Kiyev Krımı beynəlxalq məhkəməyə verir
Bizi izləyin

Dünya

Kiyev Krımı beynəlxalq məhkəməyə verir

Kiyev separatçları beynəlxalq məhkəmə ilə hədələdi

Xəbər verildiyi kimi, Krımda keçirilən referendumun ilkin nəticələri açıqlandı. İlkin nəticələrə görə, referendumda 1,5 milyon adam səs verib, onlardan 93 faizi Krımın Rusiyaya birləşməsinə tərəfdar çıxıb.

Publika.Az – ın verdiyi xəbərə görə, Rusiya Dumasının deputatı Sergey Mironov Rusiya mediasına bildirib ki, Krımın ilhaqı üzrə Moskvanın qanunverici aktları çox sürətlə qəbul olunacaq.“Krımdakı qardaşlarımız buna qətiyyən şübhə etməsinlər, - rusiyalı deputat söyləyib.

ABŞ və Avropa İttifaqı referendumun nəticələrini tanımadıqlarını elan ediblər. Ukraynanın mərkəzi hakimiyyəti isə faktiki olaraq Rusiya qoşunlarının nəzarətində olan yarımadakı referendumu qanunsuz elan etdi, separatçları beynəlxalq məhkəmə ilə hədələyib. Separatçılar Ukraynanın şərq bölgələrində də fəallaşaraq ölkənin parçalanması təhlükəsini gündəmə gətirirlər. Bölgəyə qoşun yığan Rusiya burada da "rusların hüquqlarını qorumaq hüququnu özündə saxladığını" bəyan edir.

Ukrayna mərkəzi hakimiyyətinin baş naziri Arseni Yasenyuk seperatçıları işarə edərək ayaqları altında torpağın yanacağını bildirib. O, Ukrayna Nazirlər Kabinetinin iclasında əmin edib ki, Rusiya ordusunun himayəsi ilə Ukraynanı parçalamaq istəyənlər gec-tez Ukrayna və beynəlxalq qanunlar əsasında mühakimə olunacaqlar.

Yaxın saatlarda isə Moskvada Krımın anneksiyasının rəsmiləşdiriləcəyi gözlənilir. Hazırda MDB-nin 2 ölkəsinin qoşunları üz-üzə dayanıb, bir-birini hərbi texnika ilə qorxutmağa çalışırlar. Ukrayna müdafiə naziri martın 21-dək sülh razılaşmasının əldə olunduğunu bildirsə də, Rusiya silahlı qüvələrinin hərbi vertolyotları artıq Krımdan kənarda da Ukrayna BTR-lərinin başı üzərində fırlanır.

Qeyd edək ki, referenduma iki sual çıxarılmışdı: “Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinəsinizmi?” və “Krım Konstitusiyasının 1992-ci il redaksiyasına qaytarılmasını istəyirsinizmi?”. 1992-ci il Konstitusiyasın əsasən Krım Ukraynanın tərkibində olsa da, müxtar prezident respublikası kimi geniş səlahiyyətlərə malik idi. 1994-cü ildə Krım prezidenti ilə rəsmi Kiyev arasındakı çoxsaylı münaqişlərdən sonra, Krımın statusuna yenidən baxıldı və Kiyevlə Simferopolun səlahiyyətləri daha aydın bölüşdürüldü, prezidentlik institutu ləğv edildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm