İŞİD son anda nüvə bombasından məhrum edildi - TƏHLÜKƏ
Bizi izləyin

Dünya

İŞİD son anda nüvə bombasından məhrum edildi - TƏHLÜKƏ

Moldovada “çirkli bomba” üçün xammal olan nüvə materiallarının “qara bazar”da İŞİD-ə satışının qarşısı alınıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşlarına ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yardım edib.

Nüvə materiallarının “qara bazar”da İŞİD-ə satışının qarşısı son beş ildə ümumilikdə 4 dəfə alınıb. Radioaktiv xammalın Rusiyadan daşındığı təxmin edilir.

“Bu cür hadisələrin davamını gözləyə bilərik. Qaçaqmalçılar bunu etməkdə davam edəcəklər”, - moldovalı müstəntiq Konstantin Malik agentliyə bildirib.

Son əməliyyat 2015-ci ilin fevralında keçirilib. Qeyd edək ki, “çirkli bomba” partlayış dalğasının köməyi ilə əhəmiyyətli məsafələrə radioaktiv maddələri tozlandıran kütləvi qırğın silahıdır.

Xatırladaq ki, iyun ayında Avstraliya kəşfiyyatı İŞİD-in “çirkli bomba” yaratmaq planları barədə məlumat verib. Avstraliyanın xarici işlər naziri Culya Bişop İŞİD terror təşkilatının “çirkli bomba” yaratmaq üçün kifayət qədər radioaktiv maddə ələ keçirdiyini bildirib. Avstraliya Kəşfiyyat İdarəsinin məlumatına görə, İŞİD-in bioloji və ya radioaktiv silah yaratmaq şansı kifayət qədər çoxdur.

İŞİD döyüşçüləri arasında 10 gün keçirən almaniyalı jurnalist Jürgen Todenhöfer də analoji iddia ilə çıxış edib. Onun sözlərinə görə, İŞİD Qərbə qarşı nüvə hücumu planlaşdırır və bunun üçün potensialı var.

İŞİD-in kütləvi qırğın silahlarına sahib olması barədə iddialar hələ ötən ilin yayında irəli sürülüb. Məlumata görə, terror qruplaşması ötən ilin iyununda İraqın şimalındakı universitetlərin birində elmi araşdırmalar üçün istifadə edilən nüvə materiallarını ələ keçirib. İraq hakimiyyəti də bununla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) rəsmi məktub yazıb.

İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Əli Əl-Hakim qurumun baş katibi Pan Gi Muna Mosul universitetində təxminən 40 kiloqram uran birləşməsinin saxlanıldığını bildirib. “Terror qruplaşmaları hakimiyyətin nəzarətindən çıxan obyektlərdə nüvə materiallarını ələ keçirib. Bu, kütləvi qırğın silahının istehsalında istifadə edilə bilər”,– məktubda deyilirdi.


Məktubda Səddam Hüseyn rejimi dövründən qalan kimyəvi zavodlarda müxtəlif zəhərli kimyəvi maddələr və ya qalıqların olduğu ifadə edilib.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm