Putinin Suriya planını bu general hazırlayıb – İDDİA
Bizi izləyin

Dünya

Putinin Suriya planını bu general hazırlayıb – İDDİA

Bəşər Əsəd rejimini xilas etmək üçün Rusiyanın Suriyada başladığı əməliyyatların planını İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymani verib.

Publika.az xəbər verir ki, bu iddia ilə “Reuters” xəbər agentliyi çıxış edib.

Agentliyin yazdığına görə, Süleymani iyul ayında Moskvaya etdiyi səfər zamanı Əsədin xilası planının detallarını Rusiya tərəfinə izah edib. Rusiyalı səlahiyyətlilərlə birgə əməliyyat planı hazırlayan Süleymaninin bu günlərdə vaxtının böyük hissəsini Suriyanın paytaxtı Dəməşqdə keçirdiyi, prezident Bəşər Əsədlə davamlı olaraq görüşdüyü deyilir.

Xatırladaq ki, Qərb kəşfiyyat mənbələrinə istinad edən “Fox News” telekanalı iranlı generalın iyulun 24-də Moskvaya səfər etdiyini bildirib. Məlumata görə, Süleymani Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla ölkənin yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparıb. “Fox News” xatırladır ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə həmin generala İranı tərk etmək qadağan olunub. Kasım Süleymani İranın nüvə və raket proqramlarının hazırlamasında iştirakda ittiham olunur və 15 nəfərlik “qara siyahı”da yer alır.

Süleymani “Əl-Qüds” bölməsindən əlavə İranın xaricində hərbi və gizli əməliyyatların keçirilməsi ilə məşğul olan xüsusi təyinatlı dəstəyə rəhbərlik edir. Bildirilir ki, “Əl-Qüds” “Həmas" və “Hizbullah” təşkilatlarına hərbi dəstək verir. Qərbin versiyasına görə, məhz Süleymani 2012-ci ildən başlayaraq Suriya prezidenti Bəşər Əsədə müxalifətin əlindəki bir sıra strateji əhəmiyyətli əraziləri qaytarmağa kömək edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm