Dünya
Ankara terrorunun hədəfi, yaxud Türkiyəni kimlər qana boyayır? – TƏHLİL
Türkiyə yenə qana boyandı, bu dəfə ölkənin siyasi mərkəzində - Ankarada. Seçkiyə 20 gün qalmış, Türkiyənin Suriyada Rusiya ilə üz-üzə gəldiyi, Yaxın Şərqdə əsas oyunçu olmaq uğrunda Qərb və Şərq arasında qanlı döyüşün hər an başlaya biləcəyi bir vaxtda Ankarada solçular “sülh yürüşü”nə çıxdı, bir kamikadzenin özünü partlatması nəticəsində 97 insan həyatını itirdi, 186 nəfər yaralandı.
“Bir nəfərin ölümü faciə, min nəfərin ölümü
statistikadır”.
Lakin məşhur aforizmdə deyildiyi kimi, Türkiyədəki ölümlər
statistika deyil. Çünki bir hadisə birinci dəfə təsadüf, ikinci
dəfə zərurət, üçüncü dəfə məqsədli şəkildə baş verir.
2015-ci il 6 iyun: Türkiyədə parlament
seçkilərinin keçirilməsinə bir ay qalmış kürdlərin (solçular da
dolayısı ilə onları dəstəkləyir – red.) partiyası HDP-nin
Diyarbəkir mitinqində bomba partladı. Hadisə iki nəfərin ölümü,
yüzdən çox insanın yaralanması ilə nəticələndi.
2015-ci il 20 iyul: 7 iyul parlament seçkilərindən
13 gün sonra. Şanlıurfanın Suruç mahalındakı Amara Mədəniyyət
Mərkəzi qarşısında kamikadze özünü partlatdı. Hücumda 32 adam öldü,
29 adam yaralandı.
Və nəhayət, 2015-ci il 10 oktyabr: Növbədənkənar
parlament seçkilərinə 20 gün qalmış Ankarada terror törədilir.
Hər üç terrorun hədəfi solçulardır. Lakin proseslərin analizi solçu
və kürdlərin qurban olaraq seçildiyini, əsl hədəfin isə Türkiyə
olduğunu deməyə əsas verir və heç də hər şey təsadüf deyil.
Hadisənin baş verdiyi gün Türkiyə Milli İstihbarat Təşkilatının
şefi Bakıda türkdilli dövlətlərin kəşfiyyat rəhbərlərinin
toplantısında iştirak edirdi. Bununla yanaşı, Rusiya Suriyada
Türkiyənin hava məkanını pozmasından bir neçə gün keçirdi.
Hadisədən bir gün öncə PKK birtərəfli olaraq atəşkəs elan etdi,
lakin Ankara bunu qəbul etmədi. Bu baş verənlər terror aktının
hesabladığı hədəfin daha uzaq olduğunu göstərir.
Açıq düşmənin gizlətmədiyi hücum
- İlk baxışdan, terror aktı Suriyada hərbi əməliyyatlar keçirən
Türkiyəyə İŞİD-in “geri çəkil” mesajıdır. Solçuların qurban
seçilməsi dolayısı ilə onların yaxın olduğu Rusiyaya da cavabdır.
Çünki Rusiya da sentyabrın 30-dan başlayaraq Suriyada terror
təşkilatını bombalayır.
- İkinci versiyaya görə, terror aktını Rusiya xüsusi kəşfiyyat
xidməti törədə bilər. Moskva bununla Suriyada üz-üzə gəldiyi
Türkiyəyə mesaj verir. Solçuları qurban verməklə ölkədəki sol
kəsimi hökumətə qarşı çevirir.
- Daha bir versiyaya görə, terror aktını Bəşər Əsəd rejimi törədib.
Türkiyə KİV-də yayılan iddialar da bu yöndədir. Belə ki, məlumatlar
terror aktının arxasında Suriyanın kəşfiyyat təşkilatı “Əl
Muhaberat”ın olduğunu göstərir. Son dövrlər PYD (PKK terror
təşkilatının Suriya qanadı – red.) ilə yaxınlaşan “Əl Muhaberat”
hücum üçün PKK-dan istifadə edib. İddiaya görə, Rusiyadan dəstək
alaraq yenidən gücünü nümayiş etdirən Əsəd rejimi Türkiyədə 1
noyabr parlament seçkiləri öncəsi xaos yaratmaq üçün “Əl Muhaberat”
kəşfiyyat təşkilatına təlimat verib.
Lakin terror aktının arxasında görünməyən güclərin olması ehtimalı
daha böyükdür.
Qərb faktoru: HDP-nin Diyarbəkir mitinqində
törədilən terror aktından çıxış etsək, Ankaradakı terrorun da
kürdlərin parlamentdə daha çox səs toplamasını istəyən Qərbin
etdiyini demək mümkündür. Diyarbəkirdə məqsəd kürdləri sülhsevər və
hədəfdə olan kəsim olaraq göstərmək və daha çox səs toplamasını
təmin etmək idi. Nəticədə HDP 12 faizlik baryeri aşaraq Türkiyə
Böyük Millət Məclisində 80 yeri təmin etdi. Növbədənkənar seçkilərə
20 gün qalmış solçuların, yəni HDP-ni dəstəkləyənlərin Ankaradakı
“sülh yürüşü”nə hücum da eyni məqsədə xidmət edə bilər. Çünki 7
iyul seçkilərindən sonra koalisiya hökuməti qurulmadı, ardınca
Suruç terroru baş verdi və Türkiyə İŞİD-lə PKK-ya qarşı
genişmiqyaslı hücuma keçdi. Türk ordusunun verdiyi şəhidlərin sayı
artdıqca HDP-nin səsi azaldı. Sosial sorğulara görə, noyabrın 1-də
keçiriləcək seçkilərdə HDP nəinki baryerə yaxınlaşa, ümumilikdə 3
faiz səs belə toplaya bilməyəcək. Bu, HDP-nin arxasındakı Qərbi
narahat edir. Çünki lap əvvəldən məqsəd qurulacaq koalisiya
hökumətində HDP-nin də payının olması, uzaq perspektivdə isə
kürdlərin Türkiyə üzərində təsir imkanlarının yaradılmasıdır. Bu
baxımdan hesab etmək olar ki, Ankara terroru ilə kürdləri yenə
“əzilən” tərəf kimi göstərmək və seçkidə səslərini çoxaltmaq
istəyirlər.
İran-Rusiya-Əsəd faktoru: Hazırda Suriyada rus
hərbiçiləri havadan, İran qurudan Əsədə dəstək verir. İŞİD adı
altında başlanan əməliyyatlar əslində Türkiyənin dəstəklədiyi
müxalifləri də vurmaqdır. Belə bir vəziyyətdə Türkiyənin Suriya
müxalifətinə dəstəyi gücləndirəcəyi gündəmə gəlir. Suriyada Əsədlə
ittifaqa gedən Rusiya və İran Ankarada terror törətməklə Türkiyəyə
ciddi mesaj verirlər. Bu ittifaqın son günlər PYD ilə əməkdaşlığa
getməsi də xüsusi vurğulanmalıdır.
Dövlət faktoru: Terrorun Türkiyə dövləti
tərəfindən məqsədli şəkildə törədildiyi ehtimalları da səslənir.
Plana görə, Türkiyə solçulara hücum etməklə bunun İŞİD tərəfindən
törədildiyini iddia edir və İŞİD-lə yanaşı, PKK-nı da vurmağa əsas
yaradır. Xüsusilə, terrordan bir gün öncə PKK-nın atəşkəs çağırışı
etməsi bu ehtimalı müdafiə edənlərin əsas istinad nöqtəsidir.
Tarixdə böyük dövlətlərin siyasi gedişlər üçün öz vətəndaşını
qurban verməsi təcrübəsi var. Misal üçün, II çeçen müharibəsinə
əsas yaradan Moskva terrorunun məhz Rusiya dövləti tərəfindən
törədildiyi iddia olunur. Yaxud, ABŞ 2001-ci ildə Nyu-Yorkda əkiz
qüllələrə təyyarə hücumu ilə hazırda qarışdırdığı Yaxın Şərqə
müdaxiləyə əsas yaratdı. Lakin bir sıra amillər bu terrorun
arxasında Türkiyə dövlətinin dayandığı ehtimallarını azaldır.
Ankaradakı terrordan sonra məlumat yayıldı ki, eyni səviyyəli hücum
Moskvada da olacaqmış. Lakin Rusiya kəşfiyyatı bunun qarşısını ala
bilib. Bunun doğru olduğuna inansaq, hesab etmək olar ki, eyni əl
Türkiyə və Rusiyanı eyni anda vurur və bununla hər iki ölkəni
Suriyada daha dərin münaqişəyə sövq edir.
Terror aktını törədənin kimliyi haqda yayılan ilkin informasiya isə
hadisəyə baxışı ümumiyyətlə dəyişir. İŞİD terror
təşkilatının üzvü olan 16 nəfərin ailəsindən götürülən DNT
nümunələrinin ilkin nəticələrinə görə, şübhəlilərdən biri
Suruçdakı terror aktını törədən Şeyx Əbdürrəhman Alagözün böyük
qardaşı Yunus Əmrə Alagöz ola bilər. İlk araşdırmalarda bomba və
partlayıcı qurğunun Suruçda 34 nəfərin həyatına son qoyan
kamikadzenin istifadə etdiyi bomba və partlayıcı qurğu ilə eyni
olduğu müəyyənləşdirilib.
Bu məlumatlar terror aktının arxasındakı qüvvənin İŞİD-i
dəstəkləyənlər, yəni Qərb olduğunu iddia etməyə imkan verir.
Unudulmamalıdır ki, məhz Suruç terrorundan sonra Türkiyə Suriyada
hava əməliyyatlarına başladı. Doğrudur, dövlət bunu öz xeyrinə
çevirərək, 3 illik atəşkəs dövründə güclənən PKK-nı da məhv edə
bildi. Lakin ümumi mənzərədə Qərb Türkiyəni müharibəyə soxa
bilmişdi.
Terroru sifariş verən Qərbin məqsədi nədir?
1. Hər şeydən öncə Türkiyəni İŞİD-ə qarşı əməliyyatları davam
etdirməyə sövq edir. Bu, Ankaranın Suriya bataqlığından çıxmaması
və Rusiya ilə qarşıdurmanın dərinləşməsi ilə nəticələnəcək.
İkitərəfli münasibətlərin pozulması regionda Qərbin istəmədiyi bir
çox iqtisadi layihələri dayandıracaq, Türkiyəni anti-Rusiya
koalisiyasına qoşulmasını sürətləndirəcək.
2. Hədəfin solçular olması ölkə daxilində xaosu gücləndirəcək. Eyni
zamanda, kürdlərin “terroru dövlət törədib” iddialarına güc
verəcək. Beləliklə, Türkiyə daxilində bir-birinə qarşı olan iki
cəbhə yaranacaq və ölkəni zəiflədəcək. Həmçinin, başı daxili
problemlərə qarışan Ankara xarici siyasətində, xüsusilə Yaxın Şərq
siyasətində uğursuz olacaq.
3. Terrorun İŞİD tərəfindən törədilməsi kürdləri, eləcə də
Suriyadakı kürd silahlılarını – PYD-ni qəhrəmana çevirə bilər.
“Türkiyə İŞİD-ə qarşı PYD ilə ittifaqa getməli idi” kimi fikirlər
ictimai rəyə çevrilə və AKP seçkidə təkhakimiyyətlilik qura biləcək
qədər səs toplamaya bilər. Halbuki Türkiyə İŞİD-ə qarşı
əməliyyatlara başlayandan Avropa dövlətləri onu PYD ilə əməkdaşlıq
etməyə çağırırdı. Əslində bu, PKK-nın Türkiyə dövləti tərəfindən
tanınmasına, təşkilatın leqallaşmasına hesablanmış çağırışlar
idi.
Bu hadisədən sonra noyabrın 1-də HDP-nin uçuruma yuvarlanan
səslərinin tədricən yüksəlməsi heç də gözlənilməz nəticə
olmayacaq.
Asif Nərimanlı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT