb. O, son 6 ay ərzində seçkilərlə bağlı 75 ictimai rəy sorğusunun nəticəsini araşdırdığını söyləyib:

“Qarşılaşdığımız nəticə çox maraqlıdır. Ədalət və İnkişaf Partiyası 17 dekabrdan əvvəl 50 faiz səsə malik idi. Sonra 10 faiz səs itirir və yenidən bu səsləri qaytarır. Gəzi Parkı nümayişləri və Berkin Elvanın cənazəsinə gedənlər onsuz da AKP-yə heç vaxt səs verməmiş insanlardır. Onlar onsuz da müxalifətə səs verirlər. Müxalifətin səsinin artması üçün AKP-yə səs verənlərin fikrini dəyişdirməsi lazımdır. AKP-yə səs verən insanlar da bu nümayişlərə qatılsaydı, mənzərə fərqli olardı. Amma belə bir mənzərə yoxdur”.

A.Çarkoğlunun sözlərinə görə, 17 dekabr əməliyyatından sonra baş verənlər və internetdə yayılan səs qeydləri ilə dərinləşən AKP-camaat qarşıdurması seçkilərə təsir etməyəcək. O, gücü bərabər olmayan iki qrup arasında mübarizənin getdiyini və bu baxımdan da mübarizənin nəticəsini müəyyən etməyin çətin olmadığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm