Fətullah Gülən danışdı: “Dostlarımızın hamısı vəfalı çıxdı”
Bizi izləyin

Dünya

Fətullah Gülən danışdı: “Dostlarımızın hamısı vəfalı çıxdı”

Fətullah Gülən danışdı : “Dostlarımızın hamısı vəfalı çıxdı”

“Bu, bir oyundur. Özlərinin etdiklərini camaata sırımaq istəyirlər. Bir adam üçün bütün Məclisi ayağa qaldırıb qanun qəbul etdilər, eyni münasibəti bu insanlar üçün də göstərə bilərdilər”.

Publika.Az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Türkiyədəki Xidmət Hərəkatının lideri Fətullah Gülən uzun müddətdir davam edən sükutdan sonra “Zaman” qəzetinə müsahibəsində “Ərgenokon” əməliyyatı zamanı həb olunanların azadlığa çıxmasına münasibət bildirərkən deyib. O, qanun və hüququn tərəfində olduqlarını bildirib.

Qeyd edib ki, ərgenokonçular təxliyə olunsalar da, məhkəmələri davam edir: “Hüququn qərarını hörmətlə qarşılamaq lazımdır. Biz həmişə belə olmuşuq, bundan sonra da belə olacağıq”.

F. Gülən hazırda Türkiyədə camaata qarşı edilənlərə sərt münasibət bildirib: “Bu cür münasibətləri dəfələrlə yaşadıq. 12 mart işində “dövlətə sızmaq” ittihamı ilə 6 ay yarım həbs. 163-cü maddə rəhmətlik Özal tərəfindən ləğv edilənə qədər gilyotin kimi müsəlmanların başı üzərinə idi. 12 sentyabrdan (1980) başlayaraq, 6 il təqib edildim. Amma bu gün hərbi çevrilişlərdə gördüklərimizdən 10 qat pis münasibət görürük”.

F. Gülən “Fənərbaxça" futbol klubunu camaatın alacağı ilə bağlı deyilənləri də təkzib edib. Bunu, ümumiyyətlə, anlamadıqlarını bildirib. O, Türkiyə ictimaiyyətinə mesaj olaraq bildirib ki, izah edə bilmədikləri hər şeyi camaata yıxmaq kimi bir refleks var.

Camaat lideri “17 dekabr”-dan sonra baş verənlərə münasibət bildirib.

“Dostlarımızın demək olar ki, hamısı vəfalı çıxdı. Hətta bu qədər təzyiqlərə rəğmən dostlarımız arasında sarsıntı demək olar heç yaşanmadı. Amma könül hər kəsin belə davranmasını istəyir. Bəzən bu gözlənti tam reallaşmır. Yaşı ötmüş, gün görmüş bəzi dostlarımızın haqpərəstlik adı ilə ortaya çıxıb bir şeylər deməsini gözləməyə haqqımız varmı, bilmirəm. Amma ən azından bunu demək istəyirəm: Yaxşı gün dostu olmağı bəzi insanlara yaraşdırmadım. Fəqir (özünü nəzərdə tutur-red) üçün canını verməyə hazır olduğunu deyən bir insan vardı. 12 martdan sonra həbsdən çıxdıq, Bozyaka Yurdunu yeni yaradırdıq, bunları tamamlayaq dedim: “Xocam Allah eşqinə məni qarışdırmayıb” demişdi. Belə çətin dövrlərdə yolundan sapmamaq lazımdır, hər kəs xarakteri qədər”-deyə F. Gülən bildirib.



Daha sonra F. Gülən 28 fevralda baş nazir Nəcməddin Ərbakana və hökumətə yönəltdiyi tənqidləri xatırladaraq çevrilişə dəstək verdiyi iddialarına münasibət bildirib. Onun sözlərinə görə, Rifah Partiyası seçkilərdə qalib gəldikdən sonra hamıya məlumdur ki, Türk Silahlı Qüvvələr (TSK) daxilində bir hərəkətlənmə başlanmışdı: “Qara buludlar başımızın üstünü almışdı, amma tufan hələlik qopmamışdı. Ankarada rəhmətlik Yavuz Gökmən və Fəhmi (Qoru) bəyi xatırlayıram. Fateh (Çəkirgə) bəy vardı. Bu fikirlərimi onlarla da bölüşmüşdüm. Çox haqsız və səviyyəsiz etirazlarla qarşılaşdım. Halbuki təhlükənin ayaq səslərini sezən başqa insanlar da vardı.

“Susurluq” skandalı ilə paralel meydana gələn ictimai etirazdan öz mənafeyi üçün istifadə edənlər çevriliş planını həyata keçirəndən sonra artıq iş-işdən keçmişdi. “Susurluq”la bağlı MİT-in hazırladığı sənədə axıra yaxın fəqirin (özünü nəzərdə tutur) də adı əlavə edilmişdi. Bunda kimin barmağı olduğunu daha sonra öyrənsəm də, möminlərə tənə vurmadım, içimə atdım. Sonra 28 Fevral hadisəsi baş verdi. Və o bildiyimiz bəyanatın ikinci maddəsinə görə, məktəblərin vahid tədris sistemi çərçivəsində dövlətə təhvil verilməsi tələb edilirdi. Gərginliyin son həddə çatdığı o dövrdə xalqımızın bu işdən minimum zərərlə qurtulması üçün yollar axtarırdım və bir çox insan kimi mən də növbədənkənar seçki fikrini dilə gətirdim. Yeni seçki qanunu ilə növbədənkənar seçki aparılmasını təklif etdim. Bunu deyən təkcə mən deyildim.

Başda Qorqud Özal olmaqla bir çox tanınmış sima da eyni fikri səsləndirdilər. Hətta hökuməti dəstəkləyənlər arasında da bu cür düşünən və qəzetlərin manşetində eyni fikirləri səsləndirənlər olmuşdu. Arxivlərə baxsanız, kimin nə dediyini, nə yazdığını görəcəksiniz.

Bir məsələ də vardı. O dövrün çevriliş qoxuyan abu-havasında Əmək və Əhalinin Sosial Müdafiə Naziri rəhmətlik Nəcati Çəlik bəyə bu haqda fikirlərimi söylədim. Şahidim də var. Ələddin Qaya bəy və Məlih Nural bəy həmin görüşdə mənimlə birlikdə idi. “Hökuməti yıxmağı planlayırlar...” dedim. Antidemokratik bir hadisənin meydana gəlməməsi üçün çırpınırdım. Nəcati bəy böyük həyəcanla sözlərimi dinlədi, durub getdi. Rəhmətlik Ərbakana məsələni çatdırmışdı. Ancaq hadisənin qarşısını almaq üçün tədbirlər görülmədi”.

Camaat lideri qeyd edib ki, o yaxınlaşan təhlükədən Tansu Çilləri də xəbərdar etməyə çalışıb: “Tansu xanımı da yaxınlaşan təhlükədən xəbərdar etməyə çalışdım, xoşagəlməz gedişatı çatdırdım. Tansu xanım “Təmkinli olaq” deyəndə üzülmüşdüm. Təfərrüata girmədim. Kimsəyə məramımı çatdıra bilmədiyimi gördüm və hal-hazırda qonşu bölgədə baş verən hadisələrə bənzər faciənin qarşısını almaq üçün sözümü deməyi zəruri bildim”.

F. Gülən bildirib ki, heç kimə “öhdəsindən gələ bilmədiniz” deməyə həddi çatmır.
“Hər kəsə, ələlxüsus da xalqın seçdiyi insanlara hörmət etməyə çalışdığımı hamı bilir. Onda Həzrət Əbu Bəkir və Ömər ibn Əbdüləziz kimi böyük şəxsiyyətləri nümunə göstərərək hakimiyyətdən getməyin qəbahət olmadığını izah etməyə çalışdım. Əgər xalqa dönüş daha böyük təhlükələri sovuşduracaqsa, – bu, 27 May üçün də, 12 Sentyabr üçün də keçərlidir – o yolu seçmək lazımdır. Belə ki, 27 Aprel Memorandumundan sonra AKP hökuməti bir həftə içində növbədənkənar seçkilərin aparılmasına dair qərar qəbul edərək belə bir təhlükəni sovuşdurmuşdu. İqtidar 28 Fevraldakı kimi hökuməti yıxmaq istəyənlərin planlarını xalqa üz tutaraq, seçki qərarı verərək alt-üst etmişdi. Mən də eyni şeyi demişdim: “Seçki qanununu dəyişdirərək növbədənkənar seçki keçirin”.

Bunu qeyd etməkdə fayda görürəm. O dövrdə “Susurluq” sənədinə və “28 Fevral” bəyanatına yaxşı baxsalar, xuntanın əsas hədəflərindən birinin də bu Hərəkat olduğunu görəcəklər. Daha sonra başımıza gələnlər hazırlanan planların həyata keçirilməsindən ibarət idi. Bunun əksinə bir şey iddia etmək nə insafa sığar, nə də həqiqətə uyğun olar”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm