Döyüş komandiri: “Ölkəni bölməyə imkan verməyəcəyik”
Bizi izləyin

Dünya

Döyüş komandiri: “Ölkəni bölməyə imkan verməyəcəyik”

“Rusiya ordusunun dəstəyindən sonra Suriya ordusu ölkənin əhəmiyyətli hissəsini azad edib. Artıq 100-dən çox İŞİD terrorçusu məhv edilib. Rus hərbçiləri Suriya ordusuna əhəmiyyətli dəstək göstərdi”.


Publika.az xəbər verir ki, bu barədə Suriya ordusunun komandiri Ayxan Əbdül Rəhman “Sputnik Gürcüstan”a müsahibəsində deyib.


Onun sözlərinə görə, Suriyadakı terrorçulara ABŞ silah, Səudiyyə Ərəbistanı və Qətər isə pul və canlı qüvvə verir: “Terrorçular bunu gizlətmirlər. İŞİD-ə qarşı Qərbin qurduğu koalisiya gücləri Suriya təyyarələrinin hərəkətini məhdudlaşdırırdı. Lakin əslində onlar terrorçuları havadan müdafiə edirdilər. Rusiya təyyarələri münaqişə zonasına daxil olandan sonra biz qısa müddət ərzində əhəmiyyətli əraziləri azad etdik”.


Komandir Suriya ordusunun dünən yerüstü əməliyyatlara başladığını bildirib.

“Bununla bağlı Suriya Baş qərargah rəisi, ordu generalı Əli Eyyub açıqlama verdi. Artıq bir çox strateji əhəmiyyətli rayonlar Suriya ordusu tərəfindən azad olunub. Türkiyə və Səudiyyə Ərəbistanının dəstəklədiyi qruplaşmaların əlində olan Aleppo bölgəsinin azad olunması üzərində iş aparır. Bu bölgə ölkənin şimalında Suriyanın ikinci böyük şəhəridir. Əməliyyatlarda İranın iştirakından danışmaq hələlik tezdir. İran Suriyanın etibarlı müttəfiqidir. “Hizbullah” isə artıq iki ildir bizim əsgərlərimizlə çiyin-çiyinə döyüşür”, - deyə o bildirib.

Ayxan Əbdül Rəhman qeyd edib ki, nə Suriya rəhbərliyi, nə ordu, nə də xalq ölkənin parçalanması ilə barışmayacaq: “Suriyanın bütün ərazisinə nəzarət bərpa olunacaq. Biz ölkəni bölməyə imkan verməyəcəyik. Ölkənin ali rəhbərliyi Suriya torpağından terrorçuları təmizləməklə bağlı qərar qəbul edib və bu reallaşacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm