İran parlamenti “Nüvə Sazişinin reallaşdırılması haqqında” qanun layihəsini qəbul etdi
Bizi izləyin

Dünya

İran parlamenti “Nüvə Sazişinin reallaşdırılması haqqında” qanun layihəsini qəbul etdi

Oktyabrın 13-də İran İslam Şurası (parlament) “Nüvə Sazişinin reallaşdırılması haqqında” mübahisəli qanun layihəsinin detallarını müzakirə etdikdən sonra bəyənib.

İRİNN televiziya kanalının yaydığı xəbərə görə, olduqca gərgin keçən müzakirələrdən sonra 161 deputat qanun layihəsinin lehinə, 59 deputat əleyhinə səs verib. Deputatlardan 13-nün isə bitərəf qalması ilə qanun layihəsi qəbul edilib.

Qanun layihəsi İran hökumətinə Qərb dövlətləri ilə əldə edilmiş razılığa əsasən imzalanmış saziş üzrə ölkə Konstitusiyasına uyğun olaraq bəzi tədbirləri həyata keçirməyə imkan verəcək.

Xatırladaq ki, İran ilə “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında cari il iyulun 14-də İranın nüvə proqramının dayandırılması haqqında saziş imzalanıb. Sazişə əsasən nüvə proqramının dayandırılması müqabilində İrana qarşı tətbiq edilən bütün iqtisadi sanksiyalar aradan qaldırılacaq.

Siyasi və hərbi məsələlərə dair qərar qəbul etmək səlahiyyətlərinə malik olan İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası da sazişin reallaşmasına etiraz etməyib.

Qanun layihəsinin parlament tərəfindən qəbul edilməsindən sonra İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı bildirib ki, hökumət oktyabrın 19-dan başlayaraq saziş üzrə görüləcək tədbirləri reallaşdırmağa başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm